[b]“Danışıqlar aparırıq ki, Azərbaycan Qran-prisinin tarixini dəyişək” - Arif Rəhimov[/b]
09.11.2016 - 12:14
[b]“Danışıqlar aparırıq ki, Azərbaycan Qran-prisinin tarixini dəyişək” - Arif Rəhimov[/b]

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov “autosport.com.ru”ya müsahibə verib. Apasport.az xəbər verir ki, o, Bakıda keçirilən Avropa Qran-prisinin yekunlarından danışıb və 2017-ci ildə baş tutacaq yeni yarışla bağlı fikirlərini açıqlayıb.

 

- Fernando Alonso bu il Bakıda keçirilən Avropa Qran-prisinin səfiri idi. Növbəti ildə reklam kampaniyası çərçivəsində onun iştirakı ilə hər hansı bir tədbir planlaşdırılırmı? 

- Hələlik yox. Çünki biz hələ səfirlərlə işləməyə başlamamışıq. Hazırda bu məsələləri müzakirə edirik. Çox güman ki, tezliklə bunu biləcəksiz. Lakin hələlik bu istiqamətdə heç bir iş görülməyib.

 

- Belə çıxır ki, Fernandonun əvəzlənməsi mümkündü?

- Biz onu 2016-cı ilin yarışı üçün seçmişdik. Gələn illə bağlı hələ onunla danışıqlara başlamamışıq.

 

- Avropa Qran-prisində pilotla əməkdaşlıqdan nə dərəcədə razı qaldınız?

- O, bizə çox köməklik etdi. Fernandonun böyük azarkeş ordusu var və onları yarışımıza cəlb edə bilmişdi.

 

- Neftçilər prospektində “Formula1” üçün çəkilən asfalt qalırmı? Və yerli sakinlər indi orada yarışırlarmı?

- Bəli, qalır və növbəti yarışı gözləyir.

 

- Bəs Avropa Qran-prisi adının Azərbaycan Qran-prisinə dəyişdirilməsi sponsor axtarışı ilədi?

- Deməzdim ki, yarışın adının dəyişdirilməsi potensial sponsorların qərarına təsir edəcək. Bu, bizim qərardı və yarışın təbliğinə kömək məqsədi daşıyır. İndi xarici turistlər daha aydın başa düşəcəklər ki, hansı ölkəyə gəliblər. Sponsorluğa gəlincə, qərarın qəbul edilməsi üçün bunun həlledici faktor olacağına əmin deyiləm.

 

- Gələcəkdə yarış tarixinin Le Manın 24 saatlıq əfsanəvi marafonu ilə üst-üstə düşməsindən “qaçırılması” mümkündürmü? Çünki çoxları üçün, elə sizin üçün də bu hal böyük minusdur…

- Əlbəttə, bu hal arzuolunmazdı. Hazırda biz tarixin dəyişdirilməsi üçün danışıqlar aparırıq. Amma hələlik deyə bilmərəm ki, hər şey istədiyimiz kimi olacaq və əgər dəyişərsə, onda nə vaxt olacaq. “Formula-1”in təqvimi çox mürəkkəbdi. 8 ay ərzində 21 yarış, çox gərgin və sıx qrafikdi. Ona görə də təqvimi çox yaxşı öyrənmək lazımdı ki, bizim yarış üçün başqa bir tarix tapmaq mümkün olsun. Ümid edirəm ki, biz daha münasib tarix tapa biləcəyik. Yeni tarixi biz tezliklə biləcəyik. Təxminən bir aydan sonra, dekabrın ilk həftəsində FİA-nın Avtoidman üzrə Ümumdünya Şurası gələn ilin təqvimini təsdiq edəcək, bundan sonra hər şey dəqiqləşəcək. Hələlik isə biz danışıqlar aparırıq ki, tarixi dəyişək.

 

- Yəni, nəzəri cəhətdən, təqvimin ilkin versiyasında göstərilən tarix dəyişdirilə bilər?

- Nəzəri cəhətdən, bəli.

 

Mənbə: f-1.az

0