[b]Rauf Əliyev: Milliyə çağırmasalar... - MÜSAHİBƏ[/b]
30.09.2016 - 18:00
[b]Rauf Əliyev: Milliyə çağırmasalar... - MÜSAHİBƏ[/b]

Ölkə çempionatının VII turu çərçivəsində keçirilən “İnter” – “Zirə” matçından (1:1) sonra ev sahiblərinin hücumçusu Rauf Əliyev jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə Əliyev maraqlı fikirlər səsləndirib.

 

- Oyunun sonlarında qələbə əldən getdi. Necə düşünürsüz, nəticəni ədalətli saymaq olar?

- Əlbəttə ki, yox. Çünki biz öz meydanımızda 3 xal üçün oynayırdıq. Çox vacib 2 xal itirdik. Qələbə seriyasını bu görüşdə də davam etdirmək istəyirdik. Bir tərəfdən baxanda özümüz 2-3 oyunda son saniyələrdə qalib gəlmişdik. Amma bu dəfə əksinə oldu. Məyusuq, lakin futboldu.

 

- Bazar günü çempionluğa 2 əsas namizəd “Qəbələ” və “Qarabağ” üz-üzə gələcək. Bu görüşdə ən azı, 1 komanda xal itirəcək...

- “Qəbələ” və ya “Qarabağ”ın xal itirməsi bizim üçün o qədər də vacib deyil. Bizim üçün əsas öz oyunlarımızdı. Rəqiblərimizin görüşlərini fikirləşmirik. Bu gün məyus olduq, çünki 2 xal itirdik.

 

- İki fərqli hissə izlədik. Fasilədən sonra “Zirə” daha yaxşı oynadı. Qələbə hesabını qorumağa nə çatmadı?

- Çempionat görüşlərimizi yəqin ki, izləyirsiz. Onsuz da, müdafiə futbolu oynayırıq. İstər-istəməz komanda arxaya çəkilir. Çünki qalib gəlirik, rəqib komanda təzyiq edir. Buna görə də, oyunu istər-istəməz müdafiədən qururuq. Bu gün də belə oldu. İstəyirdik ki, “Zirə”ni əks-hücumda tutaq. Qələbəyə çox yaxın idik, amma qalibiyyət son anda əldən çıxdı.

 

- Qol buraxandan sonra çox aqressiv oldunuz...

- Təsir edər də. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə qol buraxırsan, necə təsir etməsin? Çox vacib 2 xal itirdik. 4-5-ci sırada olsaydıq, bu xal itkisi o qədər də təsir etməzdi. Amma liderliyə yüksəlmək şansımız var idi.

 

- Əvəzlənəndə də məyusluğunuz hiss edildi...

- Yox. Son dəqiqələrdə yorulmuşdum. Özüm də baş məşqçiyə demək istəyirdim ki, məni əvəzləsin.

 

- Millinin gələn ay Norveç və Çexiya ilə keçirəcəyi oyunlara dəvət alıb-almayacağınız maraqla gözlənilir...

- Yığma barədə o qədər də danışmaq istəmirəm. Artıq mənim üçün milliyə çağırılıb-çağırılmamaq elə də vacib deyil. Çağırsalar, canımı qoymağa hazıram. Bu söhbətlərdən bir növ yorulmuşam. Mən öz oyunumu göstərirəm. Çağırmasalar, o qədər də məyus olmayacağam. Artıq alışmışıq. Yığmada başqa ab-hava var.

0