[b]“Qarabağ” yuxarı, “Neftçi” aşağı![/b]
21.10.2016 - 12:23
[b]“Qarabağ” yuxarı, “Neftçi” aşağı![/b]

Avrokubokların qrup mərhələsinin III turunun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 16, Avropa Liqasının 24 qarşılaşması siyahıda müəyyən dəyişikliklərə səbəb olub.

 

Siyahıda Azərbaycanı təmsil edən 7 klub da var. Onlar arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. Ağdamlılar 15,9800 xalla 110-cu yerdə qərarlaşıb. Təmsilçimiz Avropa Liqasının qrup mərhələsinin III turunda PAOK üzərində qazanılan 2:0 hesablı qələbə ilə 5 pillə irəliləyib.

 

9,700 xala malik “Neftçi” isə geriyə doğru 3 addım atıb. Bakılılar 159-cu pillədədi. Hesabında 7,700 xal olan “Qəbələ” 179-cu yerdən 181-ciyə enib. Buna komandanın “Sent-Etyen”lə görüşdə xal qazana bilməməyi səbəb olub – 0:1.

 

220-ci yerdə qərarlaşan “İnter”in 5,950 xalı var. Lixtenşteyn “Vaduts”u ilə eyni - 4,450 xala malik “Xəzər Lənkəran” 280-ci yerə şərikdi. Digər komandalarımızdan “Kəpəz” (3,950) 301-ci, “Bakı” (3,700) 309-cudu.

 

İspaniya “Real”ının (150,342) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 139,213 xalla 2-ci, “Barselona” (İspaniya) 136,342 xalla 3-cü pillədə qərarlaşıb. Ümumilikdə isə siyahıda 453 komanda yer alıb.

 

 

0