[b]AFFA-dan asılı klublar: Elitada kim oynayacaq?[/b]
12.01.2017 - 00:01
[b]AFFA-dan asılı klublar: Elitada kim oynayacaq?[/b]

Mövsümün ilk yarısının geridə qalmasına baxmayaraq, gələn mövsüm Topaz Premyer Liqasında iştirak edəcək klubların sayı qeyri-müəyyən olaraq qalır. Apasport.az saytının məlumatına görə, komanda sayı sponsorun verəcəyi qərardan asılıdı.

 

Yeni yaranan və cari mövsümü I divizionda keçirən “Səbail” klubunun elitaya gələcəyi heç kimdə şübhə doğurmur. Bu baxımdan önündə yaşıl işıq olan “Səbail” indidən Topaz Premyer Liqası ilə bağlı planlarını qurmağa başlayıb. Həyata keçirilən transferlər də məhz buna hesablanıb.

 

AFFA gələn mövsüm elitadakı komandaların sayını 10-a yüksəltmək arzusundadı. Əsasnaməyə görə, Topaz Premyer Liqasının sonuncusu I diviziona yuvarlanmalı, ordan isə 3 komanda elitaya gəlməlidi. Ancaq çox güman ki, bu variant baş tutmayacaq. Hazırkı durumda gələn mövsümün də 8 komandanın iştirakı ilə keçirilməsi istisna deyil.

 

Doğrudu, “Şəmkir” və “Zaqatala” elitaya can atan komandalardı. Xüsusən də, birincilər yeni transferlərlə bunu açıq şəkildə göstərirlər. Ancaq yüksək liqanın tələbləri fərqlidi və bu klublardan da ən yaxşı halda biri güclülərin sırasına qoşula biləcək.

 

İki variantdan biri AFFA-nın seçim edərək, “Şəmkir” və ya “Zaqatala”nı öhdəliyinə götürməsidi. Belə olarsa, həmin klubla “Səbail” elitaya gələcək və yüksək liqadan heç kim “aşağı düşməyəcək”. Bu halda da çempionatda 10 komanda olacaq.

 

Digər ehtimal isə federasiyanın heç kimə sponsorluq etməməsidi. Bu təqdirdə, böyük ehtimalla yalnız “Səbail” yüksək liqaya buraxılacaq, elitanın sonuncusu da I diviziona göndərilməklə, gələn mövsüm 8 komandanın iştirakı ilə keçiriləcək.

 

Göründüyü kimi, I divizion təmsilçiləri heyətlərini gücləndirmələrinə baxmayaraq, AFFA-nın sponsorluq məsələsi ilə bağlı verəcəyi son qərarı gözləməli olacaqlar.

 

Qeyd edək ki, AFFA Klublar Komitəsi yüksək liqanın sonuncusu ilə I diviziondan gələcək III komanda arasında pley-off oyunlarının keçirilməsini təklif edib. Ancaq indiki məqamda bunun baş tutması qeyri-mümkündü.

 

0