[b]“Fuad Musayev 35, mən isə 32 "şirvan" maaş alırdım” - LAYİHƏ[/b]
11.01.2017 - 11:35
[b]“Fuad Musayev 35, mən isə 32 "şirvan" maaş alırdım” - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusuna yekun vurur. Layihənin on ikinci, yəni sonuncu yazısı Azərbaycan futbol tarixində müstəqillik illərinin başlamasına, bu idman növünə rəhbərlik edən AFFA-nın yaradılıb formalaşmasına həsr olunur.

 

1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycanda digər ölkələrdə olduğu kimi, futbola nəzarət edən rəsmi qurumun yaradılması labüd idi. AFFA adlandırılan bu qurumun əsası 1992-ci ildə qoyuldu. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının FİFA və UEFA-nın üzvlüyünə qəbul olunması isə bir qədər zaman aldı.

 

AFFA-nın yeni yarandığı dövr, formalaşma mərhələsi, eləcə də qarşıya çıxan çətinliklər və görülən işlər barədə qurumun sabiq baş katibi Çingiz İsmayılov danışacaq.

 

"Məsləhətləşib, məktub hazırlamaq lazım idi"

AFFA yaradılanda İsmayılov "Neftçi" komandasının rəisi vəzifəsində çalışırmış. Assosiasiyanın əsasının qoyulduğu ilk ildə onun tərkibində olmasa da, Çingiz İsmayılov həmin dövrü yaxşı xatırlayır: "1987-ci ilin yanvar ayından "Neftçi"nin rəisi vəzifəsini icra edirdim. Şübhəsiz ki, AFFA-nın əsası qoyulanda Azərbaycanın bütün klublarının nümayəndələrinin iştirakı ilə iclas keçirildi və 1992-ci ilin mayında AFFA yaradıldı. Baltikyanı respublikalar, eləcə də Gürcüstan, Ermənistan, Ukrayna bizdən 1 il qabaq SSRİ Futbol Federasiyasının tərkibindən çıxmışdılar. Biz isə 1992-ci ildə SSRİ Futbol Federasiyasının tərkibindən çıxdıq və müstəqil federasiyamız yaradıldı. Assosiasiya yaradılandan sonra UEFA və FİFA-ya göndərmək üçün məktub hazırlamaq, bunun üçün isə həmin qurumlara getmək, məsləhətləşmək, hansı sənədlər lazım olduğunu öyrənmək lazım idi. Bunu da həyata keçirdilər".

 

"1994-cü ildə AFFA rəsmən FİFA-nın tamhüquqlu üzvü oldu"

AFFA-nın ilk prezident seçkisində İsmayılov da iştirak edib: “Assosiasiyanın birinci prezidenti Fuad Musayev seçildi, Tofiq Bəhramov isə ilk baş katib təyin edildi. Prezident seçkilərində mən özüm də iştirak etmişdim. İclasda ilk növbədə, Azərbaycan çempionatının keçirilməsi haqda plan hazırladıq. İki yarımqrupa bölünməklə 26 komandanın iştirakı ilə çempionat təşkil olundu. 1992-ci ilin yekunlarını, komandaların sayını, adlarını FİFA-ya göndərdik. Bundan başqa, öz milli komandamız haqda fikirləşməli idik. "Neftçi"də vaxtilə çıxış etmiş futbolçuların bəziləri SSRİ-nin digər şəhərlərində futbol oynayırdılar. Onları da dəvət etdik və Gürcaani şəhərində Gürcüstanın seçmə komandası ilə oyun keçirdik. Bununla da, milli komanda yaradıldı. Çempionatımız da keçirilirdi. Nəticədə bizi UEFA-ya müvəqqəti olaraq, üzv qəbul etdilər. 1994-cü ildə isə AFFA rəsmən UEFA və FİFA-nın tamhüquqlu üzvü oldu. Həmin vaxt ABŞ-da dünya çempionatı keçirilirdi. Orda baş tutmuş FİFA-nın Konqresində AFFA üzv kimi təsdiq edildi".

