[b]"O cür sürətə malik olmaq Allah vergisi idi" - LAYİHƏ[/b]
26.12.2016 - 09:05
[b]"O cür sürətə malik olmaq Allah vergisi idi" - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusunu davam etdirir. Layihənin onuncu yazısı ölkə futbolunun "Qızıl oğlan"ı Zaur Tağızadəyə həsr olunur.

 

Sürəti ilə cinahda müdafiəçilərin başına oyun açan, Portuqaliya yığmasının qapıçısı Vitor Bayaya yaddaşlardan silinməz qol vuran və zədələrin yaxasını buraxmadığı futbolçu idi Zaur Tağızadə. Erkən yaşlarında azarkeşlər, futbol ictimaiyyəti tərəfindən əldə etdiyi hörmət və sevgi ona "Qızıl oğlan" ləqəbini qazandırmışdı.

   

Karyerasına 1994/95 mövsümündə Mingəçevirin "Kür-Nur" komandasında başlamış Zaur ardınca "Şəfa"da çıxış edib. Çox keçməyib ki, ölkə xaricindən ona təklif edib. 1997-ci ildə Estoniyanın "Lelle" klubuna keçən Tağızadə bu komandanın heyətində 6 oyunda 2 qola imza atıb. Burda çox qalmayan Zaur ardınca İslandiyaya yollanıb. "Akranes"də 3 matçda 1 dəfə fərqlənən cinah yarımmüdafiəçisi yenə əcnəbi ölkəni erkən tərk edib. Ancaq bir qədər sonra ikinci dəfə Estoniyaya gedərək, bu dəfə "Flora"nın uğurları üçün çalışıb. Tallin təmsilçisində 9 görüşdə 4 dəfə fərqlənən Tağızadənin budəfəki legioner həyatı da uzun çəkməyib. 1999/2000 mövsümünü Bakının MOİK klubunda keçirmiş "Qızıl oğlan" 2004-cü ilə qədər yenidən "Şəfa"da çıxış edib. Bundan sonra isə istedadlı futbolçunun "Neftçi" macərası başlayıb və karyerasının sonuna qədər "ağ-qaralar"a sadiq qalıb.

 

2001-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilmiş Zaur Tağızadə 2 dəfə (2004, 2005) ölkə çempionu adını qazanıb və hər iki çempionluğa "Neftçi"nin heyətində nail olub. 2007-ci ildə Azərbaycan çempionatının gümüş medalına yiyələnmiş Zaur 2 dəfə də (2006, 2008) "bürünc" əldə edib. O həmçinin, 2 dəfə ölkə kubokunun (2001, 2004) qalibidi. Millidə 1997-ci ildə debüt etmiş Tağızadə yığmanın heyətində 40 oyunda 6 qol vurub. O, bu qollara Lixtenşteyn, Portuqaliya və Slovakiya ilə seçmə mərhələ, eləcə də Özbəkistan, Belarus və Albaniya ilə yoldaşlıq oyunlarında imza atıb.

 

Zaur Tağızadə "Neftçi"də çıxış etdiyi müddətdə "ağ-qaralar"ın prinsipial rəqibi "Xəzər Lənkəran", həmçinin digər klublardan təkliflər alsa da, yuxarıda qeyd etdiyimiz kimi, "flaqman"a sadiq qalıb və karyerasını 2010-cu ildə məhz "Neftçi"nin heyətində bitirib. Butslarını mismardan asan kimi, paytaxt klubunun o vaxtkı rəhbərliyi Tağızadəyə əsas komandada köməkçi məşqçi kimi fəaliyyət göstərməyi təklif edib. Lakin Zaur bu iş üçün gənc olduğunu bildirməklə, məşqçilik fəaliyyətinə "Neftçi"nin əvəzedici heyətində başlayıb. Bir il "ağ-qaralar"ın ikinci komandasında İqor Getmanın köməkçisi olduqdan sonra "Neftçi"dən ayrılıb. Həmin ərəfədə mətbuatda Tağızadənin paytaxt klubunun rəhbərliyində yer almış bəzi şəxslər üzündən "flaqman"dan incik ayrıldığı haqda xəbərlər yayılmışdı. 2011-ci ildə sabiq komanda yoldaşı və məşqçisi Qurban Qurbanovun təklifi ilə "Qarabağ"a keçən Zaur hazırda da Ağdam klubunda seleksiyaçı məşqçi kimi fəaliyyət göstərir.

