[b]“Qəbələ” rəqibin adından çəkinmədi” – Arif Əsədov[/b]
30.09.2016 - 18:43
[b]“Qəbələ” rəqibin adından çəkinmədi” – Arif Əsədov[/b]

“Qəbələ” “Maynts”la qarşılaşmada məğlub olmasına baxmayaraq, yaxşı oyun göstərdi. Komanda matçın gedişində hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirdi. Xüsusilə də fikirləşirdik ki, buraxılan 1 topdan sonra rəqib fərqi daha da artıracaq. Amma “Qəbələ” rəqibin adından, gücündən çəkinməyərək öz oyununu nümayiş etdirdi. Hətta hesabda da önə çıxmışdı”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, təcrübəli futbol mütəxəssisi Arif Əsədov deyib.

 

Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçirilib. Ölkəmizi bu yarışda təmsil edən “Qəbələ” və “Qarabağ” ilk turda olduğu kimi bu dəfə də qələbə qazana bilmədi. Komandalarımız müvafiq olaraq, “Maynts”a (Almaniya) 2:3, “Fiorentina”ya (İtaliya) 1:5 hesabı ilə uduzdu.

 

A. Əsədov “Qəbələ”nin Almaniya təmsilçisinə qarşı layiqli oynadığını qeyd edib: “Qəbələ” oyuna yaxşı köklənmişdi. Hiss olunurdu ki, məşqçilər korpusu rəqibi yaxşı analiz etmişdi və ona qarşı lazımı oyun qurmuşdu. Sadəcə sonda fiziki baxımdan problemlər hiss olundu. Əgər komanda ilk 60 dəqiqədə verilən tapşırıqları yerinə yetirə bilirdisə, görüşün axırlarında bunu edə bilmədi. “Qəbələ”də ehtiyat qüvvənin azlığı öz sözünü deyirdi. Xüsusən də irəli keçərkən, arxaya qayıtmaqda çətinliklər hiss edilirdi”.

 

Komandada aparıcı futbolçular Teo Uiks və Nika Kvekveskirinin olmamasının “Qəbələ”nin əleyhinə olduğunu vurğulayan mütəxəssis Roman Qriqorçukun yetirmələrinin növbəti oyunlar üçün şanslarını da dəyərləndirib: “Düşünürəm ki, növbəti mərhələyə çıxmaq çox çətin olacaq. Əsas odur ki, “Qəbələ” bu turnirdə təcrübə toplayır. Onlar nə qədər çox xal yığsa həm klub, həm də Azərbaycan futbolu üçün faydalıdır. Fikrimcə, hələlik aktivində xal olmayan komanda qarşıdakı 4 oyunda 4 xal qazansa, bu böyük uğur olar”.

 

Yığmamızın sabiq futbolçusu “Fiorentina” - “Qarabağ” görüşünü də dəyərləndirib. O etiraf edib ki, bu matçda Ağdam təmsilçisindən böyük hesablı məğlubiyyət gözləmirmiş: “Hesabın belə olması təəccüb doğurur. Amma “Qarabağ” ilk dəqiqələrdən oyuna çox yaxşı başlamışdı. İlk 15-20 dəqiqədə matçda dominantlıq edirdi. Əgər həmin dəqiqələrdə əlinə düşən vəziyyətlərdən istifadə etsəydi, “Qarabağ”da inam, rəqibdə çaşqınlıq artacaqdı. Oyunun həlledici anı isə Elvin Yunuszadənin qırmızı vərəqə ilə cəzalandırılması oldu. Ondan sonra da rəqib fəallaşdı və hesabı açdı”.

 

Qurban Qurbanov heyətdə gözlənilməz dəyişikliklərinə də münasibət bildirən A. Əsədov Reynaldo və Dani Kintananın çempionatdan fərqli, həm ötən, həm də bu mövsüm avrokubokda lazımı oyunu sərgiləyə bilməməsinin səbəblərindən danışıb.

 

Təcrübəli mütəxəssis “Qarabağ”ın yer aldığı J qrupunda hələlik şansının itmədiyi qənaətindədir: “Belə məğlubiyyətlər komandanın xeyrinə işləyə bilir. Onların bundan sonra daha da yaxşı toparlanması mümkündür. Şanslara gəldikdə, “Qarabağ” növbəti oyunda PAOK-u qəbul edir. Komandamız qələbə qazansa, Yunanıstan təmsilçisi ilə xallarını bərabərləşdirir və növbəti 3 turda da fərqi artırır. Düşünürəm ki, mərhələ adlamağa şansları var”.

 

Topaz Premyer Liqasında artıq ilk dövrə sona yaxınlaşır. A. Əsədovun fikrincə, çempionatda ilk “üçlük” uğrunda  “Qarabağ”, “Qəbələ” və “İnter” mübarizə aparacaq: “Yəqin ki, “Kəpəz”, “Zirə” “Sumqayıt” 4-cü yer üçün yarışacaq. AZAL-la “Neftçi” bu gün autsayderdir. Amma “ağ-qaralar”ın durumu elədir ki, turlar ötdükcə düzələcək. “Neftçi”nin bu mövsüm ötən ilki kimi zəif çıxış edəcəyinə inanmıram”.

 

A. Əsədov uzun fasilədən sonra çempion etdiyi “Neftçi”nin hazırkı çətin durumdan çıxması yollarını açıqlayıb. Onun sözlərinə görə, komandada hər mövqeyə yeni futbolçu lazımdır.

 

Mütəxəssis sonda Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsində növbəti oyunlarından da danışıb. O bildirib ki, komandamız oktyabrın 8-də evdə Norveçlə, 3 gün sonra səfərdə Çexiya ilə görüşdə ümumilikdə 4 xal qazana bilər: “Lakin hər şey evdəki ilk oyundan asılıdır. Burda lazımı nəticəni əldə etsək, səfərdə də inamlı oynayacağıq”.

0