[b]“İlk “onluq”da Azərbaycan idmançılarını görürük”[/b]
06.01.2017 - 14:10
[b]“İlk “onluq”da Azərbaycan idmançılarını görürük”[/b]

“Azərbaycan Rio Olimpiadasında çox gözəl çıxış etdi. 6 cüdoçunun hər birinin çıxışı əla alındı”. Bunu apasport.az saytına Rusiya Cüdo Federasiyasının Şimal-Qərb bölgəsi üzrə rəhbəri Elman Qurbanov deyib.

 

Təcrübəli mütəxəssis Azərbaycanda cüdonun bu günündən danışıb.

 

Millimizin Rio-2016-da 2 gümüş medal qazanmasını böyük uğur adlandıran Qurbanov bildirib ki, hazırda bu növdə intibah dövrü yaşandığından nəticələrin ardı gələcək: “Podolskda təlim-məşq toplanışındaydıq. 2009-cu ildə futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya Azərbaycanla oynayırdı. 0:2 hesabı ilə uduzduq. Orda ruslar bunu xüsusi dedilər, bir qədər də zarafatlaşdıq. Mən də bildirdim ki, futbolu idman deyil, şou sayıram. Ardınca vurğuladım ki, SSRİ dağıldıqdan sonra bu gün Azərbaycanda Nazim Hüseynovla Elnur Məmmədli kimi 2 Olimpiya çempionu var, amma sizdə yoxdu. Düzdü, onlar ardınca London Olimpiadasında pis güləşmədilər. 3 qızıl medal qazandılar. Mən bu gün Azərbaycan birinciliklərinin protokollarına baxıram, bir çəki dərəcəsində 40-50 gənc güləşir. Rəqabət olan yerdə də güclü idmançı da yetişəcək. Hər biri də irəli getmək, vətənini tanıtmaq istəyir. Dünya reytinqində çəkilər üzrə də baxanda da ilk “onluq”da Azərbaycan idmançılarını görürük”.

 

Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün təşkil etdiyi seminarla əlaqədar hazırda Azərbaycan paytaxtında səfərdə olan mütəxəssis yığıncağın açılışında eşitdiyi statistikaya görə sevindiyini də qeyd edib: “Azərbaycan təxminən 10 milyon əhaliyə malikdi. Amma Rusiyada 140 milyon əhali yaşayır. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev də bildirdi ki, bu gün 10 min uşaq bu idman növü ilə məşğul olur. Bu, çox sevindiricidi. Rusiyada isə bu rəqəm ən çox bəlkə də 20 min nəfər təşkil edər”.

 

Azərbaycan tərəfdən təklif almadığını deyən mütəxəssis bildirib ki, işini Rusiyada davam etdirməyin tərəfdarıdı: “İşimi qurmuşam, buna orda da davam etdirmək istəyirəm. Fikrimcə, Rusiyada ola-ola öz millətimə daha çox xeyrim dəyər”.

 

Əslən Gəncədən olan Qurbanov Azərbaycandan necə ayrılmasını da xatırlayıb. O bildirib ki, 1988-ci ildə məktəbi qurtardıqdan sonra təhsilini davam etdirmək üçün Ukraynaya yollanıb: “1 il sonra hərbi xidmətə yollandım. Əsgərliyimi MOİK-də keçdim. Sonra yenidən Ukraynaya qayıtdım. İnstitutu bitirdikdən sonra elə alındı ki, bu işlə məşğul oldum. Rusiyanın Çerepovets gəldim. Burada cüdo anlayışı belə yox idi. 1997-ci ildə hər şeyə sıfırdan başladım. 400 min əhalisi olan şəhərdə bu gün öz məktəbim var”.

 

Sabiq SSRİ-də idman ustası adına da yiyələnmiş mütəxəssis Azərbaycanın tanınmış simalarından Mövlud Mirəliyev, Fərhad Məmmədovla birgə məşq edib. O, sambo üzrə Azərbaycan çempionatının mükafatçısı da olub. 2014-dən hakimlikdə A kateqoriyasına yiyələnən həmyerlimiz Rusiya Cüdo Federasiyasında işə başlamasını əməyinin bəhrəsi hesab edir: “Yaşadığım Çerepovets şəhərində müxtəlif yarışlar və spartakiadalar keçirməklə federasiyanın diqqətini cəlb etdim. Bundan sonra da federasiyadan işbirliyi təklifi gəldi. Bu gün cüdoda Şimal-qərb bölgəsi üzrə hər şeyə cavabdehliyi mən daşıyıram. Regionumuzdan müxtəlif yaş qrupları üzrə yığmaların heyətinə düşən qızlar və oğlanlar var. Demirəm ki, aparıcı regionuq. Amma artıq inkişafa nail olmuşuq”.

 

Qurbanov 20 illik karyerası ərzində 2016-cı ili uğurlu hesab edib. O vurğulayıb ki, artıq tarixin yaddaşına köçən ildə bir sıra lazımı nəticələr qazanıblar: “15 yaşadək yeniyetmələrdən ibarət komandam Rusiya birinciliyini qalibi oldu. Olimpiya məktəbləri arasında 3-cü yeri tutduq və bunun nəticəsi kimi məktəbimizin adına “Olimpiya ehtiyatları” adı da əlavə edildi. 1 milyon rubl qrant udduq, ona da lazımı ləvazimatları aldıq. Fikrim var ki, şəhərdə Şimal-Qərb bölgəsi üzrə bir mərkəz də tikək. Dövlət səviyyəsində, həmçinin biznesmenlərdən kömək var”.

 

Qeyd edək ki, mütəxəssis öz yetirmələrindən Kseniya Tuquşini artıq Azərbaycan millisinə təklif edib. 

0