[b]"Bu cür nəticələrə imza atan rəqibləri üstələmək asan iş deyil" - MÜSAHİBƏ[/b]
24.09.2016 - 18:22
[b]"Bu cür nəticələrə imza atan rəqibləri üstələmək asan iş deyil" - MÜSAHİBƏ[/b]

Kolumbiyada təşkil olunan dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində Tailand üzərində qazanılan (12:7) qələbədən sonra Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Tailandla matçın bu qədər gərgin keçəcəyini gözləyirdinizmi?

- Oyun haqda danışmazdan əvvəl futzalçılarımıza təşəkkür edirəm. Bu gün dünya çempionatında mübarizəni davam etdirən 8 komandadan biri Azərbaycandı. İlk dəfə ən mötəbər yarışa qatılan millimizin çıxışına yarışın təşkilatçısı FİFA da biganə qalmayıb. Tailandla oyunu dünyanın ali futbol qurumu “qol festivalı” adlandırıb. Çempionatda belə hesab qeydə alınmamışdı. Oyunun axarı 4 dəfə dəyişdi. Millimiz favorit hesab edilsə də, Tailand da layiqli rəqibdi, gözəl təsir bağışladı. Qarşılaşmanın əlavə vaxtında ustalıq səviyyəsi sözünü dedi. Bu oyun haqda çox danışmaq olar, amma bizi qarşıda daha çətin matç gözləyir. Artıq Tailandla qarşılaşmanı unutmuşuq. Portuqaliya ilə vacib duelə hazırlaşırıq.

 

- Portuqaliya bu cür böyük yarışlarda favorit komandalardan hesab edilir. Onlarla oyun haqda nə düşünürsüz?

- Rəqibimizi yaxşı tanıyıram. Son 4-5 ildə onlarla bir neçə vacib oyunumuz olub. Heyətlərində ulduz futzalçılar var. Biz isə oyuna Fineo, Rövşən Hüseynli və Vassouranın yoxluğu ilə çıxacağıq. Bu günə qədər az şans verilən futzalçılara özlərini göstərmək imkanı veriləcək. Komanda ilə iclas keçirmişik. Gücümüz imkan verdiyi qədər mübarizə aparmalıyıq, aparacağıq da. Portuqaliyanın böyük ambisiyası var. Braziliya, İtaliya kimi favorit komandaların yoxluğundan faydalanmaq, uğur qazanmaq istəyirlər. Üstəlik, bu oyuna hazırlaşmaq üçün onların vaxtı bizdən çox olub. Heyətlərində zədəli, cəzalı futzalçı yoxdu.

 

- Hər dəf edilən mərhələ özünəinamı artırmaqla yanaşı, iddianı da böyüdür.

- Həmin futzalçılar üçün böyük imkan yaranıb. Açığı, onlar məşqdə nümayiş etdirdikləri oyunu, istəyi, əzmkarlığı Portuqaliya ilə matçda göstərməyi bacarsalar, yarımfinala adlaya bilərik.

 

- İstər sosial şəbəkələr vasitəsilə, istərsə də reaksiyalardan görünür ki, millinin oyununa gecə saatlarında başlamasına rəğmən maraq böyükdü. Bu baxımdan, oyunçular məsuliyyətlərini dərk edirlərmi?

- Komandamız 9 gün ərzində 4 vacib oyun keçirib. İntensiv şəkildə təşkil edilən yarışın ölkəmizdən çox uzaqlarda təşkil edilməsi də işimizə çətinlik yaradır. Cəzalı və ya zədəli futbolçunun əvəzinə başqa oyunçu dəvət etmək olar. Amma vaxtın azlığı, Azərbaycanla Kolumbiya arasında məsafənin uzaq, saat fərqinin böyük olması gətirəcəyimiz oyunçunun adaptasiya olması üçün zaman tələb edir. Yenə deyirəm, komandamız əlindən gələnin yaxşısını edib, etməkdə də davam edir. Təsadüfi deyil ki, millimiz dünya çempionatında ən güclü 8 komanda sırasındadı. Bu da komandamız adına böyük nailiyyətdi. Növbəti planımız nəticəmizi bir qədər də yaxşılaşdırmaqdı.

 

- Çempionat başa çatmasa da, yeni baş məşqçinin və komandanın nəticəsini uğurlu saymaq olarmı?

- Federasiya rəhbəri kimi baş məşqçinin, eləcə də komandanın işini uğurlu hesab edirəm. Bir müqayisə aparaq. Bizim 1/8 final mərhələsində mübarizədən kənarlaşdırdığımız Tailand öz qrupunda Misiri məğlub edib. Misir isə 2 il əvvəl Avropa çempionu olmuş, eləcə də mundiallın iddialılarından İtaliyanı yarışdan kənarlaşdırdı. Və ya qrup mərhələsində heç-heçə etdiyimiz İran yığması son dünya çempionu Braziliyanı evə yola saldı. Bu cür nəticələrə imza atan rəqibləri üstələmək asan iş deyil. Onların işindən razıyam, amma burda dayanmamalıyıq. Portuqaliya ilə matçda da komandamız Azərbaycanı layiqincə təmsil etməlidi.

 

- Yarışdan əvvəl komandanın qarşısına 1/8 final mərhələsinə yüksəlmək tapşırığı qoyulmuşdu. Bura qədər irəliləyəcəyinizə inanırdınızmı?

- Optimist insanam. Bəli, qarşıya konkret məqsəd qoyulmuşdu – 1/8 final mərhələsinə çıxmaq. Çünki “ölüm qrupu”nda yer almışdıq. Rəqiblərimiz öz qitələrinin çempionudurlar. Bu cür qrupdan ikinci yerlə çıxmaq asan iş deyil. Vacib oyunöncəsi iki pleymeyker və əsas qapıçımızın olmamağı orta xətdə çətinlik yaradacaq. İndi məşqçilər yarana biləcək boşluğu doldurmağın yollarını axtarırlar. Çalışacağıq ki, müdafiədən oynayaq. Futboldu, hər şey baş verə bilər. Necə ki, İran Braziliyanı, Misir isə İtaliyanı çempionatdan kənarlaşdırdı. Qrupdan növbəti mərhələyə vəsiqə qazanacağımıza inanırdım, amma 1/4 final mərhələsi haqda düşünmürdüm. Bunu gözləmirdim. Qazaxıstanın, Ukraynanın, Rusiyanın yer aldığı qrupa düşsəydik, əlbəttə, inanardım. Komandamıza inanıram və Portuqaliya ilə qarşılaşmada da bizi sevindirəcəklərinə ümid edirəm.

 

- Federasiya rəhbəri kimi qazanılan uğuru necə dəyərləndirirsiniz?

- Göstərilən diqqətə, oyunlarımızı daim işıqlandırdığına, komandaya dəstək verdiyinə görə jurnalistlərimizə təşəkkür edirəm. Bu təkcə mənim yox, Azərbaycan futbolunun, AFFA-nın uğurudu. Hazırda dünyanın ən güclü 8 komandası sırasındayıq. Bu, birgə işin bəhrəsidi.

 

0