[b]Yığmamızın kapitanı ümidləri doğrultmadıqları üçün üzr istədi - MÜSAHİBƏ[/b]
14.09.2016 - 12:04
[b]Yığmamızın kapitanı ümidləri doğrultmadıqları üçün üzr istədi - MÜSAHİBƏ[/b]

42-ci Ümumdünya Şahmat Olimpiadasının son günündə kişilərdən ibarət əsas milli komandamızın kapitanı Aleksey Dreyevin iştirakı ilə mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, dünya çempionu öncə yığmamızın mötəbər yarışdakı çıxışını dəyərləndirib.

 

- Turnirdən öncə daha böyük nəticələrə ümid edirdik. Təəssüf ki, istəyimiz alınmadı. Halbuki optimal formadaydıq. Psixoloji cəhətdən də mübarizəyə, təzyiqə hazır idik. Evdə oynamaq hər zaman çətindir, məsuliyyət tələb edir. Olimpiadaya pis başlamamışdıq. Hesab edirəm ki, bizim üçün həlledici an Rusiyaya uduzmağımız oldu. Həmin qarşılaşmada məğlub olmaq nəinki qızıl, hətta medal qazanmaq şansımızı itirdik. Bundan sonra hansısa uğurlu nəticə qazanmaq çətin idi.

 

- Rusiyaya məğlubiyyətin səbəbini nədə görürsünüz?

- Rusiya güclü komandadı. Biz həmin gün rəqibdən zəif görünürdük. Oyun istədiyimiz kimi alınmadı. Hərçənd Şəhriyar Məmmədyarov qələbə qazana bilərdi. Lakin bu qələbə ümumi nəticədə heç nəyi dəyişməyəcəkdi. Hindistanla görüşə qədər komandadan ciddi narazılığım yox idi. Uğursuzluğa görə kimisə günahlandırmaq istəmirəm. Oyunçuların hamısı əlindən gələni edirdi.

 

- Arkadi Naydiç ardıcıl 2 görüşdə məğlub olsa da, ona yenidən şans verdiniz...

- Anlayıram. Şahmatda ehtiyat oyunçular skamyası uzun olmur. Cəmi 1 ehtiyat qüvvə olur. Hər zaman çalışıram ki, məğlubiyyətdən sonra şahmatçıya istirahət verim. Ona güvənirdim. Düzdü, son turda qələbə qazandı. Amma böyük ölçüdə bu qələbənin ciddi mənası yoxdu. Heyətdə hamının oyununun alındığını söyləmək çətindi. Uğursuzluğun subyektiv səbəbləri də var. Razıyam ki, Naydiç hamıdan pis oynadı. Bu, faktdı. Amma uğursuzluğa görə bir nəfəri günahlandırmaq düzgün deyil. 

 

- Komandamız ilk məğlubiyyəti istirahət günündən öncə Hindistan yığmasından aldı. Növbəti turda isə gözlənilmədən Yunanıstanla heç-heçə etdi. İstirahət günündə komanda gücünü bərpa edə bilmədi, yoxsa rəqib qiymətləndirilmədi?

- Rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz. Çünki Yunanıstan yaxşı komandadı. Naydiç həmin matçda uduzsa da, komandanı məğlubiyyətdən Eltac xilas etdi. Səfərli 2 dəfə ən sonda komandanın yekun nəticəsini müəyyənləşdirib. 1 dəfə heç-heçə oynamışıq, 1 dəfə isə qələbə qazanmışıq. Lakin dünən o uduzdu və yekunda İngiltərə ilə görüşdə məğlub olduq. Problemin şahmatçıların lövhələr üzrə düzülüşündən qaynaqlandığını deməzdim.

 

- Teymur Rəcəbov ideal formadan uzaq idi. Onun uğurlu çıxış edə bilməməsi komandamızın ümumi nəticəsinə nə dərəcədə təsir göstərdi?