 

"Qızıl oğlan"la bağlı fikirlərini bildirən futbol ictimaiyyətimizin nümayəndələri Zaur Tağızadənin bilinən və bilinməyən cəhətlərindən danışdılar.

 

"Zaurun gələcəyinə çox ümidlə baxırdıq"

"Şəfa"da və millidə Tağızadənin məşqçisi olmuş Vaqif Sadıqov ilk həmsöhbətimizdi: "Zaur Azərbaycanın ən istedadlı futbolçularından biri idi. Bunu həm çıxış etdiyi klublarda, həm də millidə keçirdiyi hər oyunda sübut etməyə çalışırdı. Zauru 1995-1996-cı illərdən bəri tanıyıram. O vaxt 16 yaşadək, ümumiyyətlə, gənclərdən ibarət yığma komandalara mən rəhbərlik edirdim. Zaurla da həmin vaxt tanış olmuşam, sürəti ilə seçilirdi. Onu ayrı-ayrı mövqelərdə - həm cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi  oynatmaq şansımız var idi. Sürətə, topla davranmaq keyfiyyətinə və güclü zərbələrə malik idi. Məhz buna görə biz Zaurun gələcəyinə çox ümidlə baxırdıq. Əfsuslar olsun ki, tez-tez aldığı zədələr ona bundan da yaxşı futbol sərgiləməyə imkan vermirdi. Estoniya və İslandiyada legioner həyatı da yaşadı. Amma digər azərbaycanlı futbolçular kimi, Zaura da mentalitet imkan vermədi ki, başqa ölkələrdə möhkəmlənsin. Özüm də o problemlə üzləşmişəm. Biz o vaxt çalışırdıq ki, Zaur və digər futbolçuları ölkə xaricinə yollayaq, uyğunlaşıb özlərinə futbolçu karyerası qura bilsinlər. Amma nə qədər istedadlı olsalar da, orda qala bilmədiklərinə görə geri qayıdırdılar".

 

"Sakit, özünə qapanan insandı"

Vaqif Sadıqov keçmiş yetirməsinin insani keyfiyyətlərindən də bəhs edib: "Zaur xeyli vaxt bizim rəhbərliyimiz altında “Şəfa”da oynadı. “Şəfa”nın yaradılmasında məqsəd məhz onun kimi istedadlı futbolçulara yol açmaq idi. Daha sonra “Neftçi”yə keçdi, əsas millinin aparıcı oyunçularından birinə çevrildi. Mən onu çox tərbiyəli insan kimi tanımışam. Verilən tapşırığı həmişə yerinə yetirən, məşqçilərinə hörmətlə yanaşan futbolçu olub. O vaxtdan “Qızıl oğlan” ləqəbini qazansa da, məşq və ya oyunda heç vaxt etirazını eşitməmişəm. Həmin ləqəbi ona futbol ictimaiyyəti, azarkeşlər vermişdi. Bu da onunla bağlı idi ki, Zaur gənc yaşlarından parlamağa başladı. Həqiqətən, "Qızıl oğlan" ləqəbinə layiq idi. Amma görürsüz, o cür böyük ada malik olmuş futbolçu hazırda gündəmdə deyil. Bu, Zaurun xasiyyətindən irəli gəlir. Sakit, özünə qapanan insandı".

 

"Ona qarşı oynamaq müdafiəçilər üçün çox çətin idi"

Sadıqovun fikrincə, Tağızadənin ən unudulmaz oyunu millinin heyətində Portuqaliyaya qarşı keçirdiyi matç olub: "O görüşdə vurduğu qol indi də gözümün qarşısında canlanır. Mənimlə birgə çalışdığı dönəmdə də kifayət qədər unudulmaz oyunları olub. Zaur beynəlxalq matçlarda sürətinin hesabına rəqib müdafiəçilərə problem yaratmağı bacarırdı. Bundan əlavə, fiziki göstəriciləri güclü olan futbolçu idi. Doğrudan da, ona qarşı oynamaq müdafiəçilər üçün çox çətin idi”.

 

"İşini elə yerinə yetirirdi ki..."

