[b]“Telekom” ilk iddiasında[/b]
06.01.2017 - 18:34
[b]“Telekom” ilk iddiasında[/b]

Yanvarın 10-da qadın voleybolçular arasında Çempionlar Liqasında II turun matçlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilin ilk ev matçı Bakının “Telekom” klubu üçün tarixi əhəmiyyət kəsb edə bilər.

 

Belə ki, Çempionlar Liqasında ikinci mövsümün keçirəcək Zoran Qayiçin yetirmələri hələ doğma azarkeşləri önündə qalib gəlməyib. Bu üzdən yanvarın 10-da Polşanın “Ximik” klubu ilə keçiriləcək görüş “Telekom”un tarixinə düşə bilər.

 

Avrokubokda yeganə qələbəsini Polşa “İmpel”i üzərində qazanan Super Liqanın vitse-çempionu həmin vaxt uğura rəqib meydanında imza atmışdı. Bakılıların doğma divarlar arasında keçirdiyi oyunlara gəlincə, 3 qarşılaşmada cəmi 1 xala yiyələnən voleybolçularımız azarkeşlərinə qələbə bəxş etməyə iddialıdı. Qayiçin komandası “İmpel” (0:3), “Dresdner” (2:3) və “Fənərbaxça” (0:3) ilə “Sərhədçi” Olimpiya Mərkəzində təşkil olunan görüşlərdə bacarmadığını bu dəfə reallaşdırmağa çalışacaq. Artıq oyunun hazırlıqlarını yekunlaşdırmaq üzrə olan komandamız görüşə də yüksək əhval-ruhiyyədə çıxacaq. Çünki “Telekom” Super Liqaya əla start verib və bunu Çempion Liqasında da davam etdirmək niyyətindədi.

 

Eyni sözləri Polşa çempionu haqda da demək mümkündü. Onlar da daxili yarışın ilk 14 matçında məğlubiyyət nə olduğunu bilmirlər. Amma rəqib də avrokuboklara uğursuz başlayıb. “Telekom” İtaliyada “Konegliano”ya uduzubsa, polşalılar A seriyasının digər təmsilçisi “Modena” önündə aciz qalıblar – 1:3. İlk oyunda bir xal belə qazana bilməyən rəqiblər növbəti mərhələ şansını çətinə salmamaq üçün Bakıda hər top uğrunda mübarizə aparacaqlar. Çünki ardıcıl ikinci dəfə meydanı xalsız tərk etmək hər 2 komanda üçün acınacaqlı sonluğa səbəb ola bilər. Bu durumla üzləşməmək üçün rəqiblər ölüm-dirim savaşına çıxacaq. Daxilə yarışlarda yaranan qısa fasilə isə komandamızın işinə də yaraya bilər. Voleybolçularımızın yorğunluğu üzərilərindən atıb, Orlenliqanın qalibinə qarşı daha inamla mübarizə aparacağı gözlənilir.

 

Qeyd edək ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzindəki saat 17:00-da başlayacaq matçın 1-ci hakimi Lixtenşteyn təmsilçisi Filip Şurmann olacaq. Ona rumıniyalı Pol Katalin Sabo-Aleksi kömək edəcək.

0