[b]Naqanodan başlanan “ağ yol” - LAYİHƏ[/b]
22.10.2016 - 11:05
[b]Naqanodan başlanan “ağ yol” - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Olimpiada: Azərbaycan üçün “idman ölkəsi” imicini təsdiqləmək imkanı” istiqamətindəki qalib olan mövzunu yekunlaşdırır. Atletlərimizin 4 illiyin möhtəşəm yarışında keçdiyi yolu əhatə edən 12 yazıdan sonuncusu “Azərbaycanlılarsız Azərbaycan millisi”nə həsr edilib. Yazıda “qış”ı və bu idman növləri üçün lazımı infrastrukturu olmayan ölkəmizin Qış Olimpiya Oyunlarında çıxışına toxunacağıq.

 

Şamonidən başlayan tarix

Azərbaycan idmançılarının Qış Olimpiadasında çıxışına toxunmazdan öncə bu yarışın tarixinə qısa nəzər salmaq lazımdı. Hələ 1894-cü ildə ilk Oyunların keçirilməsi nəzərə alınanda Beynəlxalq Olimpiya Komitəsi (BOK) fiqurlu konkisürməni də Yay Olimpiya Oyunlarının proqramına salmaq niyyətində idi. Ancaq bu arzu yalnız 1908-ci ildə baş tutdu. Həmin vaxt Yay Olimpiya Oyunlarının proqramına daxil olan fiqurlu konkisürmədə 4 medal dəsti sahibini tapdı. Artıq 3 il sonra BOK yeni qərar qəbul etdi. Bu qərara əsasən növbəti Yay Olimpiya Oyunları çərçivəsində “Qış idman növləri həftəsi” keçirilməli idi. Lakin 1912-ci ildə yarışı qəbul edən İsveç Şimal Oyunlarının nüfuzuna xələl gətirməmək üçün bu yeniliyə əngəl oldu. 1920-ci ildə isə fiqurlu konkisürmə ilə yanaşı, hokkey də Olimpiadanın proqramına daxil edildi. BOK-un istəyi isə yalnız 1924-cü ildə gerçəkləşdi. Fransanın Şamoni şəhərində “VIII Olimpiya Oyunlarına həsr olunan beynəlxalq idman həftəsi” təşkil edildi. Bu yarış gözlənilmədən o qədər populyarlıq və uğur qazandı ki, sonradan həmin həftə ilk Qış Olimpiadası kimi tarixə düşdü.

 

Şamonidəki idman həftəsinə gəlincə, burda 9 idman növü üzrə 16 dəst medal öz sahibini tapdı. Bununla da startı verilən “Ağ Olimpiada”lar 1992-ci ilə qədər Yay Olimpiya Oyunları ilə eyni ildə keçirildi. Hər 2 turnirin eyni ildə keçirilməsi ənənəsinə təxminən SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik əldə etməsi ilə son qoyuldu. 1992-ci ildən sonra 2 illik intervalla təşkil olunan Lillehammer-1994 yeni ardıcıllığa yol açdı. Həmin vaxtdan başlayaraq, yenə 4 ildən bir keçirilən Qış Oyunları Yay Olimpiadası keçirilməyən cüt illərdə təşkil olunur.

 

Naqanoda gerçəkləşən ilk

SSRİ dönəmində İttifaqın cənub hissəsini təmsil etdiyimizdən bizim üçün Qış Olimpiya Oyunları yalnız televiziyada izləyə biləcəyimiz yarış idi. Burada daha çox eyni ölkəni təmsil etdiyimiz və əsasən şimal qonşularımızdan təşkil olunan yığmaya azarkeşlik edirdik. SSRİ-nin dağılmasından sonra 1992-ci ildə MDB millisi Albervillə yollanmışdısa, Lillehammer-1994-dən başlayaraq, Azərbaycan da daxil olmaqla bütün postsovet məkanı ölkələrinin bu turnirə yolu açılmışdı. Amma tarixi boyu Qış Olimpiya Oyunlarını inkişaf etdirməyən, bu sahəyə yad kimi yanaşan ölkəmiz qısa müddətdə Norveçdə təmsil oluna bilməzdi.

