[b]Belarus II Avropa Oyunlarına ev sahibliyi etmək istəyir [/b]
18.10.2016 - 19:04
[b]Belarus II Avropa Oyunlarına ev sahibliyi etmək istəyir [/b]

II Avropa Oyunları Belarusda keçirilə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə TASS agentliyinə açıqlamasında Belarusun Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Maksim Rıjenkov məlumat verib.

 

O bildirib ki, 2019-cu ildə keçirilməli olan yarışa ev sahibliyi etmək fikirləri var. Amma bunun üçün bəzi güzəştlər edilməlidi: “Əgər Avropa Oyunlarının maddi tərəfi bizim üçün maraqlı olacaqsa, bu yarışı ölkəmizdə keçirmək variantını müzakirə etmək olar. Avropa Olimpiya Komitələri indiki şərtlər altında Avropa Oyunlarının formatında dəyişiklik etməyi düşünürlər ki, potensial ölkələri bu yükü öz üzərinə götürməyə cəlb edə bilsinlər. Söhbət bəzi xərclərin beynəlxalq təşkilatlar, Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Avropa Olimpiya Komitələri (AOK) tərəfindən qarşılanmasından gedir. Bundan əlavə, Avropa Oyunlarında maddi vəziyyətlə əlaqədar, bəzi idman növlərinin təxirə salınması təklif edilib”.

 

Rıjenkov əlavə edib ki, təkliflərin sırasında Avropa Oyunlarında yaxşı nəticə göstərən idmançılara Yay Olimpiya Oyunlarına lisenziya verilməsi də var: “İstərdik ki, əksər idman növləri üzrə Avropa Oyunlarına qatılan idmançılar uğurlu çıxış edəcəkləri təqdirdə, Tokio-2020-yə lisenziya qazanmaq hüququna yiyələnsinlər. Bu, yarışın statusunu bir qədər də qaldıracaq. Nəticədə Avropa Oyunlarına titullu idmançılar da qatılmaqda maraqlı olacaqlar. Belədə yarışın azarkeş kütləsi genişlənəcək, xaricdən çoxlu turist gələcək”.

 

Vitse-prezident Belarusun Avropa Oyunlarını keçirəcək gücdə olduğunu vurğulayıb: “Son vaxtlar ölkəmizdə baş tutan yarışlar göstərir ki, biz Avropa Oyunlarının təşkilatçılığını yüksək səviyyədə həyata keçirə bilərik”.

 

II Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin adı 20-22 oktyabr tarixlərində Minskdə keçiriləcək Avropa Olimpiya Komitələrinin Assambleyasında müəyyənləşə bilər.

 

Qeyd edək ki, ötən il keçirilən ilk Avropa Oyunlarına Azərbaycan ev sahibliyi edib.

0