[b]Poqba, Almeyda, Totti və başqaları[/b]
21.10.2016 - 16:38
[b]Poqba, Almeyda, Totti və başqaları[/b]

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının öncüllərindəndi. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu qrup mərhələsində ən çox ötürmə verən futbolçular sırasındadı.

 

Qrupdakı ilk 3 matçda ümumilikdə 216 ötürmə verən Almeyda bu baxımdan 4-5-ci yerləri bölüşür. Belə ki, “Zenit”in oyunçusu Aksel Vitsel də eyni sayda ötürmə ilə diqqət çəkib. Sıralamada ilk pilləni 339 ötürmə ilə Leandro Paredes (“Roma”) tutur. “Zenit”in mərkəz müdafiəçisi Luis Neto ikinci (234 ötürmə), “Mançester Yunayted”in orta sahə oyunçusu Pol Poqba isə (221) üçüncü yerdə qərarlaşır. Almeydadan 21 ötürmə az verən dünya ulduzu Françesko Totti (“Roma”) 10-cu pillədə özünə yer edə bilib.

 

Dəqiq ötürmə baxımından Almeyda 6-cı yeri tutur. 191 ötürməsi hədəfə çatan “sambaçı” dəqiqliyə görə yuxarıda adları sadalanan futbolçularla yanaşı, Bruno Sorianodan (“Vilyarreal”) da geri qalır.

 

Ən çox ötürmə verən oyunçular arasında faiz nisbətinə görə, Vitsel hamını qabaqlayır. Belçikalının ilk 3 qarşılaşmada 216 “pas”ından cəmi 211-i diqiq olub ki, bu da 98% deməkdi. Almeydada isə dəqiq ötürmə nisbəti 88%-di.

 

“Qarabağ”ın hücumçusu Dino Ndlovu isə yan xətt hakimlərinə ən çox əziyyət verən futbolçulardandı. Qrup mərhələsində 5 dəfə ofsaydda yaxalanan 26 yaşlı forvard yalnız Junior Kabananqa (“Astana” – 13 dəfə), Aritz Aduriz (“Atletik” - 9), Çeik Diabate (“Osmanlıspor” -  7) və Çarli Austindən (“Sauthempton” - 6) geri qalır.

 

“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç isə komandasına ən çox cərimə zərbəsi qazandıranlar arasındadı. Xorvatiyalı futbolçu 3 matçda ümumilikdə 10 dəfə kobudluğa məruz qalıb ki, bu baxımdan 6-cı futbolçudu. Ən çox zərbə alan futbolçu “Viktoriya”lı Martin Zemandı (13 dəfə). Ozobiç həm də qrup mərhələsində klublarımızın forması geyinən ən kobud futbolçudu. Belə ki, o, 7 dəfə sərt hərəkətlə hakimin matçı dayandırmasına səbəb olub.

0