 

Milli Olimpiya Komitəsinin və Qış İdman Növləri Federasiyasının səyləri ilə Azərbaycan üçün ekzotik olan növlər üzrə komandalar da yaradılmağa başladı. Ölkəmizdə məşq və yarışlar üçün infrastruktur olmadığından xaricdə hazırlıq keçən idmançılarımız Olimpiadada debütə doğru addımlayırdı. Əslində, atletlərimizin özləri də xaricdən yığmamıza cəlb olunurdu. Bunun ən sadə səbəbi Azərbaycanda bu idman növü ilə məşğul olanların yoxluğu idi.

 

1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilən Olimpiadada isə ilk Azərbaycan təmsilçisi peyda oldu. Bayrağımızın ilk dəfə dalğalandığı “Ağ Olimpiada”da millimiz 5 idmançı ilə təmsil olundu. Fiqurlu konkisürmə və dağ xizəyində mübarizə aparan təmsilçilərimiz “Gündoğar ölkə”yə Pyer de Kubertinin devizinə uyğun şəkildə yollanmışdılar. Elə bunun nəticəsidi ki, Naqanodakı rekordumuz 16-cı yer oldu.

 

18 illik rekord

Naqanodan başlayaraq daim Qış Olimpiya Oyunlarda iştirak edən Azərbaycan yığması artıq 5 yarışı arxada qoyub. Sonradan 4 Olimpiadada çıxış etsək də, idmançılarımızın ən yaxşı nəticəsi uzun müddət məhz Yaponiyada əldə olunan göstərici hesab edilib. Fiqurlu konkisürmə üzrə qadınların yarışında Yuliya Vorobyova, kişilərin mübarizəsində isə İqor Paşkeviç turniri 16-cı yerdə başa vurub. Bu göstərici 16 ildən sonra yenilənib. 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən yarış zamanı Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü fiqurlu konkisürmənin buz üstə rəqslər növündə yeni rekord müəyyənləşdirib. İdmançılarımız Olimpiadanı 12-ci yerdə başa vurublar.

 

Ümumiyyətlə, turnirdə 2 növdə - fiqurlu konkisürmə və dağ xizəyində təmsil olunan Azərbaycan daha çox birincilərin çıxışı ilə təsəlli tapa bilər. Çünki onlar demək olar ki, daima ilk “20-lik”də yer alıblar. Yeganə istisna, Solt-Leyk-Siti-2002-də uğursuz çıxış edən Sergey Rılovdu. O, mübarizəni 22-ci yerdə bitirib.

 

Ümid işığı yandıran 7 çıxış

İdmansevərlərimiz Qış Olimpiya Oyunlarında hansısa medalı xəyalına gətirməsə belə fiqurlu konkisürənlərimizin çıxışı zamanı onlarda ən azı yaxşı nəticəyə ümid işığı yaranıb. Əsasən bu növdə ənənələrə malik idmançılardan qeyri-adi nəsə gözlənilməsə də, onların “onluğa”, hətta “altılığa” düşməsini arzulamaq olardı. Naqanoda rekord sayda – 3 növdə təmsil olunan konkisürənlərimiz 5 Olimpiadadan 4-də buz üzərinə çıxıb. Bu 4 yarışa təsadüf edən 7 çıxışımızdan 2-si kişilərin, 1-i qadınların, 1-i idman cütlərinin, 3-ü isə idman rəqslərinin hesabına düşür. Sonuncu növdə 3 iştirakdan 2-si Kristina Frezerlə İqor Lukanin aktivindədi. Konkisürənlərimizdən yalnız onlar 1-dən artıq yarışa qatılıblar.

 

“Ağ Olimpiada”nın iştirakçısı olan 9 konkisürənimizin cəlb olunduğu ölkələrə gəlincə, komandamızın 2 ölkədən gələnlərdən təşkil olunması diqqət çəkir. 2 Oyunların iştirakçısı olan Frezer ABŞ-dan millimizə dəvət edilibsə, digər 8 idmançı qonşu Rusiyanın yetirmələridi.  