Daha bir məşqçi - həm "Şəfa"da, həm də millidə Zaurla işləmiş Əsgər Abdullayev də "Qızıl oğlan"la bağlı fikirlərini bildirib: “Zaur həm futbolçu, həm də insan kimi yuxarı səviyyədə olub. Ona həmişə böyük hörmətlə yanaşmışam. Çox yüksək sürətə malik idi, topla da yaxşı davranırdı. Azərbaycanda öz dövrünün 3-4 futbolçusundan biri idi. Zaurun ən üstün cəhəti yerindən start hərəkətinin çox sürətli olması idi. Buna görə də, hər bir müdafiəçi üçün başağrısı idi. Mən özüm də müdafiəçi olmuşam. Zaur kimi futbolçulara güzəşt etmək olmazdı. Çünki yüksək sürətə malik olduğundan, istənilən müdafiəçini aldatmağa, keçməyə qadir futbolçu idi. Zaurun qabağını ala bilən müdafiəçi çox az olardı. İşini elə yerinə yetirirdi ki, qışqırmaq, nəsə demək lazım olmurdu. Həm meydanda, həm də ondan kənarda özünə hörmət qoyurdu. Məsuliyyət dərk edirdi, meydançaya nəyə görə çıxdığını bilirdi".

 

"Məni çəkib aparırdı, sözümü zorla dedim"

Millimizin 2003-cü ildə Bakıda Serbiya və Çernoqoriya yığması ilə keçirdiyi oyunda Abdullayevin köməyinə məhz "Qızıl oğlan" çatıb. Sonradan meydana daxil olan Zaur Tağızadə həmin görüşdə qol vurmasa da, millimizin hər iki qolunda yaxından iştirak edərək, matçın qəhrəmanı olub: "Həmin oyundan öncə Zaurun əlində zədə var idi. Bir müddət məşq etməmişdi, hazırlıqsız idi. Amma mən onu həmişə meydanda görmək istəmişəm. Çünki Zaura çox güvənirdim. Oyundan öncə özü ilə danışıb, söhbət etdim. Hərdən məşqçiliyi unudub, futbolçu ilə dost kimi danışmalısan. Soruşdum ki, nə qədər oynamağa gücün çatar? Cavabı "1 hissə" oldu. Dedim o qədər çoxdu, sən filan dəqiqələrdə çıxmalısan, biz də sürətindən istifadə etməliyik. Elə də oldu. Oyunda az olmasına baxmayaraq, sözünü dedi. Zaur meydana çıxandan sonra matçın taleyi dəyişdi. 0:1 hesabı ilə uduzduğumuz halda, 2 qol vurduq və hər iki topda Zaurun zəhməti var idi. Əvəzetmədən öncə ona söz demək istədim. Amma elə istəkli idi ki, meydançaya tez daxil olmağa can atırdı. Məni çəkib aparırdı, sözümü zorla dedim (gülür). Futbolçunun hazır olub-olmadığını, məşqçini dərk edib-etmədiyini gözündən anlamaq mümkündü. Zaur meydana çox istəkli çıxdı və biz düşündüyümüzdən də yüksək səviyyədə oyun nümayiş etdirdi".

 

"...topa daha tez çatacaq"

Zaur Tağızadə ilə eyni komandada oynamaq ilk növbədə, pleymeykerlərin işinə yarayıb. "Qızıl oğlan" vaxtında boş zonaya açılmaq bacarığı və yüksək sürətə malik olduğundan, oyun qurucularının işini asanlaşdırıb. Azərbaycan futbolunun "professor"u Mahmud Qurbanov bunu təsdiqləyib: "Zaur Azərbaycanın ən istedadlı futbolçularından biri olub, “Qızıl oğlan” ləqəbini alıb. Mənim üçün meydanda ən rahat tərəfdaş idi. Onunla bir-birimizi çox gözəl, futbol dili ilə desək, bir baxışdan başa düşürdük. Zaur anlayırdı ki, mən nə vaxt ötürmə verəcəm, mən də başa düşürdüm ki, nə vaxt boş zonaya atsam, Zaur topa çatacaq, ofsayda düşməyəcək. Bu mənada, heç bir çətinliyimiz yox idi. Mənim üzərimə düşən ancaq boş zonaya ötürmə vermək idi. Bilirdim ki, Zaur müdafiəçilərdən arxada olsa belə, topa daha tez çatacaq. O cür sürətə malik olmaq Allah vergisi idi. Həm yerindən qaçmağı yaxşı idi, həm də getdikcə sürətini artırırdı. Əfsuslar olsun ki, zədə ilə əlaqədar, karyerasını tez bitirdi. Halbuki daha bir neçə il oynaya bilərdi".

