[b]Ramil Şeydayevin xahişi: Mənə rus deməyin![/b]
28.09.2016 - 12:22
[b]Ramil Şeydayevin xahişi: Mənə rus deməyin![/b]

“Trabzonspor”la 2020-ci ilə qədər müqaviləm var. Bu müddət inkişaf etməyim üçün kifayət qədər uzundu”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev deyib.

 

Yay fasiləsində “Zenit”dən ayrılaraq “Trabzonspor”a keçən gənc futbolçu hələlik heyətə düşməkdə çətinlik çəkir. Şeydayev yalnız Türkiyə Kubokunun I mərhələsi çərçivəsində “Ardahanspor”la (6:0) matçda meydana çıxıb və 1 qol vurub.

 

Superliqada hələ debüt etməyən 20 yaşlı forvard Trabzon qəzetlərindən birinə açıqlamasında komandanın daimi oyunçusuna çevrilmək istədiyini söyləyib: “Düzdü, “Trabzonspor”la uzunmüddətli müqavilə imzalamışam. Ancaq mən heyətə düşmə müddətini tezləşdirərək “Trabzonspor”da müntəzəm forma geyinmək istəyirəm. Bunun üçün üzərimdə çalışmalı olduğumu bilirəm. Komandada gözəl atmosfer hökm sürür. Uğur qazanmaq üçün hamı bir-birinə kömək edir. Əsl ailə ab-havası içindəyik. Bura gəlməyimə peşman deyiləm. Böyük xəyallarım var və bunu ən yaxşı halda “Trabzonspor”da həyata keçirə bilərəm”.

 

Qəzetin “Azərbaycanlı Ramil” başlığı ilə dərc etdiyi yazıda o da qeyd edilib ki, Şeydayev Rusiyanın aşağı yaş qrupu yığmalarında çıxış etməsinə baxmayaraq, klubda azərbaycanlı olduğunu bildirib və ona rus deməmələrini xahiş edib.

0