 

Finiş axtarışında

Dağ xizəyi üzrə yığmamız da 4 Olimpiadanın iştirakçısı olub. Lakin onların iştirakına tam mənada yanaşmaq da mümkün deyil. Çünki ölkəmiz üçün ekzotik olan bu idman növündəki təmsilçilərimiz 9 dəfə iddiaçılar arasına düşsə də, onlardan yalnız 3-də finiş xəttinə çata bilib. Bu növdəki ilk təmsilçimiz Elbrus İsakov Naqanoda start xəttinə çıxa bilməyibsə, 4 il sonra ABŞ-da startla-finiş arasında “itib”.

 

Bu uğursuzluqdan sonra Turin-2006-da dağ xizəyində təmsil olunmamışıq. 2010-cu ildən isə komandamıza universal idmançılar cəlb olunub. Belə ki, Vankuverdə Sedrik Notsla Qaya Bassani Antivari, 4 il sonra Soçidə isə Patrik Braxner 2 növdə mübarizə aparıb. Lakin onların 3-ü də nəhəng slalomda finişə çatsa da, slalomda yarıyolda qalıblar. Antivarinin 2014-cü ildəki slalomda cəhdi də uğursuz alınıb. O, zədələndiyi üçün starta çıxmayıb. Bir sözlə, dağ xizəyi idmanındakı çıxışlarımız nəhəng slalomdakı 3 nəticədən ibarətdi. Onlar arasında ən yaxşı göstərici 53-cü olan Braxnerə məxsusdu. Antivari 57-ci, Nots isə 72-ci olub. Bu idman növündəki 4 təmsilçimizin yetirməsi olduğu ölkələrin siyahısı isə beynəlmiləlliyi ilə seçilir: İsakov Gürcüstanı, Antivari İtaliyanı, Nots İsveçrəni, Braxner Avstriyanı ölkəmizə dəyişib. Elbrus həm də Qış Olimpiya yığmamızın ən gənc üzvü kimi də tariximizə düşüb.

 

Naqano-1998

Yuliya Vorobyova

Fiqurlu konkisürmə

16-cı yer

İqor Paşkeviç

Fiqurlu konkisürmə

16

İnqa Rodionova-Aleksandr Aniçenko

Fiqurlu konkisürmə

18

Elbrus İsakov

Dağ xizəyi (slalom)

Xəstələndiyi üçün starta çıxmayıb

Solt-Leyk-Siti-2002

Sergey Rılov

Fiqurlu konkisürmə

24

Kristina Frezer-İqor Lukanin

Fiqurlu konkisürmə

17

Elbrus İsakov

Dağ xizəyi (slalom)

I cəhddə mübarizəni dayandırıb

Turin-2006

 

Kristina Frezer-İqor Lukanin

Fiqurlu konkisürmə

19

Vankuver-2010

Sedrik Nots

Dağ xizəyi

Nəhəng slalom
Slalom

 

72
Çıxışını başa vura bilməyib

Qaya Bassani Antivari

Dağ xizəyi
Nəhəng slalom
Slalom


57
Çıxışını başa vura bilməyib

Soçi-2014

Patrik Braxner

Dağ xizəyi

Nəhəng slalom
Slalom

 

53
Çıxışını başa vura bilməyib

Qaya Bassani Antivari

Dağ xizəyi
Nəhəng slalom
Slalom


Starta çıxmayıb
Starta çıxmayıb

Yuliya Zlobina-Aleksey Sitnikov

Fiqurlu konkisürmə

12

 

Bizim “13-lük”

