[b]Millimiz mübarizəni dayandırdı[/b]
28.10.2016 - 09:41
[b]Millimiz mübarizəni dayandırdı[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsini adlaya bilməyib. Apasport.az saytının məlumatına görə, Rumıniyada keçirilən VI qrupun ilk iki matçında uduzan Vüqar Məmmədin yetirmələri üçün son tur formal xarakter daşıyacaq.

 

Belə ki, İngiltərəyə 0:2, Avstriyaya 1:3 hesabı ilə uduzan yığmamız Rumıniya ilə son turun görüşündə heç nə verməyən 3-cü yer üçün mübarizə aparacaq. Düzdü, yarışların reqlamentinə əsasən hər qrupda ilk iki yeri tutanlar, həmçinin ən yaxşı nəticəyə malik 5 üçüncü yer sahibi elit-raunda yüksəlməlidi.

 

Lakin millimiz də, Rumıniya da ən yaxşı 3-cü olmaq imkanını əldən verib. Çünki bu komandaların müqayisəsi zamanı onların ilk 2 yer sahibi ilə matçları əsas götürülür. Millimiz isə ilk iki pilləni təmin edən İngiltərə və Avstriya ilə görüşlərdə xal qazana bilməyib. Xal hesabı 0-a bərabər olan yığmamızın top fərqi 1:5-di.

 

Artıq mübarizəsi başa çatan qruplara baxsaq, komandamızın “beşlik” şansı qalmayıb. Çünki Ukrayna, Çexiya, Monteneqro liderlərdən 1 xal qoparıb. Xala həsrət qalan Bolqarıstan və Qazaxıstan da isə topların fərqi “-3”dü. Bu isə o deməkdi ki, Azərbaycan yığması üçün Avropa çempionatını bitmiş saymaq olar. Liderlərdən daha çox top buraxan Rumıniya yığması üçün də son tur formal olacaq.

0