[b]Dünya kubokunda növbəti gün - FOTOSESSİYA[/b]
21.09.2016 - 21:08
[b]Dünya kubokunda növbəti gün - FOTOSESSİYA[/b]

Sentyabrın 21-də Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində Dünya Kuboku uğrunda atıcılığın daha 3 növü üzrə yarışlar keçirilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışların dördüncü günü gənclər həm stend, həm də güllə atıcılığı yarışlarında bacarıqlarını nümayiş etdiriblər.

 

Oğlanlar arasında kiçik çaplı tüfəngdən 50 metr məsafəyə 3 mövqedə atəş açma, qızlar və oğlanlar arasında kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açma, eləcə də səngər stend atıcılığı üzrə yarışların qalibləri məlum olub. Səngər stend atıcılığı yarışlarında Azərbaycanı 7 idmançı təmsil edir. Aydan Camalov qızların yarışında 63 xalla 8-ci yeri tutub.Bu yarışda Çin idmançısı Cuncun Vanq birinci, Rusiya atıcısı Yuliya Tuqolukova ikinci, İtaliya təmsilçisi Maria Lucia Palmitessa üçüncü yeri tutub. Həmin yarışda Rusiya, Çin və Hindistan komandaları müvafiq olaraq I-III yerlərə çıxıblar.

 

Səngər stend üzrə oğlanların yarışında isə ölkəmizi Əlimirzə Quliyev, Mirmömin Ağazadə, Sabir Mehdizadə, Elmar Sadıqov, Ramil Əliyev, Vaqif Məmmədov təmsil edir. Bu yarışın qalibləri ayın 22-də məlum olacaq. Oğlanlar arasında kiçik çaplı tüfəngdən 50 metr məsafəyə 3 mövqedə atəş açma yarışlarında Norveç idmançısı Benjamin Tingsrud Karlsen birinci,  Çexiya atıcısı Filip Nepeşal ikinci, Rusiya təmsilçisi Timu Ahmedzanov üçüncü yeri tutub.

 

Oğlanlar arasında kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açma yarışında Hindistan atıcıları Anhad Javanda birinci və Gurmeet Gurmeet ikinci, Avstriya idmançısı Sergey Evqlevski üçüncü yeri tutub. Güclü idmançıların mübarizə apardığı bu yarışda Azərbaycan idmançısı Elvin Astanov 16-cı olub. Həmin yarışda ümumi hesabda Hindistan, Avstriya və Qətər komandaları müvafiq olaraq I-III yerləri tutublar. Qızlar arasında kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açma yarışında  Rusiya idmançısı Margarita Lomova birinci, Bolqarıstan atıcısı Miroslava Minçeca ikinci, Çexiya təmsilçisi Anna Dedova üçüncü yeri tutub. Bu yarışda Azərbaycan idmançısı Leyla Mirzəzadə 18-ci olub. Yarışda ümumi hesabda Hindistan və Tayland komandaları I-II yerləri tutublar.  

 

Yarışlardan sonra ilk 3 yeri tutan idmançıların və komandaların mükafatlandırılması mərasimi keçirilib.

 

Qeyd edək ki, olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku uğrunda yarışlarında 27 ölkədən 281 nəfər 21 yaşadək olan gənc qız və oğlan idmançı iştirak edir. Yarışlar sentyabrın 22-də başa çatacaq.

0