5 Olimpiada ərzində ölkəmizin şərəfini ümumilikdə 13 idmançı qoruyub. Heç birinin idmanımızın yetirməsi olmadığı bu atletlərdən 4-ü - İsakov, Antivari, Lukanin və Frezer 2 yarışa Azərbaycan bayrağı altında yollanıb. Lakin idmançılarımız arasında elələri də olub ki, Oyunlarda debütünü başqa bayraq altında gerçəkləşdirib. Bunlar İqor Paşkeviç və Yuliya Vorobyovadı. Bu 2 konkisürəndən sonuncusu Azərbaycan idmanı tarixinə qış olimpiadalarında bayrağımızı aparan ilk şəxs kimi düşüb. Yuliya Naqanodakı debütümüz zamanı komandamızın bayraqdarı olub. 2002-ci ildə bu funksiyanı digər fiqurlu konkisürən Sergey Rılov icra edibsə, növbəti 2 yarışda bunu idmançılar deyil, rəsmilər həyata keçiriblər. 2006-cı ildə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Mirkamil Rəhimov, 4 il sonra Azərbaycan Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev açılış mərasimində bayrağımızı daşıyıb. Bayraqdar vəzifəsinin icraçısı olan ilk dağ xizəkçimiz isə Patrik Braxner olub. O, Soçidə yığmamızın önündə gedib.

 

 

İdmançı

Yetirməsi olduğu ölkə

Təvəllüdü

Olimpiada sayı

İqor Paşkeviç

Rusiya

1971

2 (Lillehammer-1994; Naqano-1998)

Aleksandr Aniçenko

Rusiya

1975

1 (Naqano-1998)

Yuliya Vorobyova

Rusiya

1974

2 (Albertvil-1992;
Naqano-1998)

Elbrus İsakov

Gürcüstan

1981

2 (Naqano-1998;
Solt-Leyk-Siti-2002)

İnqa Rodinova

Rusiya

1980

1 (Naqano-1998)

Kristina Frezer

ABŞ

1980

2 (Solt-Leyk-Siti-2002;
Turin-2006)

İqor Lukanin

Rusiya

1976

2 (Solt-Leyk-Siti-2002;
Turin-2006)

Sergey Rılov

Rusiya

1975

1 (Solt-Leyk-Siti-2002)

Qaya Bassani Antivari

İtaliya

1978

2 (Vankuver-2010;
Soçi-2014)

Sedrik Nots

İsveçrə

1974

1 (Vankuver-2010)

Patrik Braxner

Avstriya

1992

1 (Soçi-2014)

Yuliya Zlobina

Rusiya

1986

1 (Soçi-2014)

Aleksey Sitnikov

Rusiya

1989

1 (Soçi-2014)

 

44 ölkənin sevindiyi olimpiadalar

İlk 4 Oyunlarda medal dəsti 20-ni keçməyən yarışda həm idman növləri, həm də iştirakçı sayı ilbəil artıb. Son Olimpiadada artıq 98 medal dəsti sahibini tapıb ki, növbəti Olimpiadada bu rəqəmin 100-ü keçməsi planlaşdırılır.

 

İndiyə qədər baş tutan 22 turnirdə 44 ölkədən olan idmançılar fəxri kürsüdə yer alıblar. Medal sayında aşkar lider Norveçdi. Ümumilikdə 329 mükafatı olan skandinaviyalılar 118 qızıl, 111 gümüş və 100 bürünc medal əldə edib. ABŞ-ın 281 (96-102-83), Almaniyanın 228 (86-84-58) mükafatı onların ilk “üçlük”də qərarlaşmasına imkan yaradıb.

 

Lakin Rusiyanı SSRİ və MDB-nin varisi hesab edənlərin iddiası qəbul olunarsa, bu ölkənin qazandığı medallar hamıdan çoxdu. SSRİ 78, MDB 9 və Rusiya 49 dəfə çempionluq sevinci yaşayıb. Bu yekunda 136 qızıl medaldı ki, norveçlilər də buna yalnız həsəd apara bilərlər.

 

Ancaq sonradan birləşən AFR-la ADR-ın, həmçinin onları birləşdirən Almaniya millisinin də ümumilikdə 136 “qızıl”ı var. Olimpiadada ən çox medal alanlar sırasına Kanada, İsveç, Avstriya, İsveçrə, Finlandiya kimi ölkələr də düşüblər. 

 

Ümumilikdə isə Qış Olimpiya Oyunlarında medal qazanan ölkələr arasında Rumıniya, Yeni Zelandiya, KXDR, Macarıstan və Özbəkistan kimi o qədər də şimal ölkəsi olmayanlar da var.

 

Tahir HÜMMƏTOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

0