[b]"Axşam zəng vurub dedilər ki, komanda dağıldı" - LAYİHƏ[/b]
18.12.2016 - 12:50
[b]"Axşam zəng vurub dedilər ki, komanda dağıldı" - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusunu davam etdirir. “Futbol tariximizdə iz qoyanlar” adlı layihənin səkkizinci yazısı Azərbaycan çempionatının "mərhum" iştirakçılarına, tarixin yaddaşına köçmüş klublara həsr olunur.

 

58 komandadan 14-ü qalıb

Bu vaxta qədər elitada 58 komanda iştirak edib ki, onlardan indi yalnız 14-ü fəaliyyət göstərir. Bunlar Topaz Premyer Liqasının hazırkı iştirakçıları - "Qarabağ" (Ağdam), "Qəbələ" (Qəbələ), "İnter" (Bakı), "Kəpəz" (Gəncə), "Zirə" (Bakı), "Sumqayıt" (Sumqayıt), "Neftçi" (Bakı), AZAL (Bakı) və I divizionda mübarizə aparan "Şəmkir" (Şəmkir), MOİK (Bakı), "Şahdağ" (Qusar), "Bakılı" (Bakı), "Rəvan" (Bakı), "Göyəzən" (Qazax) klublarıdı.

Premyer Liqa üzü görmüş 44 komanda isə müxtəlif səbəblərdən fəaliyyətini dayandırıb. Vaxtilə ölkənin ən iddialı klublarından sayılan və Azərbaycan futboluna rəng qatan "Xəzər Lənkəran" hazırda yalnız aşağı yaş qrupları üzrə komandaları ilə, yaxşı futbolçular yetişdirmiş, akademiyası ilə seçilən "Bakı" isə imicinə və nüfuzuna yaraşmayan həvəskarlar liqasında təmsil olunur. Hər iki klubun fəaliyyətini bərpa edəcəyi ilə bağlı tez-tez xəbərlər yayılsa da, hələ ki, bu reallaşmayıb.

 

Cənubdan şimala qədər...

“Klub qəbiristanlığı”mız cənubdan şimala qədər uzanır: "Viləş" (Masallı), "Xəzri" (Buzovna), "İnşaatçı" (Bakı), "Xəzər" (Sumqayıt), "Şəfa" (Bakı), "ANS Pivani" (Bakı), "Pambıqçı" (Bərdə), "Kür-Nur" (Mingəçevir), "Pambıqçı" (Neftçala), "Avtomobilçi" (Yevlax), "Daşqın" (Zaqatala), "Ümid" (Cəlilabad), "Azneftyağ" (Bakı), "İnşaatçı" (Sabirabad), "Xəzər" (Lənkəran), "Gənclərbirliyi" (Sumqayıt), "Muğan" (Salyan), "Azəri" (Bakı), "Kürmük" (Qax), "Avey" (Ağstafa), "Araz" (Naxçıvan), "Karat" (Bakı), "Çıraqqala" (Siyəzən), "Energetik" (Əli-Bayramlı), "Gənclik" (Nəvahi), "Şirvan" (Şamaxı), "Plastik" (Salyan), "Bakı" (Bakı"), "Turan" (Tovuz), "Xəzər Lənkəran" (Lənkəran), "Karvan" (Yevlax), "MKT-Araz" (İmişli), "Simurq" (Zaqatala), "Ədliyyə" (Bakı), "Standard" (Sumqayıt), "Şirvan" (Kürdəmir), "Neftqaz" (Bakı), "Lokomotiv" (İmişli), "ABN-Bərdə" (Bərdə), "Fərid" (Bakı), "Masallı" (Masallı), "Ümid" (Bakı), "Boz Qurd" (Samux), "Şahdağ" (Quba).  

