[b]"Ürəyimdə bir söz vardı, deyib rahat oldum" - Rəşad Sadıqov[/b]
09.12.2016 - 00:00
[b]"Ürəyimdə bir söz vardı, deyib rahat oldum" - Rəşad Sadıqov[/b]

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Fiorentina” ilə oyundan (1:2) sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb

 

- Qarşılaşma barədə nə düşünürsüz?

- Belə oyunlardan sonra danışmaq çətindi. Uşaqlar əllərindən gələni etdilər, ancaq təəssüf ki, qapımıza nə gəlirsə, qol olur. Bu cür oyunlarda isə bunlar bağışlanmazdı. 60-cı dəqiqədə qapıya bir zərbə olur, o da qolla yekunlaşır. İlk hissədə dirəyə dəyən topu  saymıram. Özümüz vermişdik onu. Başqa bir vəziyyətləri də yox idi. Hesabı bərabərləşdirdikdən sonra da heç nədən qol buraxdıq. Çox danışılacaq bir şey yoxdu.

 

- İkinci qolda küncdən zərbə zamanı top sizdən çıxmamışdı deyə etiraz edirdiz?

- 100% məndən çıxmamışdı. Rəqibin 10 nömrəsi (Bernardeski – red.) topu düzəltmək istəyəndə ondan çıxdı. Nə isə, hakimlik haqqında danışmaq istəmirəm.

 

- İlk qolda Şehiç komandanı xilas edə bilmədi, ya top istiqaməti dəyişdiyindən belə oldu?

- Hər birimizin səhvimiz var. Ümumiyyətlə, o zonadan zərbə vurmağa imkan verməmək lazımdı. Zərbə olubsa, qarşısını almaq lazımdı. Hamımız birlikdə uduzmuşuq. Buraxılan qolda da, vura bilmədiyimiz epizodlarda da kiminsə adını xüsusi çəkmək istəmirəm. Ümumiyyətlə, bu il Avroliqada qapımıza nə gedibsə, qol olub. “Slovan”la oyunda 3 qol buraxdıq, rəqibin dördüncü təhlükəli vəziyyətini xatırlamıram. Yox idi. Elə həmin rəqiblə evdəki oyunda da, digər oyunlarda da belə olur. Elə bir şey olmayıb ki, deyək ki, rəqibin 3-4 vəziyyəti qol olmadı. Nəsə alınmır. Bilmirəm qismətdi, yoxsa nəyisə düz eləmirik, ancaq nəticə çıxartmaq lazımdı.

 

- Zədəniz nə yerdədi?

- O barədə danışmaq istəmirəm.  

 

- Oyun zamanı rəqibin 8 nömrəsi ilə (Matias Veçino – red.) mübahisə edirdiniz...

- Bir kəlimə dedim ona. Tək ona yox, 3-4 nəfərə. Ürəyimdə bir söz vardı, indi burda demək istəmirəm, deyib rahat oldum. Başa düşdülər.

 

- İki il qabaq “İnter”lə oyundan sonra ağlına gələrdimi ki, növbəti dəfə son anda belə bir şansı əldən verəcəksiniz?

- Sözün düzü ağlıma gəlməzdi. Ancaq iki il sonra eyni şeyi yaşadıq. Bir də bəlkə belə bir imkanımız olmadı, bəlkə də oldu.

 

- Bugünkü oyun sırf sizin üçün Avropa arenasında son idi, yoxsa davam edəcəksiz?

- Bir az qəribə sualdı. Niyə o nəticəyə gəlmisən?

 

- Son zamanlar tez-tez zədələrdən əziyyət çəkirsiz. Yaşınız artıq artıb...

- Aha, gözəl sualdı. Axırıncı dəfə nə vaxt zədələnmişəm mən? Kimin yadına gəlir? Ötən ilin noyabrında millinin düşərgəsində zədələnəndən sonra belə şey olmayıb. Sadəcə, mən zədəli-zədəli, müalicə almadan oynadığıma görə həmin zədəni sağalda bilməmişəm. Yoxsa, belə baxsaq, son mövsümdə o qədər də zədələnməmişəm. Hələ mövsüm başa çatsın, millinin də vacib matçları var. Ondan sonra baxarıq.

 

- Maraqlı ardıcıllıq var. 3 dəfə pley-offda uduzduz, 4-cü cəhddə qrupa düşdüz. İndi də ardıcıl 3 dəfə qrupda qaldız, 4-cü cəhddə bu tilsimi də qıra biləcəksizmi?

- Nə bilim. Bu il çox yaxşı fürsətimiz var idi. Bizə çox şey lazım deyildi. Yalnız “Fiorentina” öz meydanında PAOK-u udsaydı, və ya bu gün biz qalib gəlsəydik çıxacaqdıq. Ancaq futboldu, gözlənilməz nəticə olur. Biz pis oynayıb “Slovan”a uduzduq, bu gün də alınmadı.

 

- Düşünmürsüz ki, hər şey ötən turda artıq bitmişdi?

- Biz orda öz işimizi çox çətinə salmışdıq. PAOK-da Florensiyada 90+3-də vurduğu qolla qalib gəldi. Sizdən bir xahiş edirəm, həmin oyunun 90+2-ci dəqiqəsinin 15-ci saniyəsinə baxın. Yunanların futbolçusu topu əli ilə önünə atır, ancaq hakim gözünün qarşısında olan vəziyyəti vermədi, əksinə gəlir qol bu tərəfə olur.

 

- Planlaşdırılmış ssenariyə oxşamır...

- Xeyr, elə demirəm. Sadəcə o qədər belə xırda detallar, elementlər oldu ki, nəticəyə təsir elədi. Heç kimdə yox, özümüzdə günah axtarmaq lazımdı.

 

- Bu cür ağır oyundan sonra çempionata adaptasiya olmaq çətin olmayacaq ki?

- Çox çətin olacaq, ancaq məcburuq. Avrokuboklara yol burdan keçir. Mütləq köklənməliyik.

 

0