[b]Sezar Meza Kolli: Bu sualı klub rəhbərliyinə verin – MÜSAHİBƏ[/b]
13.01.2017 - 00:00
[b]Sezar Meza Kolli: Bu sualı klub rəhbərliyinə verin – MÜSAHİBƏ[/b]

“Zirə”nin futbolçusu Sezar Meza Kollinin apasport.az saytına müsahibəsi.

 

- “Zirə”nin qış fasiləsinə qədər əldə etdiyi nəticələri məqbul hesab etmək olarmı?

- Komandamız bu günə qədər yaxşı oyunlar keçirib. Sadəcə, hücumlarımızı qolla tamamlamaqda çətinlik çəkirik. Bu, əsas problemimizdi. Əgər 10 ballıq şkala ilə ölçsək, çıxışımıza 7 verərdim. Təbii ki, qış fasiləsindən maksimum istifadə etməli və çatışmayan, problemli hesab etdiyimiz cəhətləri aradan qaldırmalıyıq.

 

- Komandanın liderlər qrupundan bu qədər geri qalmasının səbəbini nədə görürsünüz?

- “Zirə” istər heyətinə, istər heyət üzvlərinin insani və futbolçu keyfiyyətlərinə görə, üst sıralarda qərarlaşmağa layidi. Komandamızda birlik var və bu birliyin bizə mövsümün sonunda avrokuboklara vəsiqə qazandıracağını düşünürəm.

 

- Ötən il debütant olmasına baxmayaraq “Zirə” mövsüm ərzində liderlər qrupundan ayrılmadı və finişə ikinci yerdə çatdı. Hazırkı məqamda ötənilki nəticənizi təkrarlayacağınız real görünürmü?

- Çempionatın hələ yarısı oynanılıb. Deməli, riyazı baxımdan bu mümkündür. Əgər imkanımız varsa, bunu niyə də etməyək?!

 

- 14 oyunda komandanız 11 qol vurub. Bu nə dərəcədə məqbul göstəricidi?

- Biz ancaq qələbə qazanmaq haqda düşünürük. Bunun üçün də çoxlu qollar vurmaq lazımdı. Açığı, çoxsaylı qol vəziyyəti yaratdığımızı deyə bilmərəm. Amma qış fasiləsindən sonra bunun yaxşılığa doğru dəyişəcəyinə inanıram.

 

- Hücum xəttində yer alsanız da, cari çempionatda cəmi 1 qol vurmusunuz ki, o da penaltidən. Bu zəif göstəriciniz baş məşqçinin fərqli tapşırıq verməsindən, yoxsa adaptasiya ola bilməməyinizdən irəli gəlir?

- Adaptasiya ilə bağlı heç bir problemim yoxdu. Artıq üçüncü ildir ki, karyeramı Azərbaycan klublarında davam etdirirəm. Hücum xəttində çıxış edən bütün futbolçular, eləcə də mən qol vurmaq haqda düşünürük. Qələbə qazanmaq üçün bunu etməliyik. Eyni zamanda, meydanda olarkən, bacardığım qədər komanda yoldaşlarıma daha yaxşı çıxış etmələri üçün kömək edirəm. Təbii ki, qol vurmağa, qazanılacaq hər bir qələbədə pay sahibi olmağa çalışıram.

 

- Baş məşqçi dəyişikliyi sadaladığınız problemlərə aradan qaldıra biləcək?

- Ayxan Abbasov yeni deyil, əvvəldən də klubda çalışırdı. Hazırkı məqamda komandanı yaxşı tanıyır. Bu da özlüyündə ona kömək edəcək. Müəyyən təcrübəyə malikdi. AZAL-la oyuna qədər komandanın yaxşı vəziyyətdə olması üçün hamımız gərgin məşqlər keçirik.

 

- Qardaşınız Derlis hazırda hansı klubda çıxış edir və təmsilçilərimizdən təklif almayıb?

- O, hal-hazırda Paraqvayın “Serro Portenyo” klubunda çıxış edir. Müqaviləsi davam edir və onun buraya gəlməsi indiki məqamda mümkün deyil.

 

- Qış fasiləsində “Zirə”nin transfer etməməsi sizi narahat etmir?

- Bu sualı klub rəhbərliyinə verin. Onlar daha dəqiq deyə bilərlər. Hələ ki, yalnız Sadiq Quliyev geri dönüb. Onun komandamıza kömək edəcəyinə ümid edirəm.

0