[b]Yığmamızın futbolçusu Türkiyə millisində?[/b]
11.01.2017 - 16:14
[b]Yığmamızın futbolçusu Türkiyə millisində?[/b]

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının debütantı Ozancan Kökcü Türkiyə millisinə çağırıla bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

Bildirilir ki, “Feyenoord” klubunun U-19 komandasında çıxış edən yarımmüdafiəçi həm “ay-ulduzlular”ın baş məşqçisi Fatih Terimin, həm də onun millimizdəki həmkarı Robert Prosineçkinin maraq dairəsindədi.

 

Terim bu günlərdə yerli mətbuata açıqlamasında Hollandiyada bir neçə gənc oyunçunu izlədiklərini bildirib. Təcrübəli mütəxəssis ad çəkməsə də, onun siyahısında adı olan futbolçular arasında Ozancanın və onun 16 yaşlı kiçik qardaşı Orkun Kökcünün də olduğu ortaya çıxıb.

 

Diqqət çəkən digər məqam Kökcü qardaşları üçün Hollandiya Futbol Federasiyasının da hərəkətə gəlməsidi. Belə ki, federasiya onları izləmək üçün nümayəndə ayırıb.

 

Millimizin baş məşqçisi Robert Prosineçkinin 18 yaşlı Ozancanı indidən izləmək qərarına gəlməsi başadüşüləndi. Yanvarın 13-də Antalyaya yollanacaq xorvatiyalı mütəxəssis ertəsi gün U-21 yığmamızın Qazaxıstan klubu “Okjetpes”lə yoxlama görüşünü izləyəcək. Prosineçkinin onu əldən buraxmamaq üçün ən qısa müddətdə əsas milliyə dəvət etməyi planlaşdırdığı bildirilir.

 

Qeyd edək ki, universallığı ilə seçilən Ozancan Kökcü yarımmüdafiənin hər yerində oynamağı bacarır.

0