[b]Yığmamızın sabiq futbolçusu, asan yem, amansız şimallılar və “Hamburq”[/b]
21.10.2016 - 18:08
[b]Yığmamızın sabiq futbolçusu, asan yem, amansız şimallılar və “Hamburq”[/b]

Futzal üzrə UEFA kubokunun elit-raundunun bu gün keçirilən püşkatması Azərbaycan çempionu “Araz”ı tanış simalarla üz-üzə qoyub. Apasport.az saytının məlumatına görə, noyabrın 22-27-də Xorvatiyada keçiriləcək qarşılaşmalarda Naxçıvan klubunun əsas rəqibi “Yuqra” hesab olunur.

 

UEFA kubokunun hazırkı qalibi təkcə Rusiyanın deyil, Avropanın ən güclü klublarından biridi. Bu komandanı isə “Araz”ın yaxın keçmişdəki rəqibi Kaka çalışdırır. “Neftçi” İSM-də oynayan baş məşqçi kimi çıxış etdiyi vaxt milliləşdirilərək Azərbaycan yığmasına da cəlb olunan braziliyalı çempionatımızda üstələyə bilmədiyi “Araz”dan revanşı daha sanballı turnirdə almaq arzusundadı. UEFA kubokunu qazandırdığı komanda ilə uğurunu təkrarlamaqda iddialı olan Kakanın klubu ilk dəfə naxçıvanlılarla üz-üzə gələcək. Lakin çempionumuz 3 dəfə şimallılarla görüşüb. Bütün qarşılaşmalarda da Rusiya komandaları qalib gəlib.

 

09.11.2008. “Dinamo-Yamal” (Rusiya) - 2:4

25.11.2010. “VİZ-Sinara” (Rusiya) - 2:3

19.11.2014. “Dina” (Rusiya) - 4:5

 

“Araz” üçün Xorvatiyadakı elit-raundun meydan sahibi olan “Nasional” da tanış rəqibdi. Çempionumuz 2008-ci ildə də bu komanda ilə görüşüb. Həmin vaxt təmsilçimiz 4:3 hesabı ilə qalib gəlib. Bu ölkə təmsilçiləri ilə 4 dəfə qarşılaşan “Araz” 3 dəfə meydanı qalib tərk edib. Yalnız bir dəfə heç-heçəylə kifayətlənən təmsilçimiz üçün bu rəqibi də dişinə görə saymaq olar.

 

12.10.2006. “Split” (Xorvatiya) - 5:3

08.11.2008. “Nasional” (Xorvatiya) - 4:3

04.10.2009. “Podpiçan” (Xorvatiya) - 4:4

13.10.2012. “Split” (Xorvatiya) - 5:1

 

Çempionumuzun sonuncu rəqibi Almaniya “Hamburq”u qrupun aşkar autsayderi sayılır. İndiyədək almaniyalılarla görüşməyən naxçıvanlılar elə ilk qarşılaşmadan rəqibinə gücünü göstərməlidi.

0