 

"Xəzri" yarandığı vaxtdan dağılana kimi, orda olmuşam"

Azərbaycan futbol tarixinə düşməyi bacaran klublardan biri "Xəzri" olub. Əslində Buzovnada "Xəzri"dən əvvəl "Gənclik" fəaliyyət göstərib. Lakin müstəqillik illərində həmin komandanı "Xəzri" əvəz edib. 1992-ci ildə əsası qoyulan klub ölkə çempionatının bürünc medalçısıdı. "Xəzri"nin aparıcı müdafiəçilərindən olmuş, keçmiş hakim İmanxan Sultani illər əvvələ qayıdaraq, komandanın yaradılmasından danışıb: "Xəzri"nin bünövrəsi "Gənclik" olub. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra komandamız birinci dəstədə çempion olaraq, yüksək dəstəyə çıxdı. Onda birinci dəstə də çox maraqlı keçirdi, komandaların sayı çox idi. Vaxtilə "Gənclik"də oynamış Buzovnanın bütün yetirmələri "Xəzri"də çıxış etməyə başladılar. Mən özüm də əvvəl "Gənclik"də oynamışdım. "Xəzri"də baş məşqçimiz rəhmətlik Şamil Abbasov idi. Sonra komandanı Nadir Qasımov, Rəşid Özbəyov və Gəray Qarayev kimi məşqçilər çalışdırdı. Güclülər dəstəsinə yüksəldiyimiz ilk ildə 4 aparıcı komanda - "Kəpəz", "Qarabağ", "Turan" və "Neftçi" ilə evdə heç-heçə oynadıq. Digərlərinə isə öz meydanımızda qalib gəlmişdik. Sonrakı illərdə təcrübəmizi artırdıq. Çox keçmədi ki, çempionatın bürünc medalını qazandıq. Mən komanda yarandığı vaxtdan dağılana kimi, "Xəzri"nin heyətində olmuşam".

 

"Dedilər ki, bizi biabır edirsiz"

"Xəzri" Bakı kəndlərini təmsil edən komandalar arasında UEFA Kubokunda (indiki Avropa Liqası) iştirak edən ilk klubdu. 1996-cı ildə Polşa təmsilçisi "Qutnik"lə qarşılaşan buzovnalılar iyulun 17-də Krakovdakı görüşdə ağır məğlubiyyətlə üzləşirlər - 0:9. Bir həftə sonra keçirilən cavab matçında isə 2:2 hesabı qeydə alınır. "Krakov faciəsi"ni yada salan Sultani Polşadakı darmadağına səbəb kimi açıq futbol oynamaqlarını göstərib: "UEFA Kubokunda oynamağımız indi də mənə yuxu kimi gəlir. O vaxt bizdə legioner yox idi, bundan əlavə xaricdə təlim-məşq toplanışı keçmirdik. Yəni əcnəbi klublarla yoldaşlıq matçı belə, oynamamışdıq. İndiki kimi şərait, beynəlxalq təcrübəmiz yox idi. "Qutnik"lə Polşadakı oyunun ilk hissəsini 2 top fərqilə geridə tamamladıq. Fasilədə dedilər ki, bizi biabır edirsiz, hücuma getmək, açıq futbol oynamaq lazımdı. Ondan sonra lap pis oldu. İkinci hissədə daha 7 top buraxdıq. Burda isə 2:2 oynadıq".

 

"Heç olmasa I divizionda çıxış edən komandamız olaydı"

