[b]Rəşad Qasımov: ...birini yiyəsinə verərəm, digərini özümlə apararam - MÜSAHİBƏ[/b]
28.10.2016 - 15:34
[b]Rəşad Qasımov: ...birini yiyəsinə verərəm, digərini özümlə apararam - MÜSAHİBƏ[/b]

“İnter”in sabiq prezidenti Rəşad Qasımovun apasport.az saytına müsahibəsi

 

- “İnter”in prezidenti postunda heç bir il qalmadınız. Belə tez gedişinizin səbəbi nə oldu?

- Mən “İnter”i qəbul edəndə bu komandanın hansı vəziyyətdə olduğunu bilirsiniz. Klublar Komitəsi ilə görüşəndə də demişdim ki, əsas hədəf klubun yaşamasıdı. Yəni “İnter”ə gəlişimin məqsədi klubu ayaqda saxlamaq idi. Biz bunu bacardıq, klubu yaşatdıq. Hazırda “İnter”in heç kimə bir qəpik də borcu yoxdu. Heyətlə bağlı da bir problem olduğunu düşünmürəm. Yəqin razılaşarsınız ki, indi “İnter”in həm əsas, həm də əvəzedici heyəti rəqabətə davamlıdı. Komanda peşəkar futbolçulardan qurulub. Hər şey göz önündədi. Sadəcə, həyatda elə bir an olur ki, hansısa qərarı qəbul etməli olursan. Başqa bir sahədə özümü sınamaq şansım yarandı. Orda mənə ehtiyac var. Bir əlimdə iki qarpız saxlamağım qeyri-mümkündü. Belədə sonra hər iki qarpızdan olardım. Bu üzdən birini yiyəsinə verərəm, digərini özümlə apararam.

 

- Sizin yerinizə müvəqqəti təyin olunan klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayev açıqlamasında deyib ki, şəxsi biznesinizə görə bu vəzifədən ayrılmısınız. Bu doğrudumu?

- Şəxsi biznes deyil. Sadəcə, iş həcmi kifayət qədər böyük olan tam başqa bir sahədi. Onun açıqlamasının indi heç bir mənası yoxdu. Çünki qərar artıq verilib.

 

- “İnter”ə cəmi 10 ay rəhbərlik etdiniz. Necə düşünürsünüz, işinizin öhdəsindən gələ bildinizmi?

- Onsuz da, insanın arzuladığı qədər iş görməsi çox çətindi. Təbii ki, mən çox şey istəyərdim. Amma reallıq var. Hesab edirəm ki, üzərimə düşən işin öhdəsindən tam gəldim.

 

- Klubda görəcəyiniz işlər var idi, yoxsa missiyanızı tamamladınız?

- Futbol geniş sahədi, burda inkişaf üçün sərhəd yoxdu. Sadəcə, futboldakı missiyam artıq başa çatdı.

 

- “İnter”ə ən çətin vaxtında gəldiniz və klubu bu ağır durumdan çıxardınız. Komanda xoş günə çıxdığı bir vaxtda getməyiniz gözlənilməz oldu...

- Bundan savab iş ola bilərmi? Mən qazandığımı insan yox, Allah qarşısında qazanıram. Məni tanıyanlar bunu başa düşməlidilər. Təəssüf ki, bəzi media orqanları indiyə qədər mənasız şeylər yazırlar. Mənim onlara deyəcək bir sözüm yoxdu. Yalnız öz həyatımı yaşayıram. Heç bir insan qarşısında da cavab verən deyiləm.

 

- Qısa müddətdə mətbuatla mehriban münasibət qurdunuz, kifayət qədər hörmət qazandınız. Bəlkə futboldakı çirkinlikləri görüb getmək qərarına gəldiniz?

- Azərbaycan futbolunun böyük gələcəyi var. Həmçinin zəngin keçmişi də olub. Evdə gördüklərimə əsasən belə deyirəm. Atam Gəncə futbolunun parlaq nümayəndəsidi və bununla fəxr edirəm. Futbolumuzun indiki dövrü də yaxşıdı. Ağabala Ramazanov, Rauf Əliyev, Ruslan Abışov, Bədavi Hüseynov kimi parlaq futbolçularımız var. Millimizin bu il göstərdiyi nəticə onu deməyə əsas verir ki, futbolumuzu gözəl gələcək gözləyir. Hazırda böyük işlər görülür. Qalmaqal axtarmaq yox, futbola dəstək olmaq lazımdı. Hamımız birləşib milliyə, AFFA-ya kömək etməliyik. Çünki onların buna ehtiyacı var.

 

- “İnter”lə münasibətiniz tamam kəsiləcək, yoxsa komandanın oyunlarına gəlməkdə davam edəcəksiniz?

- Əlbəttə, gələcəm. Ölkədə olduğum zaman daim kluba dəstək verəcəm, gəlib oyunlarına baxacam. Mən küsülü getmirəm ki. Sadəcə, öz profilimi dəyişirəm. İmkanım olduqca “İnter”in matçlarını tribunadan izləyəcəm.

 

- Gələcəkdə yenidən bu sahəyə qayıtmağınız mümkündümü?

- Hər şey ola bilər. Heç nədən sığortalana bilmərik. Bu, həyatdı, çox şey dəyişə bilər.

 

Ruslan SADIQOV

 

0