[b]Qızıl “yeddilik” - LAYİHƏ[/b]
15.10.2016 - 12:22
[b]Qızıl “yeddilik” - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Olimpiada: Azərbaycan üçün “idman ölkəsi” imicini təsdiqləmək imkanı” istiqamətindəki qalib olan mövzunu davam etdirir. Atletlərimizin 4 illiyin möhtəşəm yarışında keçdiyi yolu əhatə edəcək 12 yazıdan on birincisi ayrı-ayrı növlər üzrə Azərbaycan millilərinin Olimpiya tarixindəki mövqeyinə həsr olunur. Bu dəfə müstəqillik illərində Olimpiya komandamızın hesabına medal yazan 7 yığmamızın – “Qızıl millimiz”in aktivindəki mükafatların digər ölkələrlə müqayisəsinə toxunacağıq.

 

156 ölkədən biri

Qatıldığı 6 Olimpiadada ümumilikdə 44 medal qazanan Azərbaycan yığması Oyunlar tarixinin 56-cı komandasıdı. 7 qızıl, 12 gümüş və 25 bürünc medalı olan millimiz Misir, Kolumbiya, Portuqaliya, Serbiya kimi ölkələri arxada qoyub. Keçmiş SSRİ ölkələrindən isə Litva, Latviya, Ermənistan, Tacikistan, Moldova, Qırğızıstan və Türkmənistandan öndəyik. Yığmamız qonşumuz Gürcüstandan yalnız “qızıl”a görə geri qalır. Bizdən 12 mükafat az qazanan gürcülərin 8 çempionluqlarının olması onları 55-ci edib. Yığmamız medal sayında 9 qızıl mükafatı olan Özbəkistanı da arxada qoyub.

 

Ümumilikdə isə siyahıda 156 ölkə yer alıb. İndiyədək məhz bu qədər komandanın idmançıları Olimpiya medalı əldə edib. Amma bu ölkələrin bir qismi artıq mövcud deyil. Vaxtilə heyətində təmsil olunduğumuz SSRİ və MDB, həmçinin Yuqoslaviya kimi bir sıra ölkələr Olimpiadada medal qazansalar da, artıq bu göstəricini artıra bilməzlər. Bundan başqa, yarışlarda birləşmiş komandalar, məsələn, ABŞ/Böyük Britaniya, Kuba/ABŞ, Danimarka/İsveç, Misir/Yunanıstan kimi onlarla yığma fəxri kürsüyə qalxıb.

 

Siyahıya isə ABŞ başçılıq edir – 2523 medal. Bunların 1021-i qızıl, 792-si gümüş və 710-u bürüncdü. Cəmi 10 Olimpiadada iştirak edən SSRİ 1010 medalla (395-319-296) ikincidi. “Üçlüy”ü Böyük Britaniya tamamlayır. Onlar Oyunlarda 292 qızıl, 296 gümüş və 286 bürünc (844) mükafat əldə edib.

 

Millimizin qazandığı 44 medaldan 34-ünü kişi idmançılar qazanıblar. 6 qızıl, 10 gümüş və 18 bürüncü olan yığmamız ümumi hesabdakından 1 pillə öndə - 55-ci sırada qərarlaşıb. Kişilərin cədvəlində də ilk pillədə ABŞ və SSRİ yer alıb. 3-cü yerdə isə Böyük Britaniya yığmasıdı.

 

Xanım idmançılarımızın hesabında isə 10 medal var. 1 qızıl, 2 gümüş və 7 bürüncü olan komandamız 64-cü pillədə gedir. Lakin medal sayında onlar arxasında olduqları ölkələrdən 11-ni üstələyir. Zərif cins nümayəndələrinin yarışında da ABŞ və Çin öndədi. Onları artıq tarixin yaddaşına qovuşan SSRİ izləyir.

 

Bizim üçün rekord, dünya üçün 19-cu

Yığmamızın qazandığı medallar ümumilikdə 7 növdə qazanılıb. Ən uğurlu komandamız güləş millisidi. İndiyədək əldə etdiyimiz 44 medaldan 23-nə sahib olan pəhləvanlarımız Olimpiya tarixində mükafat qazanan komandalar arasında kifayət qədər ön sıralardadı. 4 qızıl, 8 gümüş və 11 bürünc qazanan güləş yığmamız hazırda dünyanın 19-cusudu. Lakin millimizi qabaqlayan ölkələrdən 2-si – SSRİ və MDB artıq mövcud deyil.