1996-1997 mövsümü "Xəzri"nin Azərbaycan çempionatında çıxış etdiyi son mövsüm olur. Nəticədə Buzovna təmsilçisi maddi durumla əlaqədar olaraq, fəaliyyətini dayandırır. Sultani bu cür futbol qəsəbəsinin komandasız qalmasını ürəkağrısı ilə qarşılayır: "Komandanın tam dağılmağı 1998-ci ilin əvvəlinə təsadüf etdi. Əksər klublarda olduğu kimi, "Xəzri"nin də dağılmasında maliyyə məsələsi, işlərin düzgün aparılmaması rol oynadı. Azərbaycanda futbol klublarına dəstək olunması ilə bağlı qanun olmalıdı. Bu olmasa, çempionatımızda 3 komanda qalacaq. Xəzər rayonunda, Buzovnada həmişə futbol ənənəsi olub. AFFA bu tərəfə də baxmalıdı. Heç olmasa I divizionda çıxış edən komandamız olaydı. Buzovna gənclərdən tutmuş əsas yığmaya qədər milliyə çox futbolçu verib. Ayxan Abbasov, Aftandil Hacıyev, Rəşad Sadiqov, Vadim Vasilyev kimi futbolçular Buzovnada yetişiblər. İndi isə vəziyyət bərbaddı. Buzovna hərtərəfli inkişaf etmiş, şəhər tipli qəsəbə olmasına rəğmən, bir komandası yoxdu ki, uşaqlar yetişəndən sonra orda oynasınlar".

 

"Mən qayıdanda "Viləş" 11-ci yerdə idi"

"Mərhum" statusu daşıyan digər klub "Viləş"di. O "Viləş" ki, vaxtilə cənub bölgəsinin fəxri sayılıb, böyük azarkeş ordusuna malik olub. Lakin Masallını təmsil etmiş bu klub da digər 43 "həmkar"ının aqibətini yaşayıb. Tarixin yaddaşına köçən "Viləş" güclülər dəstəsinin ilk 10 mövsümünün iştirakçısı olmaqla yanaşı, çempionatın bürünc medalını qazanıb. Uzun müddət komandanın baş məşqçisi olmuş Qəhrəman Əliyev "Viləş"ə gəlişini belə  xatırlayır: "1990-cı ildə karyeramı bitirdim. O vaxt Çingiz Aşumov "Viləş"in sədri idi, məni komandaya dəvət etdi. Komandanın baş məşqçisi isə Şakir Abdullayev idi. Mən Aşumovun təklifi ilə Masallıya getdim, oynayan məşqçi oldum. Lakin cəmi 1 görüşdə - "Bakı Fəhləsi" ilə matçda 15 dəqiqə çıxış etdikdən sonra gördüm ki, zədə imkan vermir. Sonra baş məşqçi keçdim, Şakir Abdullayev komandanın, Çingiz Aşumov isə "Məsul" cəmiyyətinin sədri oldu. 2001-ci ilə qədər, hardasa 11 il "Viləş"in baş məşqçisi oldum. Arada 6 ay müddətinə postumdan ayrıldım. 1999-cu ilin sentyabrında Almaniyaya məşqçi kursunu oxumağa getdim. Həmin vaxt komandaya Asəf Namazov baş məşqçi gətirildi. Fevralda qayıtdım və ikinci dövrədə komandanı yenidən götürdüm, onda "Viləş" 11-ci yerdə qərarlaşmışdı. 13 oyun uduzmadan gəlib çıxdıq 4-cü yerə və İntertoto kubokuna vəsiqə qazandıq. Növbəti ildə bürünc medalı əldə etdik və yenidən İntertoto kubokunda mübarizə apardıq".

 

"İndiyə qədər buna təəssüflənirəm"

