[b]“Mənim üçün xoşdu, öz qapıma qol vurmaq?” – MÜSAHİBƏ[/b]
26.10.2016 - 02:00
[b]“Mənim üçün xoşdu, öz qapıma qol vurmaq?” – MÜSAHİBƏ[/b]

“Neftçi”nin müdafiəçisi Jairo Rodriges “Qarabağ”la oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb. Matçın son dəqiqəsində öz qapısına qol vuran braziliyalı maraqlı fikirlər səsləndirib.

 

- Oyunla bağlı deyəcəyiniz nəsə var?

-  Bugünkü rəqibimizin kim olduğunu hamı yaxşı tanıyırdı. “Qarabağ” bütün komponentlərdə çox güclüydü. Çalışdıq ki, onlara qarşı layiqli mübarizə aparaq, meydanı xalla tərk edək. Amma bacara bilmədik. Bir daha azarkeşlərimizdən üzr istəyirəm. Onlar haqlıdırlar, bizdən nəticə tələb edirlər. Ancaq ümidləri doğrulda bilmirik. Öz adıma deyirəm, nə bacardımsa, meydanda etməyə çalışdım.

 

- Özünüzü antiqəhrəman hesab edirsiniz? Avtoqol müəllifi olduğunuza görə...

- Bu sizin fikrinizdi. Yenə hörmətlə yanaşıram. Amma hərənin fikri özündə qalsın.

 

- İlk dövrədə “Qarabağ”la baş tutan oyunda da öz qapınıza qol vurmuşdunuz. Onlara qarşı sindromunuz var?

- Bilirəm, birinci oyunda da avtoqol müəllifi olmuşam, indidə də. Sizə nə cavab verim? Mənim üçün xoşdu, öz qapıma qol vurmaq?

 

- Komandada mütəmadi dəyişiklik edilir. Baş məşqçi dəyişir, heyətdə rotasiyalar edilir. Amma bataqlıqdan çıxmaq mümkün olmur. Bununla bağlı sizin bir fikriniz varmı?

- Her məğlubiyyətdən sonra üzərimizdə daha çox çalışırıq. Hər şeyi edirik ki, nəticələr yaxşılığa doğru dəyişsin. Bəli, baş məşqçimiz dəyişdi, heyətə yeni futbolçular cəlb edildi – bunlar hamısı komandanı gücləndirmək, yaxşı nəticələr qazanmaq üçündü. İnanın, hamımız əlimizdən gələni maksimum dərəcədə etməyə çalışrıq ki, burdan qalib ayrılaq. Amma nə baş verir, anlaya bilmirəm. Başa sala bilmirəm.

 

- “Kəpəz” üzərində qələbədən sonra dediniz ki, bu nəticə uğurlu seriya yaxalamağımız üçün təsiredici amil olacaq. Amma dəyişən heç nə yoxdu...

- Düzdü, bu sözü demişəm. Geri çəkilmirəm. Elə futbolçumuz yoxdu ki, desin meydana xal itirməyə və ya uduzmaq üçün çıxmışıq. Mümkün deyil. Çalışırıq, amma alınmır. Futboldu, nə baş verdiyini izah edə bilmirəm.

 

- Artıq azarkeşlər stadiona komandanı dəstəkləməyə yox, “istefa”ya, legionerləri ölkələrinə çıxıb getməyə səsləyirlər. Onları anlamaq istəmirsiz?

- Onları anlayırıq. Azarkeşlərimiz “Neftçi” ilə yaşayırlar. Yaxşı nəticələr qazanmağa öyrəşiblər. Son illərdə bunu edə bilmirik. Onlara haqq qazandırıram. Hər məğlubiyyətdən sonra çox üzülürük, çölə-bayıra çıxa bilmirik. İnanın, eve gedəcəm, yenə yuxum gəlməyəcək. Hər oyunda daha yaxşı çıxış etmək üçün əlimdən gələni edirəm. Kimsə mənim həvəssiz oynadığımı deyə bilməz.

 

- Komanda yoldaşınızın azarkeşə qarşı hərəkətini qınayırsınızmı?

- Ona düzgün etmədiyini dedim. İçəridə də bu haqda dedim sözümü. Amma heç kimə haqq verilməyib ki, meydana çıxsın və futbolçunu vursun. Həmin anda emosiyalar gərilmişdi, gözləmək olardı ki, “partlayış” olacaq. Azarkeşin ora gəlməsi bunun baş verməsinə səbəb oldu.

0