 

Afina-1896-dan başlayaraq Olimpiya proqramına daxil olan güləşdə ümumilikdə 60 ölkə təmsilçisi fəxri kürsüyə qalxıb. Siyahının mütləq lideri SSRİ-di – 116 medal (62-31-23). İkinci pillədə qərarlaşan ABŞ birinci yerin sahibi fəaliyyətini dayandırdığından onu keçməyə iddialıdı. Amerikalılar 54-ü qızıl, 43-ü gümüş və 35-i bürünc olmaqla, 132 medal əldə ediblər. Üçüncü olan Yaponiya 69 (32-20-17) dəfə sevinib. Qonşu Türkiyə isə 4-cüdü. “Ay-ulduzlular” 63 (29-18-16) mükafata yiyələniblər.

 

SSRİ və MDB-ni nəzərə almasaq, Azərbaycan postsovet ölkələri arasında üçüncüdü. İmperiyadan dağılan 15 respublikadan yalnız ikisi – Rusiya və Estoniya bizdən irəlidədi. Lakin 5 qızıl, 2 gümüş və 4 bürüncü olan Baltikyanı ölkə təmsilçisini artıq növbəti Olimpiadada arxada qoyacağımız real görünür. Onsuz da ümumi medal sayında üstünlüyümüz 2 dəfədən də artıqdı.

 

Güləşçilərimizin 23 medalından 18-i kişilərin hesabındadı. 4 qızıl, 6 gümüş və 8 bürünc medalı olan yığmamız bu siyahıda da 19-cudu. Ümumilikdə isə 57 ölkənin kişi güləşçisi medal qazanıb. Burada ilk “üçlük”də SSRİ, ABŞ və Türkiyə qərarlaşıb.

 

Daha gənc Olimpiya növü olan qadın güləşində isə cəmi 18 ölkənin idmançısı medal sevinci yaşayıb. 2 gümüş və 3 bürünc mükafat əldə edən Azərbaycan millisi bu siyahıda 7-ci pillədədi. Hərçənd 6-cı olan Ukrayna cəmi 2 medal qazansa da, yalnız çempionluq sayəsində bizdən öndədi. Postsovet məkanında daha bir ölkə - Rusiya da bizi qabaqlayır. Ümumiyyətlə, yığmamızı 2-ci yerdən cəmi 2 “qızıl” ayırır. Çünki yalnız 1 ölkə 2-dən artıq çempionluğa və ya 7-dən artıq medala sevinib. Birinci yerdə Yaponiyadı. Asiyalılar 11 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olublar. İkinci və üçüncü pilləni Çin və Kanada bölüşür. Onların hərəsinin 2 qızıl, 2 gümüş və 2 bürünc medalı var. Bu isə onların yığmamız üçün əlçatmaz olmadığını göstərir.

 

Rusiya və Gürcüstandan sonra

Medalların əyarına görə Olimpiya komandamızın heyətində ikinci pillədə cüdo yığmamızdı. 1 qızıl, 2 gümüş və 1 bürünc medalı olan millimiz dünyanın 26-cı komandasıdı. Azərbaycan Türkiyə, Çexiya, Özbəkistan, Ukrayna kimi ölkələri arxada qoyur. Postsovet məkanında isə SSRİ və MDB yığmalarını saymasaq, Rusiya və Gürcüstandan sonra üçüncüyük.

 

Ümumilikdə bu idman növündə 54 ölkədən olan cüdoçular Olimpiya medalı qazanıb. Siyahının mütləq lideri Yaponiyadı. 39 qızıl, 19 gümüş və 26 bürünc qazanan “Gündoğar ölkə” təmsilçisi ən yaxın izləyicisi Fransadan böyük fərqlə irəlidədi. Çünki avropalılar cəmi 49 (14-10-25) medal əldə ediblər. Üçüncü olan Cənubi Koreyanın 11 qızıl, 16 gümüş və 16 bürünc mükafatı var.

 

Cüdoçularımızın bütün medallarına sahib çıxan kişilərdən ibarət yığmamız 19-cu pillədə qərarlaşıb. Burada da Rusiya və Gürcüstandan geri qalan komandamız çempionluq sevinci yaşayan 25 ölkə sırasındadı. Ümumilikdə isə 50 ölkənin kişi cüdoçusu mükafat qazanıb. İlk “üçlük”də müvafiq olaraq, Yaponiya, Cənubi Koreya və Fransa yer alıb.

