[b]"Heç vaxt elə şoka düşməmişdik" - LAYİHƏ[/b]
10.12.2016 - 16:11
[b]"Heç vaxt elə şoka düşməmişdik" - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusunu davam etdirir. Layihənin yeddinci yazısı millimizin ən böyükhesablı məğlubiyyəti olan "Oser faciə"sinə həsr olunur.

 

Futbolumuzun "qara səhifə"si

6 sentyabr, 1995-ci il. Bir neçə il öncə formalaşan yığmamız AÇ-1996-nın seçmə mərhələsi çərçivəsində Fransanın qonağı olur. Ağasəlim Mircavadovun rəhbərlik etdiyi komanda gələcəyin dünya və Avropa çempionlarına biabırçı hesabla uduzur. Belə ki, "xoruzlar" millimizin qapısından 10 cavabsız top keçirərək, bizə futbol tariximizin ən utancverici məğlubiyyətini yaşadırlar.

Məlum məsələdi ki, həmin vaxt millimiz hazırkı şəraitə malik olmayıb. Lakin bu, 0:10 hesablı məğlubiyyət üçün səbəb ola bilməz. Axı seçmə mərhələnin Trabzondakı (millimiz onda ev oyunlarını neytral meydanda, Türkiyədə keçirirdi - T.M.) qarşılaşmasında yığmamız fransızlara qarşı pis oyun göstərməmişdi (0:2). Belə olan halda, Oserdəki matçın faciəvi hesabla nəticələnməsinə nə səbəb olmuşdu? Yığma üzvləri gənc Zidan və komanda yoldaşları qarşısında niyə aciz duruma düşmüşdülər? Bütün bu sualları cavablandırmaq üçün həmin görüşün iştirakçıları ilə söhbətləşdik. Onların fikirlərinə keçməmişdən öncə isə matçın protokolunu sizə təqdim edirik:

 

Fransa - Azərbaycan - 10:0

Qollar: Desayi, 13, Corkayeff, 18, 78; Geren, 35; Pedros, 49; Leböf, 53, 74; Düqarri, 66; Zidan, 72; Kokar, 90

Fransa: Bernar Lama, Joselin Anqloma (Lilyan Türam, 57), Biksent Lizarazyu, Marsel Desayi, Frank Leböf, Yuri Corkayeff, Didye Deşam, Vinsent Geren, Kristof Düqarri (Kristof Kokar, 70), Zinəddin Zidan, Reynald Pedros (David Jinola, 67)

Baş məşqçi: Eme Jake

Azərbaycan: Elxan Həsənov (Nizami Sadıqov, 37), Arif Əsədov, İqor Getman, Tərlan Əhmədov, Emin Ağayev, Rasim Abuşov, Yunis Hüseynov, Şahin Diniyev (k), Vladislav Qədirov (Müşfiq Hüseynov, 73), Mahmud Qurbanov (Samir Ələkbərov, 46), Vyaçeslav Lıçkin

Baş məşqçi: Ağasəlim Mircavadov

Hakim: Alfred Mikallef (Malta)

Sarı vərəqə: Getman, 49

6 sentyabr, 1995-ci il. Oser. "Abb Deşam" stadionu, 15000 tamaşaçı.

 

 

"Bazada qalırdıq, yeməyə isə "İnturist"ə gedirdik"

İlk həmsöhbətimiz Ağasəlim Mircavadovdu. Millinin baş məşqçisi postunda ağır məğlubiyyət yaşayan mütəxəssis öncə həmin dövrdəki çatışmazlıqlardan danışıb: "İldə 1 dəfə toplanış keçirdik. O vaxt federasiyanın prezidenti Fuad Musayev kimlərləsə görüşürdü, ondan sonra ya iyul, ya da avqustda 10-12 günlük "zbor" keçmək imkanımız olurdu. Çox vaxt "Neftçi"nin köhnə bazasında qalırdıq, yeməyə isə "İnturist"ə gedirdik. Yəni yaxşı toplanış keçmək imkanımız yox idi. Oyunçular milliyə 2 gün qalmış gəlirdilər, indiki kimi deyildi. Formanı dəyişmək belə olmazdı".

