[b]“Kaliniç ofsaydda olduğunu etiraf etdi” - İlqar Qurbanov[/b]
09.12.2016 - 13:02
[b]“Kaliniç ofsaydda olduğunu etiraf etdi” - İlqar Qurbanov[/b]

“Qarabağ”ın müdafiəçisi İlqar Qurbanovun apasport.az saytına müsahibəsi

 

- Avropa Liqasının qrup mərhələsinin son turda “Fiorentina”ya evdə məğlub olaraq (1:2) mübarizəni dayandırdınız. Arzulanan nəticəni qazanmaq niyə mümkün olmadı?

- Təəssüf ki, mərhələ adlaya bilmirik. Artıq neçənci dəfədi eyni vəziyyətlə üzləşirik. Yenə sonuncu turda məsələni həll etməli idik. Güclü rəqibə qarşı oynadıq. Görüş də maraqlı alındı.

 

- Bu dəfə nə çatmadı?

- Hakim idarəçiliyindən danışmaq istəmirəm. Bu oyun da göstərdi ki, referilərin bizə simpatiyası yoxdu.

 

- Konkret hansı epizodla bağlı narazılığınız var?

- Rəqibin vurduğu ikinci qol zamanı ofsayd var idi, amma referi qolu qeydə aldı. Çünki Kaliniç mənimlə mübahisə etdi, hətta ofsaydda olduğunu da etiraf etdi. Di gəl ki, hakim onun kimi düşünmürdü.

 

- Təyinat açıqlandıqdan sonra İvan Bebek haqda mətbuat neqativ məqamları qabartdı. Bunu nəzərə almışdınızmı?

- Onun necə hakim olduğunu bilirdik. Buna hazırlaşmışdıq da. Hakim hər xırda epizod zamanı fitini səsləndirir, oyunu saxlayır, nəticədə vaxt itkisinə nail olurdu. Heyf! Azarkeşlərimiz də havanın soyuq olmasına baxmayaraq, stadiona gəldilər, bizi dəstəklədilər. Çox sağ olsunlar.

 

- Yer aldığınız qrupdakı nəticələrə diqqət yetirsək maraqlı trayektoriya alınır. Məsələn, “Qarabağ” PAOK-a qalib gəlir, PAOK “Fiorentina”nı məğlub edir...

- Həqiqətən də, maraqlı qrupda yer almışdıq. Növbəti mərhələyə çıxmaq şansımız yüksək idi. Amma... Danışmaq olmur, nə deyim.

 

- Hansı sizi daha çox üzdü: “Fiorentina”ya uduzmaq, yoxsa hər iki oyunda məğlub etdiyiniz PAOK-un mərhələ adlaması?

- Hər ikisi. “Fiorentina”ya uduzmaq istəmirdik. İtaliyadakı oyunda da şanssız qırmızı vərəqə görüşün qırılma nöqtəsi oldu. Onlar bizdən üstün oyun nümayiş etdirmirdilər. Bərabər səviyyəli matç idi. Səhvlərimizdən bu nəticə ilə barışmalı olduq. Üzüntülüyük.

 

- Bu üzüntünü qısa vaxtda üzərinizdən ata biləcəksinizmi?

- Həyat davam edir. Bu il alınmadı, növbəti mövsümə hazırlaşmalıyıq. Yenidən o yarışlara qatılmaq üçün ilk növbədə ölkə çempionatında yaxşı nəticə qazanmalı, yüksək yer tutmalıyıq.

 

- Maneələr sırasında heyətin yetərsizliyini göstərmək olarmı?

- Bu, texniki məsələdi, baş məşqçi qərar verir. Biz meydana çıxanda yüksək səviyyədə, ürəklə oynayırıq. Yenə deyirəm, bəxtsizlik də rol oynadı. Qol vurduq, 3 dəqiqə çəkmədi ki, ikincini buraxdıq. Həmin epizod zamanı heç künc zərbəsi də təyin edilməməli idi. Top rəqibin oyunçusundan çıxmışdı. Hər şey qapı arxasındakı hakimin gözü önündə baş verdi. Amma o, əks qərar qəbul etdi.

0