 

20 pilləlik fərq

Cüdo millimiz medalların əyarına görə Olimpiya komandamızın ikincisidisə, ümumi mükafat sayında bu mövqedə boks yığmamız qərarlaşıb. Dəri əlcək ustalarımız iştirak etdikləri 6 Olimpiada ərzində 1 gümüş və 7 bürünc medal əldə ediblər. Bu göstəricidə yığmamız Misir, Mərakeş, Ermənistan kimi ölkələrdən irəlidədi. Ümumi sıralamada 49-cu olan Azərbaycan postsovet məkanında Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan və Belarus istisna olmaqla, digərlərini arxada qoyub. Lakin elə həmin Belarus da, qardaş Türkiyə də medalların ümumi sayında bizdən geri qalır. Onlar bir “gümüş” artıq əldə etdikləri üçün öndədilər. Yığmamız əyara görə deyil, saya görə 20 pillə yuxarıda – 29-cu yerdədi.

 

Ümumilikdə boks yarışlarında 78 ölkə medal qazanıb. ABŞ millisi böyük üstünlüklə hamıdan öndə qərarlaşıb. Amerikalılar 115 (50-24-41) mükafata yiyələniblər. İkinci olan kubalıların hesabında 37 qızıl, 19 gümüş və 17 bürünc var. Böyük britaniyalılar 55 (18-13-24) medalla üçüncüdülər.

 

Boks yarışlarında qazanılan medalların hamısı kişi idmançılarımızın hesabındadı. Onlar da ümumi siyahıda olduğu kimi burada da 49-cü yerdə qərarlaşıb. Kişilərin mübarizəsində 77 ölkədən olan olimpiyaçılar medal sevinci yaşayıblar. Burada da ilk “üçlük”də eyni ölkələr – ABŞ, Kuba və Böyük Britaniya yer alıb.

 

MDB-nin ən yaxşısı

Olimpiya ailəsinin nisbətən gənc üzvlərindən olan taekvondoda da idmançılarımızın uğurları diqqət çəkir. Ölkəmiz medal qazanan 38, çempionluq sevinci yaşayan 18 ölkədən biridi. Hesabımızdakı yeganə qızıl medaldan başqa, 2 bürüncün də olması komandamızı siyahıda 15-ci pilləyə daşıyıb. Millimiz bu sıralamada Fransa, Tailand, Rusiya kimi ölkələri də arxada qoyub. MDB məkanında isə Azərbaycandan güclüsü yoxdu. Ümumilikdə isə taekvondo yarışlarında medal qazanan ölkələrin siyahısına Cənubi Koreya başçılıq edir. Onlar 19 (12-2-5) mükafata yiyələniblər. Çin 7 qızıl, 1 gümüş və 2 bürünclə ikinci yerdədi. Üçüncü olan ABŞ isə cəmi 2 çempionluqla bunu bacarıb. Onlar həmçinin 2 gümüş və 5 bürünc medal da qazanıblar.

 

Taekvondoçularımızın yiyələndikləri mükafatlar həm kişi, həm də qadınlardan ibarət komandalarımızın hesabın düşür. 1 qızıl və 1 bürünc medal əldə edən kişilərdən ibarət millimiz Kuba ilə birgə 11-ci yerə şərikdi. Yığmamız 10-cu olan Çindən bir bürünc, 7-ci yerə şərik olan İtaliya, Meksika və Türkiyədən 1 gümüş geri qalır. Kişilərin yarışında 31 ölkə mükafat qazanıb ki, Cənubi Koreya burda da liderlik edir. İkinci pillənin 2 şəriki var. Bunlar İran və ABŞ-dı.

 

Hesabında cəmi 1 bürünc medalı olan qadın taekvondo yığmamız da mükafat qazananlar sırasına düşüb. 27 belə ölkədən biri olan Azərbaycan İran, Braziliya, Yaponiya, Cibuti, Misir və Almaniya ilə 21-ci yeri bölüşür. Postsovet məkanında Azərbaycanda başqa, yalnız rusiyalı xanımlar bu idman növündə “üçlüyə” düşə bilib. Şimallılar 1 gümüş və 1 bürünc qazanıblar. Qadın taekvondoçuların ümumi medal siyahısında ilk pillədə Cənubi Koreya qərarlaşıb. Onları Çin və Böyük Britaniya izləyir.