 

 

"Uşaqların çoxu gələ bilmədi"

Mircavadov Trabzondakı qarşılaşmanı yada salmaqla yanaşı, Oserdə baş tutan oyunöncəsi heyətlə bağlı problemlə üzləşdiklərini deyib: "Trabzondakı matçda da millinin baş məşqçisi mən idim. Bəxtsiz qollar buraxmışdıq. Yadımdadı, Fransanın birinci qolunu Kantona vurdu. Meydança palçıqlı idi, Jidkov topu ayaqlarının arasından buraxdı. Fransızlar ustalıq cəhətdən üstün idilər. Oserdəki görüşə gəlincə, uşaqların çoxu - Aleksandr Jidkov, Nazim Süleymanov və Vəli Qasımov gələ bilmədi. Səhv etmirəmsə, zədəli idilər. Möcüzəli oyun idi. Biz orda 4 qol epizodu yaratdıq".

 

 

"Haradan vururdularsa, qol olurdu"

İlk 10-12 dəqiqədə özünü yaxşı tərəfdən göstərən millimiz çox keçmir ki, Marsel Desayi tərəfindən mərkəzə dəvət edilir. 35-ci dəqiqədə 3-cü qolu buraxdıqdan sonra Mircavadov qapıçı dəyişikliyi edir: "Elxan Həsənovu Nizami Sadıqovla əvəzlədim. Psixoloji durum elə idi ki, yeni qapıçı buraxmaq lazım idi. Fasilədə uşaqlara dedim ki, sakit olmaq lazımdı, öz oyunumuzu oynayaq, topla işləyək. Amma ərazi üstünlüyünü həddindən artıq onlara verdik. İkinci hissədə topu tez itirirdik, demək olar ki, top bizdə qalmırdı. Uşaqlar da həyəcanlı idilər, çünki heç vaxt elə şoka düşməmişdik. Trabzondakı matçda orta xətdə mübarizə aparmışdıq. Oserdə də elə taktika qurduq. Fransızlara qarşı meydanın onlara aid hissəsində mübarizə aparmaq qeyri-mümkün idi. Əslində, o hesabla uduzmalı oyun deyildi. Haradan vururdularsa, qol olurdu".

 

 

"Elə ordaca istefa ərizəmi yazdım"

Bu görüş Ağasəlim Mircavadovun millinin baş məşqçisi postunda sonuncu oyunu olur: "Elə Oserdəcə axşamüstü istefa ərizəmi yazıb Çingiz İsmayılova verdim, o da Fuad Musayevə dedi. Hamımız çox məyus idik. Avtobusla Parisə gəldik, sonra da təyyarə ilə qayıtdıq Bakıya. Uşaqlarla halallaşıb, ayrıldım. Futbol həyatımda heç vaxt belə şey olmamışdı. Ağır idi. O dönəmdə heç kim istəmirdi ki, millini götürsün. Mən şərtlərimi irəli sürərək, razılaşdım. Dedim ki, yerli uşaqları oynadacam və təlim-məşq toplanışı üçün imkan yaradılsın. Amma imkan olmadı. Bir hadisə danışım. Biz Rumıniya ilə "Styaua"nın stadionunda oynadıq. Orda qapının arxasından camaata 3-4 metrlik məsafə var idi, balaca hasar qurulmuşdu. Səhv etmirəmsə, 15-ci dəqiqədə rumın futbolçu zərbə vurdu, top əyri gedib, qaldı hasarda. Jidkov topu gətirməyə getdi. Hakim ona sarı vərəqə verdi ki, vaxtı uzadırsan. Sözümün canı odu ki, biz hələ Avropa oyununun havasını, özünü, hakimlərini, komissarını, azarkeşlərini bilmirdik".

 

 

"Baxdım üzlərinə..."

Oyundan sonra fransalı futbolçular millimizin üzvlərinə jest ediblər: "Bizdə 1 forma var idi, buna görə də, dəyişməyə qoymurdular. Fransızlar formalarını gətirib, bizim uşaqlara verdilər. Təfərrüatını bilmirəm. Oyundan sonra mən girdim "razdevalka"ya, baxdım uşaqların üzünə, hamısı pərişan idi. Heç nə demədən gedib oturdum avtobusda".

 

 

"Mənə dedi ki, hazırlaş"

