[b]Ueyn Runini kölgədə qoyan futbolçularımız[/b]
21.10.2016 - 14:30
[b]Ueyn Runini kölgədə qoyan futbolçularımız[/b]

Avropa Liqasının qrup mərhələsinin I dövrəsindən sonra turnirin ən yaxşı futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ən yaxşı 100 oyunçu arasında 3 “azərbaycanlı” da var.

 

Dünya nəhənglərindən olan yarışın sponsoru “Fedeks”in reytinqinə “Zenit”in futbolçusu Juliano başçılıq edir. “Genk”in oyunçusu Leon Beyli 2-ci, “Fiorentina”nın xorvat legioneri Nikola Kaliniç 3-cüdü.

 

Azərbaycan təmsilçiləri arasında ən yaxşı Baqali Dabodu. “Qəbələ”nin fransalı legioneri siyahıda 87-ci yerdədi. Avropa Liqasının qrup mərhələsinin III turunun “Sent-Etyen”lə səfər matçını (0:1) zədə səbəbindən buraxan hücumçu 26 pillə geriləsə də, futbolçularımız arasında liderliyini qoruyub.

 

III turun matçından öncə 366-cı olan Dani Kintana isə 277 pillə irəliləyib. “Qarabağ”ın legioneri 89-cu pillədədi. Buna onun PAOK-la görüşdəki (2:0) çıxışı səbəb olub.

 

“Qəbələ”nin daha bir üzvü də reytinq cədvəlinin ilk “100-lüy”ündədi. Filip Ozobiç hazırda siyahının 97-cisidi. Xorvatiyalı son matçdan öncəki vəziyyətini 10 pillə pisləşdirib. Təmsilçilərimiz 99-cu olan Ueyn Runi kimi ulduzu da arxada qoyub.

 

Qeyd edək ki, “Fedeks” reytinqi futbolçuların avrokubok və milli çempionatdakı çıxışlarının analizi nəticəsində müəyyənləşir. 

0