[b]Kişilər yarımfinalda, qadınlar mübarizəni dayandırdı [/b]
12.12.2016 - 18:30
[b]Kişilər yarımfinalda, qadınlar mübarizəni dayandırdı [/b]

Bu gün Bakıda kişi və qadın taekvondoçular arasında komandalararası dünya çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, hər 2 yarışda Azərbaycan millisi təmsil olunsa da, qrup mərhələsindən sonra qadınlardan ibarət millimiz mübarizəni dayandırıb. Kişilərdən ibarət komandamız isə yarımfinalda iştirak hüququ qazanıb.

 

 

Kişilər

Ötən il Meksikada analoji yarışın qalibi olan Reza Mehmandostun komandası paytaxtımızda bu titulu qorumaq arzusundadı. İranlı mütəxəssis bu səbəbdən də ötən ilki heyətdə dəyişiklik etməyib. O, yenə Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayev (+87 kq) “altılığa” güvənir.

 

B qrupundan yer alan komandamız ilk görüşünü Belçika taekvondoçularına qarşı keçirib. Təmsilçimiz rəqiblərini 27:8 hesabı ilə məğlub ediblər. Növbəti döyüşümüz isə ABŞ-a qarşı olub. Komandamız bu dəfə də qələbə qazanmaqda çətinlik çəkməyib. Taekvondoçularımız amerikalıları 42:4 hesabı ilə məğlub edərək, qrup birincisi kimi yarımfinalda iştirak hüququ qazanıblar.

 

Qrupumuzun digər qarşılaşmasında Belçika ABŞ-dan üstün olub. 19:11 hesablı qələbə avropalıları növbəti mərhələyə yüksəldib.

 

A qrupunda isə İran, Rusiya, Cənubi Koreya və Türkiyə taekvondoçuları mübarizə aparıblar. Baş tutan qarşılaşmalardan sonra koreyalılar birinci, türkiyəlilər ikinci yeri tutmaqla, mərhələ adlayıblar.

 

Qadınlar

Dünya çempionatında debüt edən komandamızın şərəfini Safiye Polat (49 kq), Zeyvi Kərimova, Gülhanım Yeşildal (hər ikisi 57 kq), Yaprak Eriş (62 kq), Melissa Paqnotta (67 kq) və Reşmi Uqink (73 kq) qoruyub. Burada da B qrupunda qərarlaşan təmsilçimiz I turda ABŞ idmançıları ilə gücünü yoxlayıb. Görüş komandamız üçün uğurlu alınıb. Taekvondoçularımız 11:6 hesablı qələbəyə sevinib.

 

II turda Cənubi Koreya ilə üz-üzə gələn komandamız uğurun ardını gətirə bilməyib. Təmsilçimiz 2:24 hesabı ilə uduzub.

 

İdmançılarımız III turda Türkiyəni sınağa çəkib. Təəssüf ki, yarımfinal üçün böyük əhəmiyyət kəsb edən görüş qonşu ölkə təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 11:1.

 

Nəticədə yarımfinala qrupumuzdan koreyalılar lider, türklər ikinci yerin sahibi kimi yüksəliblər. Komandamızla ABŞ isə mübarizəni dayandırıb.

 

A qrupunda Çin, Rusiya, İtaliya və Fransa münasibətinə aydınlıq gətirib. Burada asiyalılar bütün rəqiblərindən üstün olublar. İkinci yarımfinalçı isə rusiyalı taekvondoçular olublar.

 

Qeyd edək ki, yarımfinal və final matçları sabah keçiriləcək. 

0