- Şahmatçıları ayrı-ayrılıqda qiymətləndirmək istəməzdim. Günahı kiminsə üstünə atmaq fikrində deyiləm. Teymura ümidlərim böyük idi. Yarışa yaxşı hazırlaşsa da, oyun praktikasının azlığı özünü göstərdi. Motivasiya baxımından da onun vəziyyəti yaxşı idi. 

 

- İlk turda aparıcı komandalar liderlərinə istirahət verdiyi halda, Şəhriyar Məmmədyarov 10 tur ərzində mübarizə apardı. Sona yaxın onda yorğunluq hiss olunurdu. Hətta Sergey Karyakinlə görüşdə qələbə qazana bilməməsini də yorğunluqla əlaqələndirmək olar.

- Razıyam, yorğunluq hiss olunurdu. Şəhriyar Karyakinə qalib gələ bilərdi. Onun 10 tur fasiləsiz mübarizə aparmasında qeyri-adi heç nə yoxdu. Əvvəldən planımız belə idi ki, Şəhriyar və Teymur fasiləsiz çıxış edəcəklər. Müəyyən çətinliklərimiz oldu. Amma Şəhriyarın gücü sona kimi kifayət etdi, əla oynadı. Hətta olimpiadada reytinqini artırdı.

 

- Uğur qazanmağınız üçün komandaya hər cür şərait yaradılmışdı. Bu halda məqsədə çatmaq üçün nə çatışmadı?

- Həqiqətən də federasiya rəhbərliyi şahmatçıların hazırlığı üçün hər cür şərait yaratmışdı. Təlim-məşq toplanışlarının yüksək səviyyəli təşkilinə maksimum güc qoyulmuşdu. Bunun nəticəsidi ki, qızlardan ibarət əsas yığma möhtəşəm oynadı. Bir çox sürprizlərə imza atdı. Onlar özlərini yaxşı tərəfdən göstərdilər.

Bizim uğursuzluğumuza gəlincə, lazımi nəticəni qazanmaq üçün maksimum stabillik lazımdı. Komanda yarışlarında əsas məqsəd uduzmamaqdı.

 

- Növbəti olimpiadada eyni səhvlərin təkrarlanmaması üçün nəyi yaxşılaşdırmaq lazımdı?

- Növbəti olimpiadanın hazırlığına bu yarışın bağlanış mərasimindən dərhal sonra başlamaq lazımdı. Əlimizdən gələni etməliyik ki, növbəti dəfə daha yaxşı nəticələr qazanaq.

 

- Azərbaycan yığmasındakı fəaliyyətinizi davam etdirəcəksiniz?

- Müqavilənin müddəti olimpiadadan sonra bitir. Adətən belə nəticədən sonra yeni müqavilə təklif etmirlər (gülür). Təklif olacağı halda bu suala cavab vermək mümkündü.

 

- İkinci komandamızda yer alan Qədir Hüseynov olimpiadada inamlı çıxışla yadda qaldı. Onu gələcəkdə əsas yığmada görə bilərik?

- Bu sual gələcəkdə yığmada işləyəcək məşqçiyə aiddi. Fikrimcə, Qədir əla şahmatçıdı. Onunla dəfələrlə oynamışam. Bütün görüşlərimiz heç-heçə bitib.

 

- Sonda ürək sözlərinizi eşitmək istərdik.

- Olimpiadanın gedişində çox adam bizə dəstək oldu. Ölkə rəhbərliyi şahmatçılara böyük diqqət və qayğı ilə yanaşır. Gənclər və İdman nazirliyi, Şahmat Federasiyası idmançıların uğur qazanması üçün hər xırda detala xüsusi fikir verirdi. Komanda adından hər kəsə minnətdaram. Azarkeşlərin ümidlərini doğrultmadığımız üçün üzr istəməliyəm. Amma inanın ki, komandada yer alan hər kəs əlindən gələni etdi. 

0