 

"Zaurun oxşarı olmayacaq"

Qurbanov sabiq komanda yoldaşının insanlığı ilə də hörmət qazandığını əlavə edib: "Həyatda sakit insandı. Heç vaxt konfliktə girən adam olmayıb. Öz sakitliyi ilə nəinki mənim, “Neftçi”də, eləcə də millidə hamının yanında hörmət qazanmışdı. Xarakterli futbolçu idi. Onunla çiyin-çiyinə oynadığıma görə, həmişə şad olmuşam. Zaura ancaq xoş sözlər yaraşır. Ən çox “Neftçi”də bir yerdə keçirdiyimiz oyunlar yadımdadı. “Birlik kuboku”nda rəqibin kimliyindən asılı olmayaraq, meydanda onunla rahat anlaşırdıq. Yəqin ki, Azərbaycan futboluna yenə istedadlı oyunçular gələcək. Amma Zaurun oxşarı olmayacaq. Onun öz dəsti-xətti var idi”.

 

"Ağıllı futbolçu idi, vaxtında boş zonaya açılırdı"

Növbəti həmsöhbətimiz Azərbaycanın digər güclü pleymeykeri olmuş Bəxtiyar Musayevdi: "Zaur həm futbolçu, həm də insan kimi xoş sözlərə layiqdi. Azərbaycanın müstəqillik illərinin ən istedadlı oyunçularından olmaqla yanaşı, eyni zamanda çox gözəl, dürüst insan idi. Onunla birgə meydana çıxanda həmişə məmnun olmuşam. Zaur yüksək sürətə malik idi, topla rəftarı da normal, zərbələri də öz yerində idi. İndi Avropada oynaya biləcək futbolçulardan idi. Sürəti, fiziki göstəriciləri buna imkan verərdi. Onunla anlaşmaq mənə də rahat idi. Ağıllı futbolçu idi, vaxtında boş zonaya açılırdı. Mən də elə ötürmələr verirdim ki, həm Zaurun sürətinin, həm də mənim ötürməmin dəyəri olurdu".

 

"Əhməd Ələsgərov hər dəfə deyirdi ki..."

Millimizin 1999-cu ildə Bakıda güclü Portuqaliya yığması ilə heç-heçə (1:1) etdiyi görüşün əsas qəhrəmanları məhz Musayevlə Tağızadə olub. Belə ki, "Baxa"nın ideal ara ötürməsindən sonra Zaur sürətinin hesabına rəqib müdafiəçini qabaqlayaraq, topu Vitor Bayanın ayaqları arasından keçirmişdi. Musayev həmin anı xatırlayıb: "Zaurun sürətini bilirdim. Rəqib bizimlə matçda müdafiəni bir az öndə qurmuşdu. Mən “Fiorentina”nın hazırkı məşqçisi Paulo Souzadan sıyrıldım, Zaurun sürətini nəzərə alaraq, ona ara ötürməsi verdim. Onda "Fənərbaxça"nın formasını geyinən Dimaş Zaura yaxın oynayırdı. Topun şiddəti yaxşı alındı, yəni nə bərk, nə asta oldu, düz Zaurun önünə düşdü. O da sürəti hesabına rəqibdən aralanaraq, topu Vitor Bayanın ayaqları arasından qapıdan keçirdi. Mənim üçün ən dəyərli ötürmələrdən biri idi. Onda “Neftçi”də də bir yerdə çıxış edirdik. Əgər 2 futbolçunun oyun zəkası güclüdüsə, onlar meydanda bir-birlərinə tez zamanda alışırlar. Baş məşqçimiz Əhməd Ələsgərov da hər dəfə deyirdi ki, hücuma keçəndə Zauru axtarın. Çünki Tağızadə, həqiqətən də, çox sürətli idi, Avropa səviyyəli futbolçulardan geri qalmırdı. Zaurun sürəti hesabına rəqib müdafiəsinin arxasına top atmaqla, hücumlarımızın kəsərini artıra bilirdik. Başqa oyunlarda da ötürmələrim olub ki, Zaur onlardan istifadə edib. Bir-birimizi görəndə həmişə yaxşı görüşürük. Ona məşqçilik karyerasında uğurlar arzulayıram”. 