 

...Fuad Musayev səninlə görüşmək istəyir”

Elə həmin il Çingiz İsmayılova AFFA-nın baş katibi vəzifəsində çalışmaq təklif olunub: “1994-cü ildə “Neftçi” komandasının rəisi işləyəndə mənə zəng gəldi. AFFA-dan Rauf Adıgözəlov idi. Dedi ki, Fuad Musayev səninlə görüşmək istəyir. Görüşdük, mənə baş katib vəzifəsini təklif etdi. Fikirləşmək üçün 1-2 günlük vaxt istədim və razılığımı verdim. Beləliklə, baş katib vəzifəsinin icrasına başladım. 9 il AFFA-da çalışdım”.

 

Əksər bölgələrin təmsilçiləri çempionatda iştirak edirdilər”

Sabiq baş katib ilk vaxtlar çətinliklərlə üzləşdiklərini deyib: “Bütün sahələrdə ilk vaxtlar çətinliklər olur. Biz çalışırdıq ki, klubların sayı çox olsun. Buna görə də, çempionatda 26 komanda çıxış edirdi. Hətta Bakıdan 100-105 km aralıda yerləşən Navahinin də öz komandası var idi. Əksər bölgələrin təmsilçiləri çempionatda iştirak edirdilər. Səhv etmirəmsə, hazırda Premyer Liqada çıxış edən komandalardan yalnız "Neftçi" və "Qarabağ" Azərbaycanın bütün çempionatlarında mübarizə aparıblar”.

 

“Rəşad Sadıqov da həmin komandanın yetirməsidi”

AFFA-ya məxsus olan “Şəfa” klubunun yaradılmasından da danışan İsmayılov həmin vaxt azyaşlı futbolçuların müxtəlif turnirlərə göndərilməsindən bəhs edib: “Sonra "Şəfa" komandası yaradıldı, demək olar ki, Azərbaycanın milli komandası idi. Regionlardan, həmçinin klublardan ən yaxşı gənc futbolçuları "Şəfa"ya dəvət etdik. O vaxt 16-18 yaşlılar arasında UEFA və FİFA yarışları keçirilirdi. Həmçinin, 12-14 yaşlı uşaqları yay aylarında Avropanın müxtəlif şəhərlərində keçirilən turnirlərə göndərirdik. 1994-1996-cı illərdə bizim 12 yaşından tutmuş 16 yaşına qədər futbolçularımız İspaniya, İngiltərə, Danimarka, Avstriyada təşkil olunmuş yarışlarda iştirak etdilər və heç də pis təsir bağışlamadılar. Danimarkada keçirilən yarışda 16 yaşlı futbolçularımız finala qədər irəlilədilər. Hazırda "Qarabağ"ın və millinin kapitanı olan Rəşad Sadıqov da həmin komandanın yetirməsidi. Bu gün Azərbaycan çempionatında çıxış edən klubların əksəriyyətində "Şəfa"nın futbolçuları oynayır, bəziləri isə məşqçi kimi fəaliyyət göstərirlər”.

 

“Mübahisələrimiz olurdu, bir-birimizdən inciyirdik də”

