[b]“Taekvondo Federasiyası 15 ildə vermədiyi nəticələrin hamısına bir ildə imza atdı” - Nağı Səfərov[/b]
23.12.2016 - 17:23
[b]“Taekvondo Federasiyası 15 ildə vermədiyi nəticələrin hamısına bir ildə imza atdı” - Nağı Səfərov[/b]

“Komandalararası dünya çempionatının hansı ölkədə keçirilməsi ilə bağlı təqvim planında Azərbaycanın adı yox idi. Dünya Taekvondo Federasiyası vaxtın az olduğunu nəzərə alaraq, ölkəmizdən rica etdi ki, bu yarışa ev sahibliyi edək. İdmançılarımız da istirahətdə olduğundan baş məşqçiyə bu bərədə məlumat verdik. Dedik ki, yarış Azərbaycanda keçiriləcəyindən doğma publikanı sevindirmək lazımdır”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Azərbaycan Teakvondo Federasiyasının (ATF) icraçı vitse-prezidenti Nağı Səfərov deyib.

 

Dünya taekvondo ailəsi 2016-cı ilə Bakıda yekun vurdu. Paytaxtımızda keçirilən Qran-pri yarışlarının finalı və komandalararası dünya çempionatı taekvondoçularımız üçün uğurlu alındı. Bu yarışları, həmçinin ilin yekunlarını dəyərləndirən ATF rəsmisi söhbətə kişilərdən ibarət yığmamızın mundialın qızıl medalını qazanması ilə başlayıb. O qeyd edib ki, komandamızın liderlərinin hamısı bu yarışda iştirak etdiyindən uğur gözlənilən idi.

 

Azərbaycan yığması dünya taekvondo tarixində titulunu qoruyan ilk komanda oldu. N. Səfərov indiyədək heç bir komandanın bacarmadığını, ardıcıl 2 çempionluğu əldə edən yığmamızın qarşıdakı ildə də uğurlu seriyanı davam etdirmək şansını belə cavablandırıb: “Mundial növbəti ildə Fil Dişi Sahilində keçiriləcək. Baş məşqçimiz fikirləşir ki, bəlkə bu yarışa getməyək. Bu, onun şəxsi fikridir. Səbəb kimi başqa komandalara da imkan, onlara güclərini göstərməyə şans verməyi göstərir. Deyir ki, biz artıq başqa yarışlarda nəyə qadir olduğumuzu görək. Yenə də hər şeyə zaman aydınlıq gətirəcək. Bu məsələyə baxılacaq”.

 

Vitse-prezident kişilərin uğurunu qadınların təkrarlaması üçün nə çatmadığını da açıqlayıb. O bildirib ki, bu məsələdə mentalitet məsələsi də rol oynayır: “Qız taekvondoçular gəlib pik həddə çatanda idmanı atırlar. Düzdür, dünya çempionatında 2 əsas idmançımız – Patimat Abakarova və Fəridə Əzizova zədəli idi. Kişilərdən ibarət komandada da zədəlilərimiz vardı. Lakin digərləri onu kompensasiya edə bilir. Amma təəssüf ki, xanımlarda bu əvəzləmə yoxdur. Yəni onlar təxminən 20-22 yaşa çatdıqda idmanla vidalaşır, ailə həyatı qururlar. Bu da obyektiv haldır. Reqlamentə əsasən komandamıza cəlb olunan legionerlər də özlərini doğrultmadılar. Kişilərin uğurlarını qadınların təkrarlaması üçün müəyyən zaman lazımdır”. 

 

Qran-pri turnirinin finalı barədə də danışan qonağımız bu yarışda yalnız Milad Beiqi Harçeqaninin fərqlənməsinin səbəbindən də danışıb. Onun sözlərinə görə, istirahətdən gətirilən idmançıların qarşısına konkret məsuliyyət qoyulmamışdı: “Biz ilin sonunda Radik İsayevlə Miladın özünü də müalicəyə göndərəcəyimizi gözləyirdik. Olimpiya çempionumuzun zədəsi daha ciddidir. Miladın da ayağında zədə var. Amma o stabil bir idmançıdır. Yarışın miqyasından asılı olmayaraq, hamısından nəticə ilə geri dönür. Bunu İsayevə və ya başqa idmançıya şamil edə bilmərik. Çünki onlar hər yarışın gücünə əsasən mübarizə aparırlar”.

