[b]İtaliyalılar “Qarabağ” önünə ikinci heyəti çıxarır[/b]
27.09.2016 - 10:45
[b]İtaliyalılar “Qarabağ” önünə ikinci heyəti çıxarır[/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ı qəbul edəcək “Fiorentina”nın təxmini start heyəti açıqlanıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Paulo Souza “Qarabağ” önünə çıxacaq “11-liy”i müəyyənləşdirib.

 

Portuqaliyalı mütəxəssis təmsilçimizlə qarşılaşmada ənənəsinə sadiq qalaraq, 3-4-3 taktiki sxemindən yararlanacaq. Qapı xətti rumıniyalı Çiprian Tataruşanuya tapşırılacaq. Üçlü müdafiədə Nenad Tomoviç, Sebastyan de Mayo və Karlos Salsedonun çıxışı gözlənilir.

 

Maksimiliano Olivera ilə Karlos Sançesin yarımmüdafiənin mərkəzində Kristian Telyo və Matias Vesinonun isə cinahlarında yer alması planlaşdırılır.

 

Hücumda Sebastyan Kristoforo – Mauro Zarate – Kuma Babakar “trio”su “Qarabağ”ın qapısına yol tapmağa çalışacaq.

 

Paulo Souza İtaliya KİV-nin iddia etdiyi heyəti meydana buraxarsa, ciddi dəyişikliklər etmiş olacaq. Çünki Azərbaycan çempionu ilə görüşə ehtiyatdan başlaması gözlənilən 7 futbolçu - Qonzalo Rodriges, Milan Badelj, Federiko Bernardeski, Nikola Kaliniç, Borxa Valero, Xrovye Miliç və Josip İliçiç “Fiorentina”nın əsas heyət oyunçuları sayılırlar.

 

Florensiya klubunun çalışdırıcısı yalnız hücumda seçim etməkdə çətinlik çəkir. Kristoforo və Zaratenin əvəzinə Valero ilə İliçiçin ilk dəqiqələrdən meydanda olması da istisna deyil. Komandanın daha bir aparıcı futbolçularından olan Davide Astori isə zədə ucbatından qarşıdakı matçı buraxacaq.

 

Qeyd edək ki, “Artemio Franki” stadionunda keçiriləcək “Fiorentina” - “Qarabağ” görüşü sentyabrın 29-da baş tutacaq.

0