[b]Medvedev meydandan şikayətləndi: Problemlər var[/b]
21.10.2016 - 00:14
[b]Medvedev meydandan şikayətləndi: Problemlər var[/b]

Avroliqanın qrup mərhələsinin III turu çərçivəsində baş tutan “Qarabağ” – PAOK oyunu çempionumuzun qələbəsi ilə başa çatdı. 2:0 hesabı ilə qalib gələn ağdamlıların ilk qolunun ötürməsini verən Maksim Medvedev qarşılaşma başa çatdıqdan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun haqqında fikirləriniz necədi?

- Gözlədiyimiz kimi oldu. Çalışdıq, vuruşduq, mübarizə apardıq. Rəqibi yaxşı incələməşdik. Çalışırdıq ki, diqqətli olaq. Görkəmli nəsə göstərə bilməsək də, əsas olan nəticəni qazandıq. Bu qələbə ilə yenidən yarışa qoşulduq. Növbəti oyunlarda motivasiya, özünəinam daha çox olacaq.

 

- PAOK-un bu məğlubiyyəti cavab oyunu öncəsi "Qarabağ"ın xeyrinə olacaq, ya ziyanına?

- Məncə, xeyrimizədi. Çünki artıq necə oynadıqlarını bilirik. İlk qarşılaşmaya çıxanda çəkinirdik, ancaq artıq məlumdu ki, hansı qüvvələri var, ikinci oyuna xüsusi olaraq hazırlaşacağıq.

 

- Matçın adamını siz seçəsi olsanız, kimə üstünlük verərdiniz?

- Açığı, onu demək bir az çətindi. Çünki bu gün nəticə göstərən də oldu, mübarizə aparan da. Ona görə xüsusi kimisə qeyd eləmək istəmərəm.  

 

- Meydança necə idi?

- Başlayanda pis deyildi. Sonradan həmişəki kimi. Bir az oynayan kimi problemlər ortaya çıxır və oynamaq çətin olur.

 

- İlk dəqiqələrdən bəzi ardıcıl səhvlər elədiz. Bu, mövqeyinizi tez-tez dəyişməkdən irəli gəlmir?

- Yox, onunla əlaqəsi yoxdu. Epizodların birində ayağım sürüşdü. Bayaq da dediyim kimi, meydançanın vəziyyətinə görə belə oldu. Çox sərbəst başladıq. İlk dəqiqələrdən qol vəziyyətləri yaratdıq. Rəqibə göstərdik ki, ev yiyəsi kimdi. Yəni, mövqe dəyişikliyi çətinlik yaratmadı.

 

- Avroliqa, Premyer Liqa, milli komanda, sonra yenidən Avroliqa... Çətinlik olmur?

- Əlbəttə, çətinlik oldu. “Sumqayıt”a qarşı başqa cür hazırlaşırsan, PAOK-a qarşı başqa. Həm də Avroliqa elədi ki, burda itirilən xalın sığortası olmur. Premyer Liqa isə uzun marafondu, sonradan itirilən xalları kompensasiya etmək olur.

 

0