İki dəfə İntertoto kubokunda çıxış etmiş "Viləş" 2000-ci ildə Polşanın "Zaqlebiye" klubuna hər iki oyunda məğlub olur - 0:4, 1:3. Bir il sonra İslandiya təmsilçisi "Qrindavik"lə matçlarda da "Viləş" istəyinə çatmır - 0:1, 1:2. Qəhrəman Əliyev bildirir ki, Polşa ilə müqayisədə, İslandiya komandasını keçmək şansları olsa da, həmin vaxt rəhbərlik tərəfindən lazımi şərait yaradılmayıb: "İntertoto kubokunda birinci il Polşanın, ikinci il isə İslandiyanın komandasına uduzduq. Polşa təmsilçisi, həqiqətən, güclü idi, biz isə onda təcrübəsiz idik. O vaxt ilk dəfə legioner futbolçunu mən Belarusdan gətirdim. Aleksandr Xurtskeviç və Ruslan Azarenko klubun tarixinə ilk legionerlər kimi düşdülər. Onda məqsəd qoyulurdu ki, Avropaya çıxaq, yəni orda nəticə verib-verməmək önəmli deyildi. Növbəti il İslandiya komandası ilə qarşılaşanda az-çox təcrübəmiz var idi. İndiyə qədər deyirəm ki, "Qrindavik"ə uduzmağımızın yeganə səbəbi Avrokuboka hazırlıq keçmədən qatılmağımız oldu. Vəsiqə əldə edəndən sonra bizim Avrokubok görüşlərinə hazırlaşmağımız üçün 1 ay vaxt lazım idi. Amma rəhbərlik mənim üçün təlim-məşq toplanışı təşkil etmədi. Səbəbin nə olduğunu bilmirəm. İstəyirdim ki, heç olmasa bir mərhələ keçək, amma rəhbərlik fikir vermədi. Yığışıb oynadıq, vəssalam. Halbuki yaxşı hazırlaşsaydıq, İslandiya klubunu keçə bilərdik. İndiyə qədər buna təəssüflənirəm".

 

"Çəkdiyim əziyyətə qiymət verilmədi"

"Viləş" rəhbərliyindən inciyən Əliyev 2001-ci ildə komandadan ayrılaraq, "Şəmkir"ə baş məşqçi gedir. Çox keçmir ki, cənub təmsilçisi fəaliyyətini dayandırır: "Viləş"dən ayrılmağımın bəzi səbəbləri var idi. Heç vaxt pul dalınca qaçmamışam. Sadəcə, rəhbərlik verdiyi sözləri yerinə yetirmədi. Demişdim ki, mən nəticə verəndən sonra maliyyə durumumu bir az normallaşdırın, ailəm var. "Podyomnı" filan tələb etməmişəm. Sadəcə, çempionatda yer tutandan sonra maaşımın müəyyən hissəsini istəmişəm, verməyiblər. Mənim də ailəm var idi, övladlarım oxuyurdular. O ərəfədə "Şəmkir"dən dəvət aldım və "Viləş" rəhbərliyi ilə məsləhətləşdikdən sonra ayrıldım. Amma klubdan incimiş halda getdim. Pula görə demirəm, çəkdiyim əziyyətə qiymət verilmədi. Mən bildim ki, gedəndən sonra "Viləş" dağılacaq. Yerimə Gəray Qarayevi çağırdılar, amma 2 ay sonra komandaya diqqət tam azaldı, maliyyə dəstəyi olmadığından, klub dağıldı. "Viləş"in sabiq prezidenti İldırım Allahyarovun vaxtında daha yaxşı idi. O, futbolu sevən adam idi. Sonra Allahyarov klubdan getdi, yerinə Hacı Ramazan Zeynalov gəldi, komanda dağılana qədər "Viləş"in prezidenti oldu".

 

"Turan" sanksiyaları yerinə yetirmək iqtidarında deyildi"