AFFA-nın ilk prezidenti Fuad Musayevi “diktator” adlandıranlar az deyil. Sərt insan olduğu, nizam-intizama daha çox fikir verdiyi üçün onunla birgə işləmək heç də asan olmayıb. Bu məsələyə də toxunan Çingiz İsmayılovun fikri maraq doğurmaya bilməz: “Mənim diktator sözündən xoşum gəlmir. Fuad Musayevi uşaqlıqdan tanıyıram. Biz, demək olar ki, bir məhlədə böyümüşük. Gənc yaşlarında futbol və voleybol da oynayıb. Evtikmə Kombinatında "prorablıq"dan başlayıb, zavodun baş mühəndisi vəzifəsinə qədər yüksəlmişdi. Bundan əlavə, SSRİ vaxtı Nazirlər Sovetinin sədr müavini, Bakı şəhər Partiya Komitəsinin I katibi vəzifələrində çalışıb. Fuad Musayevlə birlikdə işləyəndə arada incikliyimiz olurdu. Çox tələbkar idi və istəyirdi ki, hər şey normal olsun. Bu, çox yaxşı xüsusiyyətdi. Tələbkarlıq olmadığı yerdə heç nə əldə etmək olmaz. Ölünü özbaşına qoysan, şıllaq atıb, kəfəni yırtar. Mübahisələrimiz də olurdu, bir-birimizdən inciyirdik də. Amma sonra barışırdıq. Bunu hamı təsdiqləyər ki, Fuad müəllim çox tələbkar idi. Bəzən kobudluğa da keçirdi. Amma sonra yadından çıxırdı və özü gəlib deyirdi ki, işdi də, işləyirik ki, yaxşı olsun”.

 

“O vəziyyətdə serbləri məğlub etməyi bacardıq”

Azərbaycan yığması barədə də danışan Çingiz İsmayılov İsveçrə üzərindəki qələbəni (1:0), eləcə də, Serbiya və Monteneqro ilə matçlardakı tarixi nəticələri (2:2, 2:1) yada salıb: “Fuad Musayev tələbkar olmasaydı, o cür yığma komandanı yaratmaq olmazdı. Nazim Süleymanovun İsveçrəyə qalib gəldiyimiz matçda necə oyun keçirdiyini görmüsüz. İndi heç Avropada o cür futbolçu yoxdu. Yığmamız yeni yaranmasına baxmayaraq, pis çıxış etmirdi. 2003-cü ildə Serbiya və Monteneqro ilə səfərdə heç-heçə etdik, Bakıda isə onlara qalib gəldik. O vəziyyətdə biz serbləri məğlub etməyi bacardıq".

 

“FİFA tələb etdi, üzvlükdən çıxarıla bilərdik”

Sabiq baş katib Azərbaycan çempionatının keçirilmədiyi dönəm və sonrakı dövrdən də bəhs edib: “Azərbaycanda çempionat dayananda FİFA və UEFA tərəfindən bizə heç bir təzyiq olmadı. Sadəcə FİFA tələb etdi ki; ya yerli komandalar çempionatda çıxış etməliydilər, ya da üzvlükdən çıxarılmalıydıq. Səhv etmirəmsə, 1999-cu ildə FİFA-dan gəlmişdilər. Hüquq Departamentinin rəhbəri Molye fransız idi, o gəldi, hökumət başçıları ilə görüşdü. Dedi ki, şərait yaratmaq lazımdı. Onlar getdilər, islahatlar edildi. Qərara alındı ki, prezident və baş katib qalır, İcraiyyə Komitəsi yenidən yığılır. Elə də oldu, təzədən İcraiyyə Komitəsi yığıldı və 4 il - 1999-cu ildən 2003-cü ilə qədər fəaliyyətimizi davam etdirdik. Ümumiyyətlə, indinin özündə də FİFA və UEFA-dan təzyiqlər olmur. Onlar sivilizasiyalaşmış qurumlardı. Sadəcə, Azərbaycan çempionatı keçirilmirsə, hansı hüquqla dünya və Avropa çempionatının seçmə mərhələsində iştirak edə bilərdik? Çempionat keçirilmirdisə, deməli, avtomatik olaraq, milli komanda dünya və Avropa çempionatında oynamamalı idi. 2003-cü ildə Konqresdən sonra isə yeni seçkilər oldu. Onu da deyim ki, baş katibin vəzifəsi bilavasitə Azərbaycan çempionatının oyunları ilə bağlı olmalıdı. Bizdə Maliyyə Departamentinin direktoru Oktay Zeynalov idi, mən isə baş katib idim. O, departamentdə maliyyə məsələlərinə baxırdı, öncə mən, son olaraq isə AFFA prezidenti təsdiq edirdi. Biz belə işləyirdik”.

