[b]“Onun soyadı toyuqdan çıxan “ko-ko” səsini xatırladır”[/b]
19.12.2016 - 16:41
[b]“Onun soyadı toyuqdan çıxan “ko-ko” səsini xatırladır”[/b]

“Zenit”in hücumçusu Aleksandr Kokorinin azarkeşlərlə münasibətinin korlandığı vaxtda braziliyalı Letisiya Melo ona aşiq olub. Apasport.az saytının məlumatına görə, 22 yaşlı model rusiyalı futbolçuya olan sevgisini açıq-aşkar bəyan edib.

 

Hazırda Seara çimərliyində istirahət edən Melo bütün braziliyalılar kimi futbol maykasında gəzir. Maraqlı tərəfi isə ondadı ki, cənubi amerikalı model əyninə yüzlərlə həmyerlisinin deyil, məhz Kokorinin formasını geyinir.

 

Rusiya mətbuatına müsahibə verən Melo Kokorini 2 il öncə keçirilən dünya çempionatının gedişində tanıdığını bildirib: “Saşanı 2014-cü il, iyunun 26-da tanıdım. Bu, Braziliyada keçirilmiş dünya çempionatı zamanı baş verdi. Onda ölkəmizdə hamı kimi, mən də futbola baxırdım. Atam uşaq yaşlarımdan məndə bu idman növünə sevgi yaradıb. Öncə Aleksandrın özü deyil, soyadı diqqətimi çəkdi. Rusiya – Əlcəzair matçında Kokorin qol vurdu. Braziliyalılar üçün bu soyad gülməli səslənir. Belə ki, toyuqdan çıxan “ko-ko” səsini xatırladır. Bundan əlavə, Kokorinin məşhur Castin Biberə oxşadığını hiss etdim. Sonra Saşanı “İnstaqram”da axtarıb tapdım”.

 

Melo Kokorinin tərəfini saxlayaraq, onu bəyənməyən rusiyalı azarkeşlərə səslənib: “Onu ancaq neqativ biri kimi tanıyırsız. Mən isə tam fərqli Kokorini görə bilirəm. Ona qarşı hisslərim yavaş-yavaş yarandı. Kokorinin həyatını izlədikdən sonra başa düşdüm ki, yaxşı insandı. Saşa köməyə ehtiyacı olan şəxslərə yardım edir. Düzdü, Neymar və Kriştianu Ronaldo da xeyirxah işlərlə məşğul olurlar. Amma Aleksandrın digər insanlara qarşı münasibətini onlarda görmürəm. Saşa diqqətcil, mehriban, məzəli və sevimlidi”.

 

Braziliyalı model Rusiya çempionatını diqqətdə saxladığını deyərək, tezliklə bu ölkəyə səfər edəcəyini bildirib: “Rusiya çempionatının bombardiri Fyodor Smolov da yaraşıqlıdı. Amma mənim diqqətimi cəlb etmir. Kokorindən başqası yalandı. Rusiyaya getmək, Sankt-Peterburqu görmək istəyirəm. Amma arzumu reallaşdırmağa maddi imkanım mane olur. Səfər xərcini qarşılamaq üçün pul toplayıram. Kokorinə görə rus dilini öyrənməyə cəhd edirəm. Artıq Rusiyanın dövlət himnini də əzbərləmişəm”.

 

Rusiyalı jurnalistin “Kokorin bir gecədə nə qədər pul xərcləyir, amma sizin səfər xərcinizi üzərinə götürə bilmirmi” sualına model belə cavab verib: “Bütün futbolçular, o cümlədən Kokorinin hara və nə qədər pul xərcləməsinin nə fərqi var? Bu, onların puludu və onu istədikləri kimi xərcləyə bilərlər”.

 

 

 

0