"Turan" da Azərbaycan futbolunda özünəməxsus çəkisi olan adlardan biridi. Əfsuslar olsun ki, ən tarixi komandalarımızdan sayılan, əsası 1992-ci ildə qoyulmuş həmin klub da dağılmaq təhlükəsindən qaça bilmədi. "Turan"ın fəaliyyətini dayandırmasına FİFA-nın sanksiyası səbəb oldu. Düzdü, futbol bölgəsi sayılan, Azərbaycana saysız-hesabsız istedadlı oyunçular bəxş etmiş Tovuz hazırda klubsuz deyil. I divizionda çıxış edən "Turan Tovuz" komandası 13 turdan sonra turnir cədvəlinə başçılıq edir. Lakin bu klub hüquqi cəhətdən əvvəlki "Turan" deyil. Vaxtilə "Turan"ın icraçı direktoru olmuş Yaşar Sultanov bunu təsdiqləyərək, klubun dağılmasını izah edib: "Turan" adının hər bir türk üçün nə məna daşıdığını hamımız anlayırıq. Əzəmətli addı. Bu gün "Turan Tovuz" komandası fəaliyyət göstərirsə, biz bunu qeyri-rəsmi də olsa, onun varisi kimi qəbul edirik. Azarkeşlər tribunadan qışqıranda "Turan Tovuz" demirlər, "Turan"ın adını çəkirlər. Amma hüquqi baxımdan indiki komanda təbii ki, o "Turan" deyil. Bizim dövrümüzdən sonra komandanın dağılmasına müəyyən amillər səbəb oldu. Klubdan FİFA-ya şikayət edildi, nəticədə sanksiyalar tətbiq olundu. "Turan" isə o sanksiyaları yerinə yetirmək iqtidarında deyildi. Buna görə də, komandanın ləğvi məqbul sayıldı və bu səbəbdən həmin "Turan" dağıldı".

 

Azərbaycanı avrokuboklarda ilk dəfə məhz "Turan" təmsil edib. 1994-cü ildə keçmiş UEFA Kubokunda "Fənərbaxça" ilə qarşılaşan Tovuz təmsilçisi hər iki görüşdə türkiyəlilərə uduzub - 0:5, 0:2.

 

"Məqsədimiz çempion olmaq yox, uşaqları üzə çıxarmaq idi"

"Turan"la bağlı fikirlərini davam etdirən Sultanov bildirib ki, onun klubda çalışdığı dövrdə əsas məqsəd futbolçu yetişdirmək olub: "O klubla bağlı çox gözəl xatirələrim var. Qısa zamanda çoxlu gənclərimiz yetişdi. Bizim əsas məqsədimiz çempion olmaq yox, uşaqları yetişdirib, üzə çıxarmaq idi. Təsadüfi deyil ki, 9 bölmə yaradılmışdı və bütün rayonu əhatə edirdi. Bunun qısa zamanda nəticəsi idi ki, "Turan"dan əlavə, Tovuzda "Rote Fahne" adlı daha bir komanda yaratdıq. Cavid Hüseynov, Elvin Məmmədov, Vurğun Hüseynov və Cavid Tağıyev kimi futbolçular məhz "Turan"dan çıxdılar. Bizim amalımız elə bu idi və müəyyən nəticəyə nail olmuşduq". 

 

"Yaxşı axtarsalar, yenə taparlar"

Sultanov Premyer Liqaya çıxmağı hədəfləyən "Turan Tovuz" komandasını da izlədiyini bildirib: "Bütün yaş qrupları üzrə və əsas milliyə Tovuz qədər futbolçu verən ikinci region olmayıb. Bu gün də baxırıq ki, əksər klublarda Tovuz futbolunun yetirmələri çıxış edirlər. Çox təəssüf ki, indi bütün yaş qrupları üzrə millilərin tərkibinə baxıram, 1 nəfər də olsun, tovuzlu görmürəm. Qabaqlar isə onların sayı çox olurdu. İnanmıram ki, Tovuz futbolunda istedad tükənsin, yaxşı axtarsalar, yenə taparlar. Axı hazırda Tovuzun komandası "Turan Tovuz" I divizionda liderdi və digərləri ilə müqayisədə 90-95 faiz yerli uşaqlardan ibarətdi".

