[b]Mahir Məmmədov: Fiziki hazırlıqda müəyyən problemlər aşkar olundu[/b]
21.09.2016 - 18:52
[b]Mahir Məmmədov: Fiziki hazırlıqda müəyyən problemlər aşkar olundu[/b]

“Şahmat Olimpiadasının yekunundan sonra bizə verilən qiymət daha da əziz olur. Çünki yarış keçirilən günlərdə Bakıdan verilən qiymətlə, Olimpiada qurtardıqdan sonra verilən qiymət arasında böyük fərqlər var. Hazırda da dünyanın müxtəlif yerlərindən qrossmeysterlər yarışla bağlı xoş sözlər deməkdə davam edirlər”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov deyib.

 

2016-cı il Azərbaycanda daha bir yarışın keçirilməsi ilə yadda qaldı. Bu dəfə ölkəmiz ilk dəfə Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etdi. Yarışın yekunları barədə danışan Mahir Məmmədov bildirib ki, təşkilatçılıqla bağlı dünyanın hər bir yerindən müsbət rəylər alırlar.

 

Onun sözlərinə görə, 51 yaşlı ingiltərəli qrossmeyster Naycel Şort həmişə Azərbaycandan narazı olsa da, bu dəfə ölkəsinə razı dönüb: “2012-ci ildə Şahmat Olimpiadasının Azərbaycanda keçirilmə hüququnu qazananda, Şort da bizə qarşı çıxan erməni şahmatçıları ilə birgə idi. Ancaq Olimpiada dövründə və sonra da ondan hər hansı bir söz eşitmədik. Əksinə, indikatorlardan biri olan qrossmeyster təşkilatçılığı tərifləyirdi. Bir sözlə, çox yerdən müsbət rəylər gəlir. Bu da bizi sevindirməyə bilməz”.

 

Eyni zamanda Şahmat Federasiyasının vitse-prezidenti olan M. Məmmədov qatıldığı Olimpiadalarla Bakıda keçirilən analoji yarışı müqayisə edib və bu yarışın əvvəlkilərdən nə ilə fərqləndiyinə aydınlıq gətirib. O, Olimpiadaya ev sahibliyi etməyin Azərbaycana verdiyi faydasından da danışıb: “Məndə olan statistik məlumata görə indiyədək Azərbaycanda keçirilən idman və digər yarışlarda ən böyük təmsilçilik 105 ölkəni əhatə edib. Biz FİDE Assambleyasını və Konqresini nəzərə almaqla, 184 ölkəni əhatə etdik. Faktiki olaraq, bütün dünya Azərbaycanda idi. Özü də 1-2 nəfər timsalında deyil, tam tərkibdə. Təbii ki, hamı ölkəmizdən razı getdi və bu, gələcəkdə Azərbaycana öz töhfəsini verməyə bilməz”.

 

Əksəriyyət kişilərdən ibarət əsas komandamızdan medal gözləyirdi. Lakin orta reytinqinə görə 181 komanda arasında 4-cü olan millimiz nəinki mükafatçılar sırasında düşdü, heç “onluq”da da yer almadı. M. Məmmədov bildirib ki, yığmamızın belə gözlənilməz çıxışında V turda Hindistana məğlubiyyət əsas rol oynayıb: “Bu turdan sonra istirahət idi. İstəyirdik ki, günü uğurla başa vuraq və istirahətə yaxşı əhval ruhiyyədə gedək. Əfsuslar olsun ki, bu alınmadı. Sonradan bu məğlubiyyətin komandaya çox böyük psixoloji təsir göstərdiyi də məlum oldu. Ümumiyyətlə, son zamanlar Hindistanla oyunumuz alınmır. Məğlubiyyətdən sonra Arkadi Naydiç “bir quyuya düşdü” və ordan yalnız Olimpiadanın sonunda çıxa bildi. Teymur Rəcəbov orta səviyyədə oynadı. Eltac Səfərli və Rauf Məmmədov bütün yarış boyu özlərinin ən yaxşı oyunlarını nümayiş etdirirdilər. Ancaq bu kifayət qədər deyildi. Fiziki hazırlıqda müəyyən problemlər aşkar olundu. Belə məlum oldu ki, bu komponentə biz az fikir vermişik”.

 

Qadınlardan ibarət əsas yığmamız kişilərlə müqayisədə daha uğurla çıxış edərək, 8-ci oldular. Vitse-prezidentin sözlərinə görə, xanım zəka sahiblərimiz Olimpiada öncəsi onlara verilən proqnozlardan yüksək çıxış edirlər: “Komandanın lideri var, Zeynəb Məmmədyarova. Onun reytinqi yüksək olmasa da, ruhuna görə liderdir və bütün komanda yoldaşları onu belə tanıyır. Doğrudan da, ən əsas matçlarda özünü göstərir. Birinci lövhədə çox gözəl çıxış etdi. Sevindiricidir ki, artıq gənc şahmatçılarımız da yetişib. Günay Məmmədzadə, Aydan Höccətova və Gülnar Məmmədova çox maraqlı şahmatçılara çevriliblər. İkinci komandada da əsas yığmaya gələ biləcək şahmatçılarımız var. Fikirləşirəm ki, Ülviyyə Fətəliyeva yaxın zamanlarda bunu bacaracaq. Buna görə də qadın yığmamızın gələcəyi ilə bağlı ümidlərimiz yüksəkdir. Fikrimizdə var ki, qadınlardan ibarət komanda yaradaq və onlar Avropa çempionatında, qitə yarışlarında birgə çıxış etməyə başlasınlar”.

 

Olimpiadanın Əməliyyat Komitəsinin direktoru ikinci və üçüncü komandalarımızın da çıxışını dəyərləndirib. O, kişilərdən ibarət əsas yığmamızın kapitanı Aleksey Dreyevin 1-2 görüşdə taktiki səhvlərə yol verdiyini də deyib.

 

0