[b]Cüdoçuların Azərbaycan birinciliyində əzmkar mübarizə - VİDEO[/b]
12.12.2016 - 10:43
[b]Cüdoçuların Azərbaycan birinciliyində əzmkar mübarizə - VİDEO[/b]

Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə ölkə birinciliyi keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda 69 klubdan 500-dən çox cüdoçu medallar uğrunda mübarizə aparıb.

 

3 gün keçirilən birincilikdə respublikamızın bütün bölgələrini təmsil edən yeniyetmə cüdoçular qüvvələrini sınayıblar. Bölgə yarışlarının qalib və mükafatçıları, perspektivli idmançılar ölkə birinciliyində çempion adı uğrunda əzmlə mübarizə aparıblar. Cüdo ictimaiyyətinin nümayəndələri, region komandalarının baş məşqçiləri “Cüdo TV”yə müsahibələrində yarışın yüksək səviyyədə təşkilini xüsusi vurğulayıblar.

 

Azərbaycan birinciliyinin görüşlərini beynəlxalq və respublika dərəcəli hakimlər briqadası idarə edib. Yarışlardan öncə hakimlər və məşqçilər üçün seminarlar da təşkil olunub.

 

Bu tipli yarışların keçirilməsi yeniyetmələrdən ibarət milli komandamızın bazasını təşkil etmək üçün vacib amillərdən biridir. Birinciliyin ən güclü cüdoçuları ölkəmizi gələn il keçiriləcək dünya və Avropa çempionatlarında, yeniyetmələrin olimpiya festivalında, Avropa kuboku yarışlarında təmsil edəcəklər.

 

Azərbaycan birinciliyinin qalib və mükafatçılarına Cüdo Federasiyasının fəxri fərmanları, medallar və pul mükafatları təqdim olunub. Yeniyetmə cüdoçularımızın görüşlərdə göstərdikləri fədakarlıq 3 gün ərzində Bakı İdman Sarayına toplaşan azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

0