 

N. Səfərov Qran-pridə digər idmançılarımızın nə səbəbdən uğur qazanmamasından da danışıb. O qeyd edib ki, baş məşqçilərin əsas planı növbəti yarışlar üçün teakvondoçularımızın reytinqinin artırılmasına və “16-lığ”a düşməsinə hesablanıb: “Yarışa beynəlxalq federasiyanın qiymətinə gəlincə, Azərbaycana inanmasaydılar, bunu bizə həvalə etməzdilər. Belə deyək, Azərbaycandan bu yarışı keçirməyi də rica etməzdilər”.

 

ATF rəsmisi Bakıda keçirilən Qala gecədə ən yaxşıların adlarının açıqlanmasından da danışıb. O, Azərbaycan Taekvondo Federasiyasının “ilin assosiasiya”sı, kişilərdən ibarət yığmamızın çalışdırıcısı Reza Mehmandost ilin məşqçisi seçilməsinin səbəblərini açıqlayıb: “Bundan əvvəlki yarışlarla Azərbaycana gələn qonaqlar arasında kifayət qədər fərq var. Bunlar artıq ölkəmizin təşkilatçılıq səviyyəsinə bələddirlər. Beynəlxalq federasiya, mütəxəssislər artıq komandamızı da dünyanın ən güclüsü sayırlar. Hətta belə bir fikir də formalaşıb ki, bir neçə olimpiadada iştirak edən idmançılar məhz Harçeqani ilə qarşılaşmamaq səbəbi ilə ağır çəkiyə keçiblər”.

 

N. Səfərov bu uğurlarda daha çox nəyin rolu olduğuna da aydınlıq gətirib: “Bu uğurlarda baş məşqçinin qətiyyəti və federasiyanın ona verdiyi səlahiyyət rol oynayıb. Hətta faciə səviyyəsinə qaldırmışdılar ki, bir neçə idmançını çalışdırıcı yığmaya götürmədi. Zamanında onun verdiyi qərar, federasiyanın da ona verdiyi dəstək bu bünövrəni qoydu. Hərdən belə deyirlər ki, federasiya 16-17 ildir formalaşıb və 15 ildə vermədiyi nəticələrin hamısına məhz bir ildə - 2015-2016-cı ildə imza atdı. Məşqçi amilinin uğurlarda rolunu 100 faiz desəm, bir az şişirtdirilmiş olar. Amma təxminən buna yaxın rəqəmdir”.

 

Əksər uğurlarımız kişi taekvondoçularımızın adı ilə bağlıdır. Vitse-prezident bildirib ki, Olimpiadada ölkəmizə medal qazandıran qadınlardan ibarət yığmamızdan və onun baş məşqçisi Sun Mi Parkdan razı qalmamağa səbəb olmadığını da vurğulayıb: “Biz Afina-2004-dən Olimpiadalara qoşulduq. O zamandan bir arzumuz vardı ki, heç olmasa, 1 medalımız olsun. İlk mükafatı da Rioda qadınlardan ibarət komandamız qazandı. Düzdür, idman ictimaiyyəti elə öyrəşib ki, hamı qızıl medal gözləyir. Kişilərin qazandığı mükafatların yanında Patimat Abakarovun “bürünc”ü “kölgə”də qaldı. Amma bu, hesaba alınmayası mükafat deyil. Böyük bir uğur idi”.

 

2016-cı ili yekunu müsbət dəyərləndirən N. Səfərov yeni illə bağlı planları da açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan çempionatına həm legionerlər, həm də yerlilər cəlb ediləcək ki, onların da nəticəsinə əsasən yığmada yeni adlar da olacaq: “Bununla yığmaya kimlərin çağırılacağı, kimlərin xaric olunacağına da aydınlıq gələcək. Məsələn, kişilərdə 54 kq, 58 kq, 63 kq çəki dərəcələrində rəqabət olacaq. Digər idmançılarımız arasında da gərgin döyüşlər gözlənilir. Ola bilsin ki, baş məşqçimiz Olimpiya çempionu ilə mükafatçısına, bəzi liderlə yarışda istirahət versin”.

 

N. Səfərov 2017-ci ildə Bakıda olacaq İslam Həmrəyliyi Oyunlarındakı hədəflərinə də toxunub: “İdman nazirimiz elə bir məsələni vurğuladı ki, Avropa Oyunlarında komanda hesabında ikinci olduqsa, nədən İslam Həmrəyliyi Oyunlarında birinci olmayaq? Bu, ciddi bir məsuliyyətdir. Artıq buna hazırlığa start verilib. Bu yarışdan da 1 ay sonra dünya çempionatı başlayır. Yəni yeni ildə 2 məsul yarış bizi gözləyir”. 

0