Növbəti həmsöhbətimiz 37-ci dəqiqədə Elxan Həsənovu əvəzləyən Nizami Sadıqovdu. Keçmiş qapıçı fasiləyə kimi qol buraxmasa da, ikinci hissə onun üçün əsl kabusa çevrilib: "O məğlubiyyət ömrüm boyu yaddaşımda qalacaq. Söz tapmaq çətindi. Buraxılan qollar komandanı "sındırdı". Fasiləyə 3 top geridə yollandıq. İkinci hissədə buraxdığımız qollardan sonra faciəvi məğlubiyyət qeydə alındı. O dönəmdə Fransa yığması həddindən artıq güclü idi. Bir neçə il sonra dünya və Avropa çempionu oldular, Braziliya kimi yığmaya 3 qol vurdular. Bununla özümüzə bəraət qazandırmaq istəmirəm. Oyun ərzində hamının səhvi oldu və tarix buraxdığımız səhvləri bağışlamadı. O dönəmdə milliyə Jidkov, Həsənov və mən dəvət alırdım. Bu dəfə Jidkov yox idi. Fransa ilə oyundan öncə isə Slovakiya ilə qarşılaşmışdıq və qapıda mən dayanmışdım, 0:1 hesabı ilə uduzmuşduq. Bu dəfə məşqçilər korpusu Elxana əsas heyətdə yer vermişdi. 3 qol buraxdıqdan sonra Ağasəlim müəllim mənə dedi ki, hazırlaş".

 

 

"Uzun müddət özümüzə gələ bilmədik"

Maraqlıdı, oyunun gedişində Nizami Sadıqovun ürəyindən "kaş ki, qapıçı dəyişikliyi edilməyəydi" fikri keçibmi? Cavabını özündən eşidək: "Oda düşürdüksə, hamımız düşməliydik. O anda məsuliyyətdən qaçacaqdımsa, ora getməyimin mənası yox idi. O çətinliyə, əziyyətə hamımız qatlaşmalı idik. Sonradan meydana çıxsam da, komandaya köməyim dəymədi. Üst-üstə buraxılan qollar bizi psixoloji cəhətdən yıxdı. Halbuki ilk qolu buraxana qədər normal oynamışdıq. Amma sonra hər şey 180 dərəcə dəyişdi. Fransa yığmasına qarşı mübarizə aparmağa gücümüz çatmadı. Oserdən qayıdandan sonra uzun müddət özümüzə gələ bilmədik. Fikirləşirdik ki, niyə belə oldu? Ağır məğlubiyyətə görə çox tənqid olunduq. Əlbəttə, utancverici hal idi. "Oser faciəsi" futbol tariximizdə yazılan "qara səhifə"lərdən biri oldu".

 

 

"Oyunun tez qurtarmasını istəyirdik"

Fransaya 0:10 hesablı məğlubiyyətin iştirakçılarından biri də Arif Əsədov olub. Hazırda işsiz olan mütəxəssis bildirib ki, həmin oyun hər dəfə yadına düşəndə kövrəlir: "O vaxt elə bir dönəm idi ki, beynəlxalq arenada təcrübəsiz idik. İkinci tərəfdən, Fransaya tam heyətlə yollanmamışdıq. Əsas oyunçulardan Nazim Süleymanov, Aleksandr Jidkov və Vəli Qasımov yox idi, əvəzində olimpiya millisindən oyunçular cəlb edilmişdi. Bununla demək istəmirəm ki, adını çəkdiyim 3 futbolçu olsaydı, biz qalib gələcəkdik. Sadəcə, bu da faktlardan biridi. Fransa yığması bizimlə oyuna sanki aqressiv çıxmışdı. İlk dəqiqələrdən düşünmədik ki, müdafiəyə çəkilib, qapalı oynayaq. Bu isə əleyhimizə işlədi. Halbuki oyunun əvvəlində yaratdığımız qol epizodlarını dəyərləndirə bilsəydik, komandaya inam gələrdi. Amma qollar "yedikcə" rəqib daha da aqressivləşdi, biz isə çoxlu səhvlər buraxmağa başladıq. O vaxt komanda taktiki cəhətdən tam formalaşmamışdı, fərdi oyuna çox üstünlük verilirdi. Fasilədə düşündük ki, heç bir dönüş edə bilmərik. Sadəcə, hesabı qorumağı fikirləşirdik. Məlum idi ki, oyun artıq gedib. Lakin 10 top buraxmaq gözlənilməz oldu. Xüsusilə, son dəqiqələrdə bizdə oyun intizamı tamamilə itdi, hamımız ruhdan düşdük. Matçın sonlarında oyunun tez qurtarmasını istəyirdik. Həmin vaxt Fransa yığmasında nəsil dəyişikliyi olmuşdu. Onlarla Trabzondakı matçda Kantona, Papen kimi futbolçular oynamışdı. Biz o görüşü yaxşı keçirmişdik. Oserdəki qarşılaşmaya isə Zidan, Corkayeff kimi oyunçular çıxmışdı, hansı ki, sonradan ulduz futbolçuya çevrildilər. Bizim gücümüz yalnız sərt oyuna çatırdı. O cür məğlubiyyətdən sonra Bakıya qayıtmaq çox çətin idi. Amma məcbur gəlməliydik. Federasiyada ağır məğlubiyyətlə bağlı yığıncaqlar oldu, qərarlar verildi. Yaxşı ki, o vaxt mətbu orqan indiki kimi çox deyildi".

