[b]“Gərək 3 dəfə artıq qaçaq” – Eduardo[/b]
25.09.2016 - 00:00
[b]“Gərək 3 dəfə artıq qaçaq” – Eduardo[/b]

Futzal üzrə Azərbaycan millisinin üzvü Eduardonun apasport.az saytına müsahibəsi.

 

- Tailandla oyunu FİFA “qol festivalı” adlandırdı. Məhsuldarlıq ürəyinizcə oldu?

- Həqiqətən də “qol festivalı” oldu. Çox maraqlı oyun keçdi. Sanki həndboldakı kimi bir o qapıya, bir bur qapıya qollar vurulurdu. Bilirdik ki, asan olmayacaq. Yaxşı heyətə, baş məşqçiyə sahib olan Tailand taktiki cəhətdən də hazır komanda idi. Çox işlədik və istədiyimiz nəticəni aldıq.

 

- İki-üç dəfə oyunun axarı dəyişdi. Yaxşı başlanğıc sonra qorxulu yuxuya çevrilmək üzrə idi komandamız üçün…

- Futzaldı, bu idman növünün özəlliyidi. İki top fərqi ilə irəli çıxırsan, baxırsan ki bir qədər sonra hesabda gerisən. Vacib olan hakimin final fitindən sonrakı nəticədi. Biz 13 qol vurduq, rəqib isə 8-ni. Deməli, biz daha güclü və düzgün oynadıq.

 

- Vurulan qolların sayına görə FİFA-nın rekordcuları sırasına düşdü oyun…

- Bu, statistikadı. Bizə qələbə qazanmaq, mərhələ adlamaq lazım idi. Yenə deyirəm, yekun hesab lazım idi, onu da aktivimizə yazdırdıq.

 

- Mərhələ keçdikcə rəqibimiz də çətinləşir. Bu dəfə favoritlərdən birinə qarşı oynayacaqsız. Hazırsınızmı Portuqaliya ilə duelə?

- Çətin olacağını bilməyən yoxdu. Rəqibin heyətində Rikardinyo kimi ulduz çıxış edir. Ancaq Azərbaycan millisi də zəiflərdən deyil. Öz gücümüzə, komanda yoldaşlarımın əzmkarlığına inanıram. Bu dəfə də yaxşı nəticə qazanacağımıza ümidim böyükdü.

 

- Fineo, Vassoura və Rövşən in oyunu buraxması işinizi çətinləşdirməyəcək?

- Onlar bizim üçün böyük itkidi. Hər biri vacib, əsas oyunçularımızdı. Bu dəfə gərək əvvəlki oyunlarla müqayisədə  3 dəfə artıq qaçaq. Asan heç nə yoxdu. Yetər ki, istəyini reallaşdırmaq üçün çətinlikdən qorxmayasan.

 

- Şanslar yəqin ki bərabərdi?

- Oyunöncəsi hər zaman elə olur. Hər iki komandanın şansı var. Futzaldı, bilmək olmur. Biz Taylandla oyunun favoriti hesab edilirdik. Ancaq onlar hesabı 4:6 etməklə önə keçdilər. Necə olacağını Allah bilir.

 

- Yeni tarix yazmağımız mümkündürmü?

- Əlbəttə. Zatən bura gəlməklə tarix yazdıq. İlk dəfə iştirak etmək hüququ qazandıq, çətin rəqiblərlə qarşılaşmağımıza baxmayaraq, 1/8 finala yüksəldik, irəliyə növbəti addımı atmağı bacardıq. Bu gün sona qalan 8 ən güclü sırasındayıq. Bunlar gözəl nəticələrdi, amma kifayətlənmək olmaz. Azərbaycan daha artığına, yaxşısına layiqdi.

0