[b]Bakı klubu sanksiyaların birindən “qaçdı”[/b]
29.09.2016 - 12:49
[b]Bakı klubu sanksiyaların birindən “qaçdı”[/b]

Borc səbəbindən dağılmaq təhlükəsi ilə üzləşən “Lokomotiv”in bəxti gətirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” onlara gözləyə bilən sanksiyaların birindən qaça bilib.

 

Avropa Voleybol Federasiyası “Lokomotiv”dən şikayət edən Andrea Selaninin müraciətini təmin etməyib. 2015/2016 mövsümün startında Bakı klubuna gələn italiyalı mütəxəssis cəmi 4 ay çalışdığı klubun ona olan borcunu ala bilmir. Həmyerlisi Fransua Salvaqninin fiziki hazırlıq üzrə köməkçisi olan Selani 40 min avroluq müqavilənin yalnız 1 ayı üçün nəzərdə tutulan məbləğini alıb.

 

Belə ki, klubun digər üzvləri ilə eyni problemi yaşayan italiyalı pulunu almaq ümidi ilə bir müddət öncə CEV-ə müraciət edib. “Lokomotiv”in prezidenti Elnar Əsgərovun imzası ilə olan müqavilə, həmçinin klub rəhbərliyi ilə internet yazışmalarının şəkli də şikayətə əlavə olunub.  

 

CEV isə müraciətə kifayət qədər gec cavab verib. Qurum şikayətlərin çox olduğu üçün üzr istəyib və məsələyə Beynəlxalq Voleybol Federasiyasının (FİVB) hüquq şöbəsinin baxmalı olduğunu söyləyib. Bildirilib ki, CEV yalnız oyunçu, məşqçi və FİVB agentlərinin hüquqlarını müdafiə edir. Fiziki hazırlıq üzrə məşqçilər isə bu siyahıya daxil deyil.

 

Qeyd edək ki, “Lokomotiv”in 1 milyon dollara yaxın borcu var. Bu səbəbdən də komandanın bir neçə sanksiya ilə üzləşəcəyi istisna edilmir.

0