 

Kişilərə nümunə olan qadınlar

Taekvondoçularla eyni göstəriciyə malik olan atıcılarımız da Olimpiadalardan 3 medalla qayıdıblar. Aktivində 1 qızıl və 2 bürüncü olan komandamız mükafata sevinənlər arasında Sloveniya və KXDR-la birgə 40-cı yerə şərikdi. Ümumilikdə isə burda 65 ölkə idmançısı medal qazanıb. Postsovet məkanından Rusiya, Ukrayna, Belarus istisna olmaqla, bütün yığmalar millimizə aşağıdan-yuxarı baxırlar. Dünyanın ən yaxşı snayperləri isə ABŞ-dandı – 111 (54-29-28) medal. Çin 56 (22-15-19) mükafatla ikinci, SSRİ 49 (17-15-17) medalla üçüncüdü.

 

Azərbaycan atıcılarının bütün medalları qadınların hesabındadı ki, bu da xanımlardan ibarət komandamızın kifayət qədər yüksək pillədə qərarlaşmasını təmin edib. Millimiz Ukrayna ilə eyni göstəriciyə malik olub, 21-ci yeri bölüşür. MDB-də yalnız Rusiya daha yaxşı nəticə ilə fərqlənir. 49 ölkə təmsilçilərinin fəxri kürsüyə qalxdığı qadın atıcıların yarışında ABŞ, Çin və SSRİ ilk “üçlük”dədi.

 

Rio-2016-nın hesabına...

Kanoe və kayakda avarçəkənlərdən ibarət yığmamız Olimpiadalarda hələlik 2 mükafata sahib olublar. Rio-2016-da 1 gümüş və 1 bürünc medal qazanan komandamız dünya sıralamasında 36-cı yerə şərikdi. Millimiz digər postsovet məkanı təmsilçiləri Litva və Moldova ilə eyni göstəriciyə malikdi. Sabiq SSRİ təmsilçilərindən Ukrayna, Rusiya və Belarus “üçlüy”ündən geri qalan Azərbaycan digər 9 ölkəni qabaqlayır.

 

Avarçəkmənin bu növündə 45 ölkə idmançısı mükafatçılar sırasına düşüb. İlk pilləni Almaniya “zəbt edib”. Onların hesabında 81 (36-23-22) medal var. İkinci yerdə mövcud olmayan SSRİ qərarlaşıb – 51 (29-13-9) mükafat. 80 (25-29-26) medalı olan Macarıstan üçüncüdü.

 

1 gümüşü olan kişilərdən ibarət avarçəkənlərimiz Serbiya və Portuqaliya ilə 38-ci yeri bölüşür. 43 ölkənin medal qazandığı yarışlarda Almaniya, SSRİ və Macarıstan ön sıralardadı.

 

Yeganə bürünc qadınlardan ibarət komandamıza medal qazanan 28 ölkədən biri olmaq imkanı verib. Yığmamız burda Böyük Britaniya və CAR-la 26-cı yeri bölüşür. Xanımların mübarizəsində ilk “üçlük”də Macarıstan, Almaniya və SSRİ qərarlaşıb.

 

Yeganə təsəllimiz

Millimizin 44 medalında pay sahibi olan 7-ci idman növü ağırlıqqaldırmadı. Bu idman növündə cəmi 1 bürünc medalımız var. Bu da Azərbaycana Olimpiadalarda mükafat qazanan 65 ölkədən biri olmaq imkanı verib. Yığmamız İraq, İspaniya, Qətər, Qırğızıstan, Litva, Venesuela və Hindistanla eyni əyarlı medala sahibdi və 58-ci yeri bölüşür.

 

Atletlərin yarışına 28 ildi Olimpiya səhnəsindən çəkilən SSRİ başçılıq edir. Onlar 62 (39-21-2) medalla hələ də zirvədədilər. Çin 57 (34-15-8) mükafatla ikinci, ABŞ 44 (16-16-12) medalla üçüncüdü.

 

Kişi ağırlıqqaldıranların mübarizəsində isə yığmamız 52-60-cı yerlərə şərikdi. Qırğızıstan, Venesuela, İraq, Qətər, Moldova, Litva, Çin Taypeyi və Tailand komandamızla eyni göstəriciyə malikdi. İlk pillələrdə isə SSRİ, Çin və ABŞ qərarlaşıb.

 

Beləliklə, Olimpiya komandamızın 20 illik tarixində medal qazanan 7 yığmamızdan ən yaxşı nəticə taekvondoçulara məxsusdu. Onlar cəmi 14 ölkədən geri qalırlar. İkinci yerdə 19-cu olan güləşçilərimiz qərarlaşdığı halda, ardınca cüdoçularımız gəlir – 26-cı pillə. Atıcılarımızın 36-cı olduğu siyahıda kanoeçilər 40-cı, boksçular 49-cu və ağırlıqqaldıranlar 58-cidilər.

 

Tahir HÜMMƏTOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

0