 

 

"Lama təəccüblə baxıb getdi"

Əsədov Fransa yığmasının millimizin üzvlərinə etdiyi forma jestini daha ətraflı danışıb: "Trabzondakı oyundan sonra fransızların qapıçısı Lama bizim paltardəyişmə otağına əlində yeni forma ilə gəldi. İstəyirdi ki, maykasını Jidkovla dəyişsin. Həmin matç palçıqlı meydanda keçirilmişdi. Lakin Lama kolleksiya yığdığından, onun üçün Jidkovun formasının nə durumda olmasının fərqi yox idi. O vaxt isə bizdə forma dəyişməyə icazə vermirdilər. Lama Jidkova müraciət edəndə administratorlar başa saldı ki, bizdə cəmi 1 forma var, dəyişmək olmaz. O da təəccüblə baxıb, formasını Jidkova verib getdi. Əlbəttə, utancverici məqam idi. Oserdəki görüşdə isə onlar jest edərək, paltardəyişmə otağımıza 18 yeni forma qoymuşdular. Formaların üzərində Fransa - Azərbaycan oyunu və matçın keçirildiyi tarix yazılmışdı".

 

 

"Boynumuza almaq lazımdı ki..."

Matçın digər iştirakçısı Mahmud Qurbanov da "Oser faciəsi"ni yada salıb: "Səhv etmirəmsə, oyundan 3 gün qabaq Oserə getmişdik ki, adaptasiya olaq. Məşq etdik, hazırlaşdıq. Fransa yığmasının heyətinin yarıdan çoxu dəyişilmişdi. O qədər də tanınmayan Zidan, Corkaeff milliyə dəvət almışdı. Meydana start heyətində çıxmışdım, birinci hissədən sonra əvəzləndim. Əslində oyuna pis başlamamışdıq, matçın əvvəlində başabaş oynadıq, qol epizodlarımız da olmuşdu. Amma yekunda fransızların daha istəkli olması, ustalıq səviyyələri nəticəyə təsir etdi. Rəqib əlinə düşən imkanlardan maksimum istifadə etdi. Hesab bizim üçün çox pis oldu. Boynumuza almaq, etiraf etmək lazımdı ki, fransızlar bizdən qat-qat güclü idilər. Məğlubiyyətə görə kimisə günahlandırmaq istəməzdim. Uduzmuşuqsa, həm məşqçi, həm də futbolçu heyəti günahkardı. Bəhanə tapmaq olmaz".

 

 

"Avtobusda milçək uçsaydı, səsi eşidilərdi"

Qurbanov oyunsonrası ab-havanı belə təsvir edib: "Əlbəttə ki, məğlubiyyətdən sonra baş məşqçimiz narazılığını bildirdi. Belə baxanda, meydanda olan bütün futbolçular bacardıqlarını etmişdilər. Ağır məğlubiyyət federasiya rəhbərliyi, azarkeşlər tərəfindən də pis qarşılanmışdı. Hamı şokda idi. İnandırım sizi, Oserdən Parisə avtobusla qayıdanda milçək uçsaydı, onun səsi eşidilərdi. Sözün düzü, elə məğlubiyyətdən sonra Bakıya qayıtmaq və azarkeşlər önünə çıxmaq istəmirsən. Hamımız çox məyus idik. Nəinki matçdan sonra, hətta uzun müddət elə oldu. Üstündən neçə il keçir, hələ də o məğlubiyyəti unuda bilməmişik. Yaddaşlarda acı xatirə kimi qalıb".

 

 

"Zidanın formasını indiyə qədər saxlamışam"

"Oser faciəsi"ndən Mahmud Qurbanova qalan yeganə xoş xatirə Zinəddin Zidanın forması olub: "Təbii ki, o cür məğlubiyyətdən sonra forma dəyişmək ağlından belə, keçmir. İkincisi də, o vaxt bizim bir formamız var idi, yəni heç kimlə dəyişə bilməzdik. Amma fransızlar öz maykalarını bizə hədiyyə etdilər. Mənə Zidanın forması düşmüşdü. Həmin oyuna həm mən, həm də o "10 nömrə"də çıxmışdı. Kim hansı nömrədə çıxış etmişdisə, o da fransızların həmin nömrəli formasını götürdü. Zidanın formasını indiyə qədər saxlamışam".

 

 

Tengiz MƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

0