[b]“Neftçi”ni bu vəziyyətdən çıxaracam” deyən məşqçi gözünün içinə qədər yalan danışır”[/b]
22.09.2016 - 14:31
[b]“Neftçi”ni bu vəziyyətdən çıxaracam” deyən məşqçi gözünün içinə qədər yalan danışır”[/b]

Azərbaycan yığmasının sabiq müdafiəçisi, “Neftçi”nin keçmiş məşqçisi Kamal Quliyevin apasport.az saytına müsahibəsi

 

- “Neftçala”dakı fəaliyyətiniz başa çatandan sonra işsizsiniz. Təklif yoxdu?

- Hələlik yoxdu. İstirahət edirəm. Arada gedib çempionat oyunlarına baxıram.

 

- Topaz Premyer Liqasında cəmi 8 komanda qalıb. Cari mövsüm necə keçir?

- Çox aşağı səviyyədə. Getdikcə futbolumuzun səviyyəsi aşağı düşür. Götürək elə “Zirə”ni. Keçən il bundan güclü çıxış edirdilər, sonda gümüş medallara sahib oldular. Amma indi keçənilkindən aşağı səviyyədədirlər, eləcə də “Kəpəz” və “Sumqayıt”. Çempionat 2-3 komandanın mübarizəsi ilə keçir. “Qarabağ”, “Qəbələ”, bir də bu yay yaxşı heyət yığan “İnter”.

 

- Razısız ki, çempionluğa ən real namizəd yenə “Qarabağ”dı?

- Şübhəsiz. “Qəbələ” və ya “İnter”in “Qarabağ”ı büdrətməsi mümkün deyil.  

 

- “Neftçi” necə?

- Yox, qardaş. “Neftçi”, Allah qoysa, gələn il Çempionlar Liqasının (ÇL) qrupunda olacaq (gülür). “Neftçi”nin bu gün nəsə etməsi mümkünsüzdü. Bizim vaxtımızda klub Avroliqanın qrup mərhələsinə düşdü. Ondan sonrakı il isə hədəf ÇL-in qrupuna vəsiqə qazanmaq idi. Yeni rəhbərlik də komandanı götürəndə demişdi ki, bizim 3 illik siyasətimiz var. 3 ildən sonra Çempionlar Liqasının qrupuna düşəcəyik. Artıq 2 il keçib. “Neftçi”nin qrupa düşməsi qalsın bir kənara, baxın çempionatda autsayderdi. Belə getsə, Azərbaycan çempionatında qalmaq uğrunda mübarizə aparacaq.

 

- “Neftçi” kimi tarixi klub birdən-birə niyə bu vəziyyətə düşdü?

- Mən klubun daxilini bilmirəm. Kənardan izləyib görürəm ki, Müşahidə Şurasının üzvləri bütün günahı baş məşqçinin üstünə atır. Hər klubda idarəçilik sistemi var. Başa düşürəm, gənc mütəxəssislərə inanmaq lazımdı. Amma gənclərin yanında bu sistemi bilən, futboldan başı çıxan insan olmalıdı. Müşahidə Şurasının sədri Çingiz Abdullayevə heç bir iradım yoxdu. Çünki o, futbol adamı deyil. Söhbət onun ətrafına yığılan adamlardan, Müşahidə Şurasından gedir. Onlar klubun başına oyun açdılar. Heç olmasa, bundan sonra səhv qərarlar verməsinlər. Mən deyərdim ki, “Neftçi” sırf idarəçilik sisteminin qurbanı oldu. Müşahidə Şurasının çıxıb “nəticələrə görə biz birbaşa cavabdeh deyilik” deməsi yaxalarını kənara çəkmələrindən başqa bir şey deyil. Sən bu Şuranın üzvüsənsə, komandanın uğurlu və uğursuz nəticələrində cavabdeh şəxslərdən birisən. Əksini ona-buna deyib, kiminsə başını aldada bilərlər. Ancaq bizi elə sözlərlə sakitləşdirə bilməzlər. Necə oldu, 3-4 ay əvvəl müsahibə verəndə deyirdilər ki, bizdə hər şeyə Müşahidə Şurası baxır, qərarı bir yerdə veririk, sonra fikirlərini dəyişdilər? Heç olmasa, əvvəlki müsahibəni yadınıza salın, üst-üstə düşsün də. “Neftçi” kimi Azərbaycan futbolunun tarixi olan komandanı belə vəziyyətə gətirmək günahdı. “Neftçi”ni bizdən alan əllər komandanı Çempionlar Liqasının qrup mərhələsinə daşımalı, yeni era açmalı, tarix yazmalı idilər. Bu tarixi yox ki...

