[b]Azərbaycan yığmasından biabırçı məğlubiyyətlər[/b]
07.11.2016 - 11:50
[b]Azərbaycan yığmasından biabırçı məğlubiyyətlər[/b]

Beynəlxalq Tələbələr Basketbol Liqasının yeni mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanı yarışda 18 yaşadək yığmamız təmsil edib.

 

C divizionunda, “cırtdan ölkələr” arasında “hegemonluq” edən komandamız Gürcüstanın paytaxtı Tiflisdən boynubükük qayıdıb. Heyətinin əsasını milliləşdirilmiş oyunçular və U-20 komandamızın üzvləri təşkil edən yığma keçirdiyi hər 3 matçı biabırçı hesabla uduzub.

 

Belə ki, A qrupunda yer alan təmsilçimiz ilk oyununu Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasının komandasına qarşı keçirib. Rusiyalılar basketbolçularımıza nə az, nə çox 58 top fərqi ilə qalib gəliblər – 84:26. Hətta elə hissə olub ki, millimiz cəmi 3 ya 6 xal toplayıb (20:6; 24:7; 13:10; 27:3).

 

Ardınca yığmamız Gürcüstan Texniki Universitetinin komandası ilə qarşılaşıb. Rəqib bu dəfə də təmsilçimizə basketbolun necə oynamasını başa salıb. Gürcülər görüşü 77:44 (18:15; 18:5; 18:5; 23:8) hesabı ilə xeyirlərinə bitiriblər.

 

Yığmamız sonuncu matçında şimal qonşularımızın digər təmsilçisi - Ural Federal Universiteti ilə üz-üzə gəlib. Bu görüş də basketbolçularımız üçün uğursuz alınıb. Basketbolçularımız 51:82 (11:20; 12:23; 17:14; 11:25) hesabı ilə uduzublar.

 

Beləliklə, 3 oyunun 3-də də məğlub olan, ən yaxşı halda rəqibindən 31 top geri qalan komandamız yarışla vidalaşıb.

 

Azərbaycan Basketbol Federasiyası əsas yığmamızın demək olar ki, fəaliyyətini “dondurub” əsas diqqəti U-16, U-18 və U-20 komandalarına yönəltsə də, onlar heç də uğurlu gələcək vəd etmirlər. Tiflisdən biabırçı nəticə ilə dönəcəyini gözləyən qurum isə nəinki nəticələri, heç yarışa yollanmağı belə rəsmi saytlarına yerləşdirməyib.  

 

0