[b]"Onlar haqda xoş sözlər demək olar" – Qara Qarayev[/b]
21.10.2016 - 02:11
[b]"Onlar haqda xoş sözlər demək olar" – Qara Qarayev[/b]

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev PAOK üzərində qazanılan 2:0 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb. 

 

- Qələbə qazandığınız oyunla bağlı təəssüratlarınız necədi?

- Azarkeşlərimizə təşəkkür edirəm. “Qarabağ” bu qələbəyə layiq idi. Layiqli və vacib qələbə qazandıq. Bu qalibiyyət bizi aldatmamalıdı. Qarşıdakı oyuna daha ciddi hazırlaşmalıyıq.

 

- Oyuna itkilərlə çıxmışdınız. Üstəlik, kapitan iynənin gücünə meydana çıxa bildi. Bu, hansısa bir narahatlıq yaratmışdımı?

- Sözsüz ki, Rəşad, Reynaldo, Miçel komandanın əsas və aparıcı üzvləridir. Onların yoxluğu problem yarada bilər. Bu gün çalışdıq ki, bunu hiss etdirməyək. Meydanda olmayanların dəstəyi də qələbədə rol oynadı.

 

- PAOK gözlədiyiniz kimi oynadı?

- Onlar haqda xoş sözlər demək olar. Qrupumuzun təhlükəli komandasıdı. Amma bu gün biz daha yaxşı oynadıq. Bəzi epizodlar oldu ki, daha yaxşı qapana bildik. Bu da bizə qələbə qazandırdı.

 

- Səfərdəki oyunda da bu cür oynayacaqsınız, ya dəyişikliyə ehtiyac var?

- Ordakı oyun 2 dəfə ağır keçəcək. Buna görə də səfərdə ikiqat əzmlə mübarizə aparmalıyıq. Daha diqqətli olmalı, səhvlər etməməliyik.

 

- Bu qələbəni qrupdan çıxmaq şansı baxımından ümid nöqtəsi demək olarmı?

- Qarşıda hələ 3 oyunumuz var, bu da 9 xal deməkdi. Bu gün uduzsaq belə, şansımızı itirmirdik. Razıyam, azalacaqdı, amma bu qələbə sonuncu tura qədər şansımızın davam edəcəyi deməkdi.

 

- Yunanıstan səfərinə qədər “Neftçi” ilə qarşılaşacaqsınız. Bu matçın necə, ağır keçəcəyini düşünürsüz?

- “Neftçi”nin durumundan asılı olmayaraq, hər zaman matçlar derbi ab-havasında keçib. Bu oyunda daha çətin “Neftçi” gözləyirik. Onlar ən yaxşı şəkildə mübarizə aparacaqlar bizə qarşı.

 

- Ehtiyat edirsiniz?

- Əlbəttə, ehtiyat olunmayası komanda yoxdu. Diqqətli olmasan, cəzalana bilərsən.

 

- Amma “Neftçi” əvvəlki kimi güclü deyil...

- Onlar bizə qarşı yaxşı motivasiya olurlar. Dönüş nöqtəsi kimi yanaşacaqlar. Belədə bizim üçün çətin bir oyun olacaq.

 

- Premyer Liqada ən uzunömürlü dueldi. Yenə derbi ab-havası duyulacaqmı?

- Bu, azarkeşlərdən asılıdı. Ab-havanı yaradan onlardı. Onların dəstəyi, oyuna marağı, yaratdıqları ajiotaj, ortam oyunu derbi halına gətirir. Azarkeşlərin gəlişindən çox şey asılıdı. Görək, onlar neynəyəcək.

0