 

"Karvan"ı sıfırdan yığdım"

Vaxtilə iddialı olmuş, sonradan fəaliyyətini dayandırmış klubların siyahısında "Karvan"ın da adı var. Əsası 2004-cü ildə qoyulan klub Yevlaxı təmsil edirdi. Komanda ilk illərdə iddiası ilə seçilsə də, sonra I diviziona düşdü, 2014-cü ildə isə fəaliyyətini dayandırdı. "Karvan"ın qazandığı uğurlarda komandanın ilk baş məşqçisi Yunis Hüseynovun böyük rolu olub. Eyni zamanda, Hüseynovun məşqçi kimi təcrübə toplamasında da Yevlax təmsilçisi rol oynayıb: "Məşqçiliyə məhz "Karvan"da başlamışam. Gənc idim, komanda yeni yaranırdı, mübarizəyə I diviziondan başlamalı idik. Onda Yevlax şəhərinə Elmar Vəliyev yeni icra başçısı təyin edilmişdi. Onun idmana, futbola marağı böyük idi. Bizim çoxdan tanışlığımız var idi. Kluba Cavanşir Şirəliyev və Şahmar Vəliyev rəhbərlik edirdilər. Elə oldu ki, həmin il "Xəzər Lənkəran" və "MKT-Araz" kimi, "Karvan"ı da birdən-birə yüksək liqaya buraxdılar, mən də klubun ilk baş məşqçisi oldum. Komandanı sıfırdan yığdım, Yevlaxda yaxşı baza tikdilər. Həmin vaxt Tərlan Əhmədov və Kamal Quliyev Ukraynada oynayırdılar. Onları, eyni zamanda Zaur Ramazanovu komandaya cəlb etdim, sonra Fərrux İsmayılov bizə qoşuldu. Bir yerdə əl-ələ verib həmin komandanı qurduq".

 

"Karvan" Azərbaycan klubları arasında sabiq UEFA Kubokunda mərhələ adlayan ilk komandadı. Yevlax təmsilçisi buna kimi İntertoto Kubokunda "Lex"lə (Polşa) bacarmamışdı - 1:2, 0:2. Lakin 1 il sonra tarixində ilk dəfə UEFA Kubokuna vəsiqə əldə edən "Karvan" ölkə futbolu tarixində ilkə imza atdı. Trnava "Spartak"ı ilə qarşılaşan yevlaxlılar hər iki oyunda 1:0 hesablı qələbəyə sevinərək, növbəti mərhələyə adladılar. Lakin Çexiyanın "Slaviya" klubu "Karvan" üçün keçilməz oldu - 0:2, 0:0.

 

"Öz əlimizlə qızıl medallardan olduq"

Hüseynov həm UEFA Kubokundakı çıxış, həm də əldən qaçan çempionluq və kubok barədə danışıb: "Açığı, birdən-birə baş məşqçi təyin olunduğumdan ilk illərdə bir az çətinlik çəkirdim. Məşqçi olmağımda ən böyük rolu "Karvan" oynayıb, məni məşqçi kimi o klub yetişdirib. Rəhbərlik bizə o qədər diqqət ayırırdı ki, hər şey yüksək səviyyədə idi. Ardıcıl nəticələr verməyə başladıq. UEFA Kubokunda mərhələ adlayan ilk Azərbaycan komandası olduq. Birinci ildə çempionatda 3-cü yeri tutduq, yalnız "Neftçi" və "Xəzər Lənkəran"dan geri qaldıq. İkinci il isə çempionluğa doğru gedirdik. Axırıncı oyunda öz əlimizlə qızıl medallardan olduq, Tovuzda "Turan" komandasına qalib gələ bilmədik. Həmin il kubokun finalında isə "Qarabağ"la qarşılaşdıq. Oyunun gedişində 1:0 hesabı ilə öndə olsaq da, yekunda 1:2 hesabı ilə uduzduq. Sonrakı illərdə də komanda pis təsir bağışlamırdı, rəngarəng oyun sərgiləyirdi. Birinci il 3-cü yeri tutandan sonra mən komandadan getdim. Baş məşqçi postuna Fuad Yaman gətirildi, amma 2 ay sonra yenidən "Karvan"a qayıtdım. Bir də arada 6 ay "Standard"ı çalışdırdıqdan sonra yenidən "Karvan"a döndüm. Amma artıq əvvəlki vəziyyət deyildi. Maliyyə baxımından bir az vəziyyət çətinləşmişdi. Sonra klub dağıldı".

