[b]“Qarabağ”: 75, 75, 75[/b]
18.10.2016 - 14:01
[b]“Qarabağ”:  75, 75, 75[/b]

Avropa Liqasının III turunun PAOK-la qarşılaşması “Qarabağ” üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi avrokuboklarda 75-ci matçına çıxacaq.

 

Yubiley oyunu ərəfəsində əyalət klubunun hesabında 74 qarşılaşma var. Bu görüşlər 4 müxtəlif turnirdə keçirilib. Çempionlar Liqasında 12 matça çıxan “Qarabağ” Kuboklar Kuboku və İntertoto kubokunun hərəsində 4, əvvəl UEFA kuboku adlanan indiki Avropa Liqasında 54 oyun keçirib.

 

Qitə kuboklarında 20 il öncə debüt edən “Qarabağ” 1996-cı avqustun 8-də Kuboklar Kubokunda meydana çıxıb. Təmsilçimiz həmin gün ev oyununda Finlandiya “MüPA”sına 0:1 hesabı ilə uduzub.

 

İlk xalını 2 həftə sonra eyni rəqiblə Finlandiyadakı matçda qazanan (1:1) “ağ-göylər” qol hesabını da Skandinaviyada açıb. İlk qələbə isə 1999-cu ilə təsadüf edib. İsraildə Hayfa “Makkabi”sinə 2 cavabsız qol vuran ağdamlılar iyunun 20-də keçirilən İntertoto kuboku matçını qalib kimi tərk edib.

 

20 ildə baş tutan 74 görüşdə 26 qələbəsi olan “Qarabağ” 27 dəfə uduzub. 21 heç-heçəsi olan komanda qələbə və məğlubiyyət sayında tarazlıq yaratmaq üçün PAOK-u üstələməlidi. Keçirdiyi görüşlərdə 93 qol buraxan çempionumuz rəqib qapılarına 72 dəfə yol tapıb. Məhsuldarlığın ən azı vahidə bərabər olması üçün 75-ci oyunda 75-ci qolu vurmaq zəruridi. Bunun üçün isə qonaqların qapısına 3 top vurulmalıdı.

 

Maraqlıdı ki, 75-ci matça 75-ci qol xəyalı ilə çıxacaq komanda Azərbaycan təmsilçilərinin 275-ci avrokubok görüşündə 75-ci qələbəsinin də müəllifi ola bilər. Çünki 1994-cü ildən qitə miqyaslı turnirlərdə çıxış edən komandalarımız indiyədək keçirdikləri 274 oyunda 74 dəfə qalib gəlib. Azarkeşlərimiz 71 heç-heçə və 129 məğlubiyyətə də şahid olublar.

 

Qeyd edək ki, “Qarabağ” – PAOK oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0