 

“40 min azarkeş ayağa qalxdı, gözlərim yaşarmışdı”

Azərbaycanda futbol olmadığı vaxt AFFA rəsmiləri digər ölkələrlə danışıqlara başlayıblar: “Çempionatımız dayananda Ukrayna və Rusiya ilə danışdıq, bizimkilər ora getdilər. Vəli Qasımov İspaniyada, 6-7 futbolçumuz Ukraynanın müxtəlif komandalarında, 2 oyunçumuz isə İsraildə çıxış edirdi. Hətta İslandiyada oynayan futbolçumuz da var idi. Vyaçeslav Lıçkini bəziləri gəlmə sayır, halbuki o, təmiz bakılı idi. Bizim mentalitet belədi ki, o vaxt idmançıları, futbolçuları ciddi saymırdılar. İndi hamı futbola, idmana meyilli olub. Başa düşülüb ki, idman dövlətin atributlarından biridi. Biz ilk beynəlxalq, rəsmi oyunumuzu səfərdə Rumıniya ilə keçirdik. İlk olaraq, Azərbaycanın himni səsləndirildi. Himnimiz səslənəndə 40 min azarkeş ayağa qalxdı, gözlərim yaşarmışdı. Adam fəxr edirdi ki, dövlətimin himni səslənir”.

 

“Gedəndə maşın, hesablarında pul qoyub getdik”

“İndiki maddi imkan o vaxt olsaydı, AFFA nə kimi işlər görə, milli komanda hansı nəticələrə imza atardı” sualına İsmayılov bu cür cavab verib: “Millinin futbolçusu oyuna çıxanda pul haqda düşünürsə, mən onu futbolçu saymıram. O vaxt bütün sahələrdə maaş az idi. Şəxsən mən 32, Fuad müəllim isə 35 "şirvan" maaş alırdı. Cəmi 29 işçimiz var idi. Maşınımız belə, yox idi. Amma gedəndə əla maşın, onların hesabında pul qoyub getdik. Komandalar hardan pul qazanmalıdılar? Birinci növbədə, azarkeşlərdən. Azərbaycanda stadiona adam getmir. Komandalar yayım hüququna görə televiziyalarla imzalanmış müqavilədən də gəlir əldə etməlidilər. "Barselona" klubu ildə ev oyunlarına görə yayımdan 130 milyon avro pul qazanır. FİFA 4 ildən bir yeni yaranmış komandalara pul ayırırdı. Eyni zamanda, UEFA-nın proyektləri var idi, onlar isə 1 milyon İsveçrə frankı verirdilər. İdman cəmiyyətlərinin əksəriyyətinin qurumları İsveçrədə yerləşir, buna görə də, İsveçrə frankından istifadə edirdilər. Biz pulları qənaətlə işlədirdik. Elə vaxt olurdu ki, futbolçularımız oynamağa gedəndə 300-500 dollar alırdılar. Həm onlara, həm məşqçilərə 100-150 dollar cib xərci də verilirdi”.

 

Stadionlara baxırsan, 100-200 nəfər var, tribunalar boşdu”

Çingiz İsmayılov son olaraq, futbolumuzun hazırkı problemlərinə toxunub: “Əvvəllər stadionlara 20-30 min adam toplaşırdı. Futbolu sevmək, stadiona getmək lazımdı. Futbolumuzun təbliğatı güclü olmalıdı. Stadionlara baxırsan, 100-200 nəfər var, tribunalar boşdu. Futbolu gərək milyonlarla insan oynasın ki, onların arasından 50-60 nəfər normal futbolçu çıxsın. Hər oxuyandan Molla Pənah olmur ki... Futbolumuzda kütləvilik yoxdu. Əvvəllər Azərbaycanın bütün rayonlarında, hətta kəndlərdə futbol oynayırdılar. Amma indi futbol mərkəzlərində belə, komandalar yoxdu”.

 

Tengiz MƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

0