[b]“Neftçi”dən pulumu tələb edəcəm” - Bəxtiyar Musayev[/b]
12.01.2017 - 12:37
[b]“Neftçi”dən pulumu tələb edəcəm” - Bəxtiyar Musayev[/b]

“Zaqatala” klubunun idman direktoru vəzifəsinə təyin edilən “Neftçi”nin sabiq seleksiyaçı-məşqçisi Bəxtiyar Musayevin apasport.az saytına müsahibəsi

 

- “Zaqatala”da çalışmaq təklifini nə vaxt və kim tərəfindən aldınız?

- Təklifi Musa Qurbanovdan (klubun prezidenti) aldım. Musa müəllim çağırdı, klubun planlarından danışdı. Təklifə görə ona təşəkkür edirəm. Mənim üçün xoş oldu. Görüşdük, danışdıq və “Zaqatala” klubunda çalışmağa razılıq verdim.

 

- Klubun gələcəklə bağlı planları nədən ibarətdi?

- Qarşıya konkret hədəf kimi Premyer Liqaya yüksəlmək tapşırığı qoyulub. Zaqatalada neçə illərdi futbol olub və orda böyük futbolçular yetişib. Məqsədimiz komandanı Premyer Liqaya çıxarmaq, elitada özünəməxsus yer tutmaq və yeni gənclər yetişdirib, Azərbaycan futboluna verməkdi.

 

- Futbolçu karyeranız ərzində bir neçə bölgə klubunda çıxış etmisiz. Deməli, paytaxtdan kənarda çalışmaq sizin üçün problem olmayacaq...

- Elədi. Mənim üçün bölgə klubunda çalışmaq problem deyil. Bu, bizim işimizdi.

 

- “Neftçi”dən ayrılandan bəri işsiz idiz. Bu müddətdə maddi cəhətdən çətinliklərlə üzləşdizmi?

- Keçən ilin mart ayında özüm ərizə yazıb, “Neftçi”dən çıxdım. Əlbəttə ki, işsiz qaldığım müddətdə maddi çətinliklə üzləşdim. “Neftçi”dən alacaqlarım var, müraciət etmişəm. O vaxtdan alacağım qalıb. Pulun bir hissəsini ay ərzində həmişə maaş kimi alırdım, digər hissəsi isə qalıb. Hələ də mənə çatacaq pulu tam olaraq almamışam. Bir sıra nüanslar var idi. “Neftçi” Antalya toplanışından qayıdandan sonra bu məsələyə qayıdacağıq. Nə qədər almalıyamsa, “Neftçi”dən tələb edəcəm. İnşallah, xoş sonluqla bitər. Təbii ki, neçə ay işləməyəndə çox çətin olur. Biz futbol adamıyıq, başqa sahəyə yiyələnməmişik.

 

- “Neftçi”dən ayrılmağınıza hazırda klubda olmayan Elnur Məmmədovla aranızdakı narazılıq səbəb olmuşdu. Elə deyilmi?

- Bəli. Onunla fikirlərimiz üst-üstə düşmürdü. Buna görə də, aramızda fikir ayrılığı yaranırdı. Xoş olmayan yerdə də qalmağı münasib bilmədim.

 

- “Neftçi”də seleksiyaçı-məşqçi vəzifəsini icra etdiyinizi nəzərə alsaq, Elnur Məmmədov futbolçu seçiminizə qarışırdı, ya narazılığın səbəbi başqa amillər idi?

- Əvvəlki illərdə də “Neftçi”də adım seleksiyaçı-məşqçi kimi gedirdi. Amma Sadıq Sadıqovun dövründə məşq proseslərində də iştirak edirdim, məşqçilər korpusunda təmsil olunurdum, müzakirələrə qatılırdım. Əlimizdən gələni etmişik ki, “Neftçi” daha da irəli getsin. Şükürlər olsun, zəhmətimizin bəhrəsini də görmüşük. Komandanın həmin vaxt qazandığı nəticələri hamı bilir. Elnur Məmmədovun vaxtında da seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərirdim. Amma laqeyd münasibət gördüm. Tam fikir ayrılığı var idi. Onun fikirləri ilə mənim fikirlərim ayrı idi, üst-üstə düşmürdü. Buna görə də hərdən bir az əsəbiləşirdim. Düşünürdüm ki, vəziyyət düzələr. Amma vəziyyətin düzəlmədiyini görüb, ərizə yazaraq, komandadan çıxdım. Hər dəfə gəlirsən, adam bir az hirslənir, üz gülmür. Buna görə də, “Neftçi”dən ayrılmağa qərar verdim.

 

- Bəxtiyar Musayevə nə vaxtsa “Neftçi”dən təklif gəlsə, hansı cavabı verər?

- “Neftçi”də demək olar ki, 17 ilim keçib. 10 ildən artıq futbolçu kimi orda oynamışam, 5 ildən artıq isə məşqçi kimi çalışmışam. Bu yerə gəlməyimdə “Neftçi”nin böyük əməyi var. Gələcəkdə necə olacaq, Allah bilir. Mən “Neftçi”yə Elnur Məmmədova görə gəlməmişdim ki... İşlədiyim yerlərdə əsas ona fikir vermişəm ki, kollektiv yaxşı olsun. Musa müəllim məni dəvət edəndə də bunu əsas götürdüm. Onu çoxdan tanıyıram, danışdıqdan sonra “Zaqatala”da çalışmaq təklifini qəbul etdim.

 

0