 

- “Qəbələ”yə 0:8 hesablı biabırçı məğlubiyyətin kökündə nə dayanır? Bu yenilgini “torba əməliyyatı” ilə bağlayanlar da var...

- “Torba əməliyyatı” deyildi. Bu, “Neftçi”nin hazırkı durumunun, klub idarəçiliyinin, orda gedən proseslərin bariz nümunəsi idi. “Qəbələ” həmin oyunda 8:0 yox, 12:0, 15:0 da qalib gələ bilərdi. Hələ nə qədər qol şansını qaçırdılar.

 

- Axı klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevdi...

- Çingiz Abdullayev kimi insanların futbolumuzda olması bizim üçün müsbət haldı. Klubun maliyyə tərəfini fikirləşmək lazımdı. Bu cür insanlar maliyyə baxımından klublara dayaqdılar. Çingiz Abdullayev öz nüfuzundan istifadə edib, müəyyən şəxslərə müraciət edərək, komandanı maliyyə çətinliyindən çıxara biləcək gücdə olan insandı. Mən Çingiz müəllimin işini, o da mənim işimi bilə bilməz. Azarkeş, futbol həvəskarı ola bilər. Amma futbolda elə incəliklər, detallar var ki, onu bilə bilməz. Özü də müsahibələrində deyir ki, məni aldada bilərlər, çünki futbolu dərindən bilmirəm.

 

- “Neftçi”nin maddi vəziyyətinə toxundunuz. Axı bu klubun maddi problemi yoxdu...

- Niyə yoxdu ki? Maddi baxımından da problem var. “Neftçi”nin maddi durumu “Qarabağ”, “Qəbələ”, heç “Zirə” ilə eyni səviyyədə deyil.

 

- Maliyə problemi olan klubda bu qədər legioner hardandı? Üstəlik, deyilənlərə görə Vançe Şikov “Neftçi”yə təxminən 350 min dollar qarşılığında gəlib...

- Bədbəxtliyimiz ondadı ki, elə müdafiəçiyə 350 min dollar verilib. Bizdə müdafiəçi nə qədər istəsən, var. Ondansa hücumçu gətirmək lazımdı. Bu da düzgün olmayan idarəçiliyi göstərir. Şikov kimi futbolçuya 350 min vermək cinayətdi. Onun hazırda göstərdiyi oyun isə ikiqat cinayətdi. O pula qat-qat yaxşı oyunçu gətirmək olar. Şikov həmin məbləğə dəyməz. Onun dəyəri heç 100 min də deyil. Qiymətini şişirdiblər. İmkan varsa, “Neftçi” müqaviləni pozub, Şikovu yola salmalıdı.

 

- Sabiq “Neftçi”li kimi klubun hazırkı durumdan çıxış yolunu nədə görürsüz?

- Bu gün “Neftçi”də əsəblər gərgindi. Futbolçularla dil tapmaq, onları bu psixoloji durumdan çıxarmaq lazımdı. Komandada qələbə ruhu qalmayıb.

 

- Yeni baş məşqçi Elxan Abdullayev futbolçulara qələbə ruhunu aşılaya biləcəkmi?

- Mənim heç kimlə düşmənliyim yoxdu. Təkcə onu bilirəm ki, “Neftçi”yə gedən məşqçi üzərinə böyük məsuliyyət götürüb. “Neftçi”ni 2 aya, 3 aya bu vəziyyətdən çıxaracam” deyən məşqçi gözünün içinə qədər yalan danışır. Onu deyən məşqçi sadəcə işin, pulun xətrinə ora gedir. “Neftçi”də iş həddindən artıq çoxdu. Amma futbolçularla münasibət bir çox şeyi yaxşılığa doğru dəyişə bilər. Bunun üçün də işləmək lazımdı.

 

Tengiz MƏMMƏDOV

0