[b]“I divizionda rəqabət Premyer Liqadan güclüdü” - Əsgər Abdullayev[/b]
23.09.2016 - 15:15
[b]“I divizionda rəqabət Premyer Liqadan güclüdü” - Əsgər Abdullayev[/b]

“Dağ dağa rast gəlməz, insan insana rast gələr”, - deyib atalarımız. Əsgər Abdullayevlə hər cür ekzotik yerdə görüşümüz olub, amma beləsi, özü də yazılmamış ssenari üzrə ilk dəfə idi.

 

Həmkarlarımla birgə 2 günlük Qəbələ səfərindən qayıdarkən, Şamaxıda çay içməyi qərara aldıq. Elə maşından düşürdük ki, arxadan gördüyümüz bir insanın yerişi bizlərə tanış gəldi. Yox, onun “poxodkası”nı səhv salmaq olmazdı. Əsgər Abdullayev idi. “Turan Tovuz”un baş məşqçisi “Zaqatala” ilə səfər qarşılaşmasından sonra 3 yetirməsi ilə birlikdə Bakıya qayıdırdı. Qaranlıq olduğundan Abdullayevi maşında gözləyən yetirmələrindən ancaq Aqil Nəbiyevin sifət cizgilərini seçə bildik. Sükanın arxasındakı yoldaş isə artıq çayxanadan çıxmaq üzrə olduqlarını işarə edərək, siqnaldan əl çəkmirdi. Buna baxmayaraq, Şamaxı düzənliyində təcrübəli mütəxəssislə apasport.az və futbolinfo.az saytının əməkdaşları olaraq, söhbətləşmək imkanını qaçırmadıq.

 

- Əsgər müəllim, siz hara, bura hara?

- (Gülür)... İndi mən də sizdən eyni şeyi soruşum? “Zaqatala” ilə oyundan qayıdırıq. 1:0 hesabı ilə qalib gələ bildik. Etiraf edim ki, olduqca çətin oyun idi. Yamanca yorulmuşam.

 

- Şamaxı düzənliyində jurnalistləri görmək sizi təəccübləndirmədi?

- Desəm ki, təəccübləndirmədi, düz olmaz. Amma bir neçəsini bir yerdə görməyə də təəccübləndim.

 

- Komandanızın qarşısına hansısa ciddi hədəf qoyulubmu?

- Birinci divizionda bir neçə komanda birinci pilləyə layiqdi. Oyunların gedişi və turnir cədvəli də onu göstərir. Hazırda 4 klubun aktivində 6 xal var. Biz də bu gün Zaqatala səfərində istədiyimiz 3 xalı qazandıq. Çox vacib oyun idi. Belə görüşdə qalibiyyət çox önəmlidi.

 

- İlk 3 turda 9 xalla turnir cədvəlinə başçılıq edirsiniz. Bəs çatışmazlıqlar nələrdi? Elə bir şey varmı ki, etmək istəyirsiniz, amma edə bilmirsiniz?

- Əslində, yeni yığılmış komandadı. Təlim-məşq toplanışı zamanı çox az sayda oyun keçirdik. Bu da öz təsirini göstərməyə bilməz. Amma mən komandamın gələcəyinə inanıram və birinci pilləyə əsas namizədlərdən olduğumuzu düşünürəm.

 

- Komandanız mövsümə uğurlu start götürüb. İndidən Topaz Premyer Liqasında çıxış barədə düşünmürsünüz?

- Bunu çox istəyirik. Hədəfimiz də birinci yeri tutmaqdı. Çempionluq uğrunda mübarizə aparırıq. Ancaq bu yerə başqa iddialılar da var. İstəyirik ki, I divizionu ilk pillədə başa vurub, “Turan”ı güclülər dəstəsinə qaytaraq. Bu komanda uzun illər yüksək liqada çıxış edib, Azərbaycan futboluna kifayət qədər futbolçu bəxş edib. İndi də baxıram, istedadlı gənclər çoxdu. 1999-2000-ci il təvəddüdlü gəncləri də komandaya cəlb etmişik. Bizimlə bir yerdə məşq edirlər.

 

- Razısınız ki, bu mövsüm I divizionda rəqabət Topaz Premyer Liqasından güclüdü?

- Oyun baxımından bunu deməyə çətinlik çəkirəm. Amma razıyam ki, I divizionda rəqabət Premyer Liqadan güclüdü. Burda 1-2 yox, ən azı 5-6 komanda liderlik uğrunda mübarizə aparır.

 

- Sonuncu dəfə nə vaxt belə zəif Azərbaycan çempionatı görmüşdünüz?

- Zəif deyəndə, çempionatda güclü komandalar da var. Bunu öz çıxışları ilə sübut edirlər. Amma fikrimcə, azı 12 komanda olarsa, daha yaxşı çempionat alınar.

 

- “Səbail” klubunun Müşahidə Şurasının sədri vəzifəsinə Rövnəq Abdullayevin oğlu gətirildi. Sizcə, bu amil həmin komandanın oyunları zamanı hakimlərin qərarlarına təsir etməyəcək?

- Vallah, keçirdiyimiz ilk 3 oyunda hakimlərdə irad tutulası bir səhv görmədim. Nə var, onu da verirlər. Bu təyinat da məni təəccübləndirmir. Adi haldı. Allah onun canını sağ eləsin, işində uğurlar arzulayıram. Bundan sonra da hakim qərəzi ilə üzləşəcəyimizə inanmıram. Kim güclüdüsə, o da qalib gəlsin.

 

Ruslan SADIQOV

0