 

"Ondan çox çəkinirdim"

Sürətli futbolçuya qarşı oynamaq istənilən müdafiəçi üçün çətindi. Bu mənada, adətən yarımmüdafiənin sağ cinahında yer alan Zaur Tağızadəni dayandırmaq sol cinah müdafiəçiləri üçün müşkül məsələ olub. Sonuncu həmsöhbətimiz, uzun illər "Qızıl oğlan"a qarşı rəqib qismində çıxış etmiş, sonra isə onunla komanda yoldaşı olmuş Ramin Quliyevdi: "Öncə onu deyim ki, Zaur insan kimi, doğrudan da, qızıl oğlandı. Futbolçu kimi də, ləqəbi “Qızıl oğlan” idi (gülür). Ona çox hörmət edirdik. Əvvəllər həmişə Zaura qarşı oynamışam. Mən “Bakı”da çıxış edəndə o, “Neftçi”nin formasını geyinirdi. Zaura qarşı oynayanda daha məsuliyyətli olurdum. Sürətli, cəld olduğundan, Tağızadəyə qarşı mübarizə aparmaq həddindən artıq çətin idi. Ondan çox çəkinirdim. Bu adam bizə o qədər çətinlik yaradırdı ki... Müdafiəçi sürətli futbolçuya qarşı gərək çox yaxın oynamasın. Çalışırdım ki, Zaur topu önünə atanda heç olmasa ara məsafəsinin hesabına onun sürətinə çatdırıb, topu götürüm. Oyun ərzində çalışırdıq ki, Zauru qapı istiqamətində yox, qapıdan bir qədər kənara yönəldək və bu yolla təhlükəni bir qədər sovuşduraq. Hava ötürmələri zamanı o qədər də təhlükəli deyildi, amma sürət və texnikasının hesabına çətinlik yaradırdı".

 

"Bir dəfə görmədim ki, kiminsə dalınca danışsın"

Tağızadə ilə bağlı fikirlərini davam etdirən Quliyev onun insani keyfiyyətlərindən də ağızdolusu danışıb: "Belə futbolçuları meydanda gərək bir az əsəbləşdirəsən ki, oyunu alınmasın. Amma Zaur elə adamdı ki, kiminsə onu qızışdıra bildiyinə inanmıram (gülür). Düzdü, yaşı artandan sonra meydanda əsəbləşən vaxtları olurdu. O da yaşın öz sözünü deməsi ilə bağlı idi. Cavanlığında isə gec hirslənirdi. “Neftçi”də bir yerdə oynayana qədər də onu yaxşı tanıyırdım. Bir komandada çıxış etdikdən sonra isə gördüm ki, Zaur həm insan, həm də futbolçu kimi ibrət götürüləsi şəxsdi. Azərbaycan futbolunda azsaylı şəxslərdəndi ki, həm meydanda, həm də ondan kənarda hörmət sahibidi. Çox gözəl xasiyyəti, əsl dostluğu var. Bir dəfə görmədim ki, kiminsə dalınca danışsın. Borca pul istəyəndə heç vaxt “otkaz” etmirdi. Bir də ki, o cür oyununun, milli üzvü olmasının qarşılığında cavanlara qarşı çox sadə yanaşırdı".

 

"Çox məyus olmuşdu"

Millimizin sabiq üzvü söhbət əsnasında Zaur Tağızadənin qırmızı vərəqə aldığı "Rid"lə qarşılaşmanı yada salıb: "Neftçi”də bir yerdə olanda məşqlərdə də ona qarşı oynayanda çətinlik çəkirdim. Sürətli futbolçu həm meydanda, həm də məşqdə təhlükəlidi. Zauru cırnatmaq üçün məcbur ayağını tapdalamalıydın. Məşqdə, ikitərəfli oyunda bunu etmək olurdu, amma oyunda elə davranmaq olmazdı, çünki hakim var idi (gülür). “Rid”lə Avrokubok matçında 2:0 hesabı ilə öndə olanda Zaur ikinci sarı vərəqəni aldı. Komandanı azlıqda qoyduğuna görə çox məyus olmuşdu. Oyundan sonra dedi ki, bağışlayın, belə alındı. Hamı da onu başa düşüb, dəstək oldu. Elə hal hər bir futbolçunun başına gələ bilərdi”.   

 

Tengiz MƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

0