[b]“Lider olmağımız heç nəyi həll etmir” - Sebastyan Kristoforo[/b]
30.09.2016 - 11:56
[b]“Lider olmağımız heç nəyi həll etmir” - Sebastyan Kristoforo[/b]

“Debütüm uğurlu alındığı üçün çox xoşbəxtəm. Həm performansım, həm də nəticə ürəyimcə oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Fiorentina”nın yarımmüdafiəçisi Sebastyan Kristoforo deyib.

 

Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la qarşılaşmada debüt edən Florensiya klubunun yeni transferi oyunundan məmnun qalıb. O, hətta qol vurmağa çox yaxın olduğunu da söyləyib: “Qarabağ” üzərində qələbədə ən çox Zarateyə görə sevinirəm. Onun üçün xüsusi gecə idi. Onun özünü toparlayacağına inanırdıq və Mauro əsl peşəkarlıq nümayiş etdirdi. O ki qaldı öz çıxışıma, ikinci qol epizodunda özüm də fərqlənə bilərdim. Amma qapıçı ilə təkbətək zamanı Kaliniçin arxada daha yaxşı mövqedə olduğunu gördüm və dabanla ötürmə verdim. Yaxşı ki, zərbə yox, ötürməyə üstünlük vermişəm”.

 

90 dəqiqə meydanda qalan uruqvaylı yarımmüdafiəçi əsas heyətdə yer almaq gücündə olduğunu söyləyib: “Fiziki formam qaydasındadı. 90 dəqiqə ərzində mübarizə aparmaq gücündəyəm. Əgər bundan sonra da uğurlu çıxışımızı davam etdirmək istəyiriksə, bütün matçlarda bacarığımızın 100 faizini ortaya qoymalıyıq”.

 

Sonda “Fiorentina”nı seçməsinin səbəbini açıqlayan 23 yaşlı oyunçu Avropa Liqası ilə bağlı hədəflərindən də danışıb: “Fiorentina”nı niyə seçmişəm? Çünki bu, yüksək səviyyəli futbolçulardan təşkil olunmuş güclü komandadı. Başqa variantlar da var idi. “Fiorentina” bütün dünyada İtaliya futbolunu ən yaxşı şəkildə göstərən komandalardan biridi. O ki qaldı Avropa Liqasına, çətin qrupa düşmüşük. Qrup lideri olmağımız heç nəyi həll etmir. Qarşıdakı 4 görüşə də qələbə üçün çıxacağıq”.

 

Qeyd edək ki, “Qarabağ”ı 5:1 hesabı ilə məğlub edən “Fiorentina” 4 xalla turnir cədvəlinə başçılıq edir.

0