[b]Qəbələdə ilk[/b]
24.09.2016 - 00:00
[b]Qəbələdə ilk[/b]

Qəbələdə olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda 27 ölkədən 281 nəfər 21 yaşadək olan gənc qız və oğlan idmançı mübarizə aparıb.

 

Atıcılar 34 dəst medalın sahibini müəyyənləşdirib. Bum qəsəbəsində baş tutan yarışda fərdi növlərdə 18, komanda hesabında 16 dəst mükafatçı bəlli olub. 18 ölkə təmsilçiləri medalçılar sırasına düşüb. 12 qızıl, 9 gümüş və 4 bürünc qazanan Rusiya yığması mükafat sayında 1-ci olub. Hindistan millisi 9 qızıl, 5 gümüş və 10 bürüncə yiyələnibsə, 3-cü olan Norveç 4 qızıl və 1 bürünclə kifayətlənib.

 

Qəbələdə dünya atıcılıq idmanı tarixində bir ilkə imza atılıb. Dünya Kubokunun iştirakçıları arasında ilk dəfə olaraq atıcılığın qarışıq növləri üzrə komandalar arasında birincilik təşkil edilib. Belə ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının və iştirakçı ölkələrin atıcılıq federasiyalarının rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən sınaq xarakterli yarışda tüfəng və tapançadan 10, 25 və 50 metr məsafəyə müxtəlif mövqelərdə atəş açma yarışında bir oğlan və bir qız birgə olaraq komanda şəkilində eyni vaxtda yarışıblar.

 

Xatırladaq ki, sentyabrın 18-22-də Qəbələdə keçirilən yarış Gənclərin Dünya Kubokunun ikinci mərhələsidir. Yarışın ilk mərhələsi ilin əvvəlində Almaniyanın Zul şəhərində təşkil olunub. Azərbaycan millisi Qələbədə baş tutan turnirə 11 stend, 14 güllə atıcısı ilə qatılıb.

0