[b]“Adamın gözü həmişə ilk “üçlük”də olur” - Gülnar Məmmədova[/b]
09.09.2016 - 10:02
[b]“Adamın gözü həmişə ilk “üçlük”də olur” - Gülnar Məmmədova[/b]

Bakıda keçirilən 42-ci Şahmat Olimpiadasının VI turunda qadınlardan ibarət əsas millimiz güclü Gürcüstan yığması ilə xalları yarı bölüb - 2:2. Qələbəyə bərabər heç-heçənin qazanılmasında üçüncü lövhədə yarışan Gülnar Məmmədovanın böyük olub. Nino Batsiaşvilini məğlub edən xanım şahmatçımız görüşdən sonra Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz arxada qalan oyunları şəhr edub, medal qazanmaq şanslarını dəyərləndirib.

 

- Olimpiadanın VI turunda Nino Batsiaşvilini məğlub etdiniz. Daha əvvəl bu şahmatçı ilə qarşılaşmışdınız?

- Daha əvvəl 5 dəfə qarşılaşmışdıq. Bu, 6-cı görüşümüz idi. 5 görüşdən 3-də mən, 1-də rəqib qələbə qazanıb. Yenidən Batsiaşvilidən üstün oldum. Qələbə qazandığım üçün çox şadam. Lakin yenə də rəqibin çox güclü şahmatçı olduğunu deməliyəm.

 

- Aranızdakı oyunların ümumi nəticəsini nəzərə alsaq, görüşdən öncə psixoloji üstünlüyün sizin tərəfinizdə olduğunu söyləmək mümkündü?

- Belə demək olar. Həm də rəqibim buna qədər olimpiadada keçirdiyi 5 görüşün hamısında qələbə qazanmışdı. Düşünürdüm ki, 6-cı görüşündə uduzacaq. Bu məqam mənə inam verirdi.

 

- Rəqib sizdən reytinqdə 170 xal öndə idi. Bunu nəzərə alaraq, hücum taktikası seçmişdiniz?

- Debüt bərabər alındı. Ancaq sonradan oyunun gedişatı qarışdı. Ardınca üstünlük əldə etdim. Həm də rəqibin vaxtının azlığından faydalandım.

 

- Neçənci gedişdən sonra qələbə qazanacağınıza əmin oldunuz?

- 50-55-ci gedişdə. Daha əvvəl qələbə qazanacağım hiss olunmurdu. Sona yaxın istəyimə çatdım.

 

- Birinci lövhədə mübarizə aparan komanda yoldaşınız Zeynəb Məmmədyarova uduzana qədər yəqin ki, daha çox heç-heçə barədə düşünürdünüz...

- Əvvəldən məqsədim qələbə qazanmaq idi. Lakin heç-heçə ilə də razılaşmaq olardı. Rəqib çox güclü olduğundan bərabərlik qənaətbəxş nəticə hesab ediləcəkdi. Ancaq Zeynəb uduzduqdan sonra anlayırdım ki, mütləq qələbə qazanmalıyam.

 

- Geridə qalan müddətdə olimpiadadakı çıxışınızı necə dəyərləndirə bilərsiniz?

- 5 oyundan sonra 4 xalım var. 3 görüşdə qələbə qazanmışam, 2 dəfə heç-heçə etmişəm. Çıxışımdan çox razıyam.

 

- 6 turdan sonra 6-cı pillədə qərarlaşmısız. Millimiz liderlərdən cəmi 1 xal geri qalır ki, bu nəticə çoxları üçün xoş sürprizdi. Artıq medal barədə düşünmək olar?

- Biz əvvəldən ilk “10-luğ”a düşmək üçün oynayırdıq. Amma yenə də hər bir idmançı bütün görüşlərdə qələbə qazanmaq istəyir. Adamın gözü həmişə ilk “üçlük”də olur. Məncə qarşıdakı 2-3 turda da yaxşı oynasaq, medal qazanmağımız mümkündü. Yavaş-yavaş medallar haqda düşünmək olar.

 

- Çempionluq mübarizəsində favoritlər kimlərdir?

- Ukrayna, Rusiya və Çin milliləri. 

 

0