[b]Bolqarıstan və Xorvatiya yığmaları Azərbaycana gələ bilər[/b]
24.09.2016 - 10:35
[b]Bolqarıstan və Xorvatiya yığmaları Azərbaycana gələ bilər[/b]

2017-ci ildə Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçiriləcək qadınlar arasında voleybol üzrə Avropa çempionatının daha iki iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələyə çıxmaq üçün qrupda mübarizə aparan komandalar arasında ilk vəsiqələri Bolqarıstan və Xorvatiya milliləri qazanıb.

 

E qrupunda İsveçrə, Rumıniya və Monteneqro ilə birlikdə mübarizə aparan balkanlılar sonuncu görüşdə “saatlar ölkəsi”ni məğlub edərək hədəfə çatıblar. 3:2 hesablı qələbəyə sevinən Bolqarıstan yığması bununla da xalını 14-ə çatdırıb və ən yaxın izləyicisi Rumıniyanı 5 xal qabaqlayıb.

 

Qrupun son görüşünün bu iki komanda arasında baş tutacağını nəzərə alsaq, yekunda nəticədən asılı olmayaraq cədvəlin dəyişməyəcəyini düşünmək olar.

 

Xorvatiya da son oyunda qazandığı qələbə sayəsində vəsiqəni rəsmiləşdirib. Slovakiyaya set vermədən qalib gələn xorvatlar 4 oyundan sonra 12 xal toplayaraq maksimum nəticə ilə qrupda ilk pillədə yer alıblar. Onlar hətta İsrail və Portuqaliya ilə oyunlarda məğlub olsalar da, mövqelərini dəyişməyəcəklər. 

 

Avropa çempionatının həlledici mərhələsinə 6 seçmə qrupun qalibləri və ikinci yerlər arasında keçiriləcək 3 pley-off matçında qələbə qazananlar yüksələcək.

 

Qeyd edək ki, qitə birincilyi oyunları Azərbaycanda Bakı və Quba, Gürcüstanda isə Tiflis şəhərində keçiriləcək.

0