[b]Azərbaycan Ağır Atletika Federasiyasına yeni prezident seçildi[/b]
28.12.2016 - 08:41
[b]Azərbaycan Ağır Atletika Federasiyasına yeni prezident seçildi[/b]

Dekabrın 27-də Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib. Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, konfransda şəhər və rayon idman cəmiyyətlərinin, idman klub və məktəblərinin təmsilçiləri, AAAF-nin üzvləri iştirak ediblər.


Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. İdmançılarımızın mötəbər beynəlxalq yarışlarda böyük nailiyyətlər qazandıqlarını vurğulayan nazir müavini deyib ki, Azərbaycanda 2016-cı ildə Avropa və dünya çempionatları, həmçinin digər beynəlxalq yarışlar yüksək səviyyədə keçirilib. İl ərzində idmançılarımız Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə ümumilikdə 837 medal qazanıblar.


AAAF-nin vitse-prezidenti Tofiq Heydərov son illər ağır atletika idmanı üzrə əldə olunan böyük uğurlar barədə məlumat verib. O, infrastruktur məsələlərinin qısa müddətdə həll olunduğunu, idmançılar üçün ən yüksək şəraitin yaradıldığını qeyd edib.

 

Heydərov Azərbaycanda idmanın bu növü üzrə turnirlərin yüksək səviyyədə təşkil olunduğunu bildirib.


Mandat komissiyasının adından çıxış edən baş katib Rizvan Rəsulov ölkəmizin bütün regionlarından nümayəndələrin konfransa dəvət olunduğunu deyib. O, 68 nəfərin qeydiyyatdan keçərək səsvermə hüququ əldə etdiyini diqqətə çatdırıb.


Sonra Federasiyanın prezidenti vəzifəsinə səsverməyə keçilib. Seçkidə yeganə namizəd olan AAAF-nin prezidenti Cahangir Əsgərov yenidən bu vəzifəyə seçilib.


Daha sonra AAAF-nin Rəyasət Heyətinin tərkibi formalaşdırılıb.

 

Rəyasət Heyətinin iclasında isə Federasiyasının İcraiyyə Komitəsinin üzvləri, vitse-prezidentlər, həmçinin digər komitələrin üzvləri seçiliblər.

 

Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, “AAAF Holding”in prezidenti Tofiq Heydərov, “AAAF İnşaat MMC”nin baş direktoru Ruslan Xanverdiyev federasiyanın vitse-prezidentləri, “Zirvə” beynəlxalq idman klublarının direktoru Rizvan Rəsulov növbəti 4 il müddətinə baş katib vəzifəsini icra edəcəklər.

0