 

"İndiyə kimi dəqiq bilmirəm"

2004-cü ildə Azərbaycan futboluna sərmayə axını nəticəsində yaranan klublardan biri də "MKT-Araz" idi. İmişlini təmsil edən bu komanda çempionatdakı rəqabəti bir qədər də gücləndirmişdi. Azərbaycanı əvvəlcə İntertoto, sonra isə UEFA Kubokunda təmsil edən "MKT-Araz"ın fəaliyyətini dayandırması məhz Avrokubok matçından sonra baş verdi. Belə ki, 2007-ci ildə UEFA Kubokunda Polşanın "Qrotslin" komandası ilə qarşılaşan "MKT-Araz" öz meydanında qolsuz heç-heçəyə imza atdı. Azərbaycan kubokunun finalçısı səfərdə keçirilən matçda isə rəqibinə 0:1 hesabı ilə uduzdu. Məhz bu görüşdən sonra "MKT-Araz" fəaliyyətini dayandırdı. Komandanın kapitanı olmuş Saşa Yunisoğlu "MKT-Araz"la bağlı xatirələrini bölüşüb: "Mən yeganə futbolçuyam ki, "MKT-Araz" yarandığı gündən dağıldığı günə qədər orda olmuşam. Düz 3 il bu klubun formasını geyinmişəm. Axırıncı il həm də komandanın əsas kapitanı idim. Demək olar ki, futbolun sirlərini elə orda öyrənmişəm. Məhz "MKT-Araz"da axırıncı il UEFA Kubokunda "Qrotslin"ə qarşı yaxşı oyun göstərmişdim və Polşa təmsilçisi həmin oyundan sonra məni heyətinə qatmışdı. Klubun rəhbərliyi və İmişli camaatı barədə yalnız xoş sözlər deyə bilərəm. İndiyə kimi dəqiq bilmirəm ki, klub niyə dağıldı? Hər şey 1 günün içində baş verdi. UEFA Kubokunda oyunumuzdan qayıtmışdıq və çempionata artıq 1 həftə vaxt qalmışdı. Bizi 1 günlük istirahətə buraxdılar. Axşam isə zəng vurub dedilər ki, komanda dağıldı, hər kəs sərbəstdi, yəni istədiyiniz kluba gedə bilərsiz. Şokda idim. Son ana qədər inana bilmirdim ki, o cür klub dağılıb. Kapitan kimi "MKT-Araz" gəmisini axırıncı tərk etmişəm. Həmin vaxt Polşadan təklif gəldi və "Qrotslin"ə keçəsi oldum. Orda da Polşa çempionatının bürünc medalını və ölkə kubokunu qazandım".

 

"Heyif o kluba..."

"MKT-Araz" fəaliyyətini dayandırdıqdan bir müddət sonra yaşıl meydanlara qayıdaraq, I divizionda çıxış etsə də, sonra yenidən dağılıb. 2013-cü isə İmişlidə yeni klub - "Mil-Muğan" yaranıb.  

İmişlidə gözəl stadion, futbol üçün yaxşı infrastruktur yaradıldığını deyən Yunisoğlu "MKT-Araz"ın öz yerinin olduğunu bildirib: "İndi İmişlini "Mil-Muğan" komandası təmsil edir. Bu il "Səbail"in heyətində ora gedəndə çox sevindim. Mənə əziz olan insanları yenidən gördüm. Çox istərdim  ki, İmişlini təmsil edən klub yenidən Premyer Liqada çıxış etsin. Amma "MKT-Araz"ın öz yeri var idi. Heyif o kluba...".

 

Tengiz MƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

0