[b]Tarixə düşən mövsüm: Rekordlar, antirekordlar...[/b]
09.12.2016 - 14:41
[b]Tarixə düşən mövsüm: Rekordlar, antirekordlar...[/b]

Avrokubokların 2016/17 mövsümü Azərbaycan üçün tarixə çevrilib. Apasport.az saytının məlumatına görə, sonuncu iki təmsilçimiz – “Qarabağ”la “Qəbələ” qrup mərhələsində son oyununu keçirdikdən sonra azarkeşlərimiz növbəti belə həyəcanı təxminən yarım il gözləməli olacaqlar.

 

Başa çatan mövsüm 5 göstərici ilə diqqət çəkib. Təmsilçilərimi bir rekordu təkrarlayıb, ikisini yeniləyibsə, iki antirekorda da üzülüb.

 

Dünən keçirilən oyunlarla cari mövsüm qitə miqyaslı turnirlərdəki matç sayı 34-ə çatıb. “Qəbələ” 14, “Qarabağ” 12, “Neftçi” və “Kəpəz” hərəyə 4 qarşılaşmaya çıxıb. Bu, oyun sayında rekord olan ötən mövsümün göstəricisinin təkrarıdı. 1 il əvvəl də klublarımız mövsümü 34 matçla qapamışdı.

 

Bu dəfə təmsilçilərimiz ümumilikdə 11 qələbə qazanıb. Bu isə tarixə görünməmiş nəticə kimi düşüb. 9 qələbə qazandığımız 2014/15 mövsümü arxada qoyulub.

 

Bunun üçün komandalarımız rekord sayda 38 qol vurub. 29 qollu 2012/13 mövsümünün nailiyyəti 9 top yaxşılaşdırılıb.

 

Lakin rekordlar fonunda antirekordlar da diqqətdən yayınmır. Klublarımız ümumilikdə 16 dəfə məğlub olub. Bu ötən mövsümə təsadüf edən antirekorddan 4 matç artıqdı. Həmin vaxt 12 dəfə uduzmuşduq.

 

Müdafiə xətti də geriləyib. 42 qol buraxan 4 klubumuz 1 il əvvəlki antirekordu kölgədə qoyub. Həmin vaxt təmsilçilərimiz 36 top buraxmışdı.

 

0