[b]Sözünə sadiq, kimsəsizlərin dayağı, azarkeşləri toyuna çağıran “qladiator”[/b]
27.09.2016 - 15:57
[b]Sözünə sadiq, kimsəsizlərin dayağı, azarkeşləri toyuna çağıran “qladiator”[/b]

O, bəzən şəxsi həyatı, bəzən əsəbiləşərək rəqib futbolçusunu meydanda qəddarcasına vurması ilə gündəmə gəlir. Apasport.az saytının məlumatına görə, bütün bunlara baxmayaraq, hər hərəkəti ilə futbol azarkeşlərinin könüllərində taxt qurub.

 

Fanatiklərin məskənlərindən sayılan İtaliyada hər futbolçu bəyənilmir. Amma onu təkcə öz komandasının yox, bütün klubların azarkeşləri sevir.

 

Söhbət “Roma”nın “qladiator”u Françesko Tottidən gedir. Bu gün 40 yaşı tamam olan Totti indi də qollarını vurmaqda davam edir. 1992-ci ildən “Roma”nın əsas komandasının formasını geyinən superulduz televiziya ekranlarında ciddi və qəddar duruşu ilə görünsə də, əslində, heç də belə insan deyil.

 

Totti barədə aşağıda yazılanları oxusanız, onun necə biri olduğunu bilərsiniz…

 

- Totti illərdi UNICEF-in xoşməramlı səfiridi.

 

- “Armani” şirkətinin xüsusi modelidi. Hər il modellik müqaviləsinə imza atanda qazandığı pulu iki hissəyə bölüb, yarısını kimsəsizlər vəqfinə göndərir.

 

- Karyerası ərzində yalnız bir komandanın formasını geyinməsinə baxmayaraq, dünyanın ən çox qazanc əldə edən futbolçularındandı. Onun illik məvacibi 15 milyon avrodu.

 

- “Roma“nın “Olimpiya” stadionunda kapitana aid loja var. Amma zədəli və ya cəzalı olduğu vaxtlarda oyunu öz lojasında deyil, qapı arxasındakı tribunada, azarkeşlərin arasında izləyir. Həmin lojada isə hər həftə kimsəsizlər yurdundan gələn fərqli qonaqlar yerləşdirilir.

 

- Sevgilisi İlari Bleysi ilə 2005-ci il iyunun 19-da baş tutan toyuna kimləri dəvət etdiyini bilirsinizmi? Dayəsini, ilk müəllimini, ilk baş məşqçisini, məhəlləsindəki mağazaçını və 12 min “Roma” azarkeşini. Hamısına da tək-tək dəvətnamə göndərib.

 

- Toyunun yayım hüququnu “SkyTG-24” kanalına satıb. Telekanallar müqavilə imzalayanda onlara bir hesab nömrəsi verib. Televiziya rəhbəri “mühasibinizdən aldığımız hesab nömrəsi bu deyil axı” deyincə, Totti cavabında “Bu hesab Roma Onurğa Beyni İfliclər Dərnəyinindi. Bütün pul ora köçürülsün”, - söyləyib.

 

- Avropa nəhəngləri arasında onu transfer etmək istəməyən klub olmayıb. Həmin klubların bir çoxunda prezident seçkiləri zamanı namizədlər məhz Tottini komandaya gətirəcəklərini vəd ediblər. Nəticəsi göz önündədi.

 

- 1989-cu ildə “Roma” Futbol Akademiyasına addımını atanda klubun çılğın fanatı olan nənəsi onu qarşısına oturdub və bunları deyib: “Övlad, qulaq as. Bundan sonra “Roma”dan başqa heç bir komandanın formasını geyinməyəcəksən. Başa düşdün?” Bu illər ərzində “Real”, “Barselona”, “Mançester Yunayted”, “İnter” və “Milan” kimi nəhəng klublardan astronomik məbləğdə təkliflər almasına baxmayaraq, nənəsinə verdiyi sözə görə, 27 ildi “Roma”nı dəyişmir.

 

- Totti adına mahnı bəstələnilən azsaylı futbolçulardandı. O, meydana çıxdığı zaman Uayt Stripesin “Seven Nation Army” mahnısı oxunur. “Bütün dünya gəlsə fərq etməz, savaşaram 72 millətlə” kimi sözlər “Roma”nın “